Türkiyə generaliteti sabiq nazir Əbiyevin bir sıra addımlarından narahat idi
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini 2015” təlimləri başlayıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd "MİQ-29” qırıcı, 3 ədəd "Su-25” hücum və "İl-76” hərbi-nəqliyyat təyyarəsinin iştirakı ilə Konya şəhərində yerləşən aviabazada Türkiyə Hərbi Hava Qüvvələri ilə müştərək təlimlər aprelin 13-dək davam edəcək.
Təlimlər müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Türkiyə Hərbi Hava Qüvvələri ilə müştərək təlimlərini dəyərləndirən politoloqlar isə hesab edir ki, NATO ölkəsi olan Türkiyənin Azərbaycanla ortaq təlimlər keçirməsi alyansın razılığı əsasında həyata keçirilib və bu da Azərbaycan ərazilərinin azad olunması ilə bağlı ümidləri artıran amillərdəndir.
Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra Türkiyə ilə hərbi əməkdaşlığın üst səviyyəyə qalxdığını vurğulayan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, sabiq nazir Türkiyəyə ara-sıra səfərlər etsə də, heç vaxt qardaş ölkə ilə hərtərəfli əməkdaşlıq qurmağa tələsməyib: "Əksinə, Türkiyə generaliteti Əbiyevin bir sıra addımlarından açıq-aşkar narahat idi. Məsələn, Səfər Əbiyev Türkiyə Hərbi Akademiyasını bitirən azərbaycanlı məzunlara nazirlik sistemində müvafiq iş vermirdi, onları ən ucqar yerlərə göndərirdi. Halbuki onların hərbi biliklərindən müdafiə sistemini NATO standartlarına keçirmək üçün istifadə etmək olardı. Və ya Səfər Əbiyev türkiyəli hərbi mütəxəssisləri Azərbaycanın hərbi tədris müəssisələrindən uzaqlaşdırmışdı. Zakir Həsənov fərqli siyasət yürüdür. O, Azərbaycan ordusunu bütün mənalarda NATO standartlarına yaxınlaşdırmaqla, qardaş Türkiyə ilə birgə hərbi təlimlər keçirməklə doğru yol seçib. Aydındır ki, Azərbaycan hərbi yolla torpaqlarını azad etməyə girişsə, kimsə bizim əvəzimizə işğalçılarla savaşmayacaq. Ancaq ordunun NATO standartlarına keçidi və Türkiyə ilə birgə hərbi təlimlər həm müdafiə imkanlarımızın artması, həm də zəruri təcrübənin artması deməkdir”.
Qardaş ölkə ilə hərbi ittifaqın Qarabağda antiterror əməliyyatı keçirilməsi ilə bağlı hansı faydalar verəcəyinə toxunan politoloq deyib ki, Türkiyə ordusu illərdir PKK ilə mübarizə aparmaqla böyük təcrübə qazanıb. Türkiyə ordusunun dağ döyüşlərindəki savaş təcrübəsi Dağlıq Qarabağda bizə lazım olacaq: "Hərbi təyyarələrimizin Türkiyədə təcrübə keçməsi də bizim üçün vacibdir. Ümumiyyətlə, Azərbaycan ordusuna müasir döyüş texnikası ilə yanaşı, həmin döyüş texnikasından yüksək səviyyədə istifadə imkanlarını da yüksəltməsinə ehtiyacı var. Bu mənada Türkiyə ilə artan birgə hərbi təlimlərin dəyəri yüksəkdir. Azərbaycan ordusu bəlli səbəblərdən nə Rusiya, nə ABŞ, nə də ki Avropa ölkələrindən biri ilə hərbi təlimlər keçirmək imkanına malikdir. Onlarla olan hərbi təlimlər simvolik xarakter daşıyır, sadəcə, qapalı otaqlarda xəritələr üzərində keçirilən təlimlərdir. Türkiyə ilə keçirilən birgə hərbi təlimlərdə isə ordunun bütün imkanlarından istifadə olunur. Necə ki, Rusiya ildə bir neçə dəfə Ermənistan ordusu ilə hərbi təlimlər keçirir, Ermənistan ordusunu faktiki Azərbaycana qarşı gücləndirir, eləcə də Azərbaycanın Türkiyənin hərbi imkanlarından geniş şəkildə istifadə etməyə ehtiyacı var”.
Şəymən