Vəzifəyə yeni təyin olunanlar işdən çıxarır, iş görmür
Son illər ölkədə bir sıra nazirliklərə yeni rəhbərlərin təyin olunmasının şahidi oluruq. Heç kimə sirr deyil ki, bu vəzifəyə gətirilənlər fəaliyyətlərinin ilk günlərində ciddi uğurlarla yadda qalmağa çalışırlar. Məsələn, rəhbərlik etdikləri qurum daxilindəki korrupsiya hallarını ortadan qaldırmaq, şəffaf xidmətə və tərəqqiyə nail olmaq məqsədilə konseptual kadr islahatları həyata keçirirlər. Daha yadda qalan islahat olsun deyə, bir sıra yaşlı kadrı gənclərlə əvəzləyirlər.
Hətta zaman-zaman köhnə əməkdaşları cəzalandıraraq vəzifəsindən azad edib, daha ədalətli və səriştəli insanları işə cəlb edirlər. Belə ki, "Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin 10-a yaxın əməkdaşını işdən çıxardıb. Cəmiyyətin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, sədr müavini Aydın Əzizova isə şiddətli töhmət elan edib. Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və səkkiz rayonun aqroservis filiallarının rəhbəri tutduğu vəzifədən azad olunub. İddialara görə, altı rayonun aqroservis filiallarının rəhbərləri barədə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbir görüləcək. Bu arada qeyd edək ki, yaxın günlərdə Sumqayıtda vəzifəli şəxs əhalidən üzr istəyib. Əldə etdiyimiz xəbərə əsasən, fevralın 20-də Sumqayıtda ilin yekunlarına həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən icra başçısı Eldar Əzizov şəhərin ekoloji problemlərindən danışıb. İcra başçısı Şəhər Təmizlik Departamentinin rəisi Ramin Mustafayevdən hesabat istəyib və onu tənbeh edib. R.Mustafayev isə Sumqayıtda olan ekoloji problemlərin həlli üçün 1 ay vaxt istəyib. Şəhər Təmizlik Departamentinin rəisi Rahim Mustafayev problemlərə görə sumqayıtlılardan üzr istəyib və ekoloji tarazlığın yaradılmasına çalışacaqlarına söz verib. Şübhəsiz ki, bu cür nümunələr cəmiyyətdə heç də birmənalı rəy formalaşdıra bilmir. Müəyyən qisim hesab edir ki, göstərilən örnəklər xalqın xidmətçisi olduqlarını unudan bəzi oliqarxlaşmış məmurların yatmış vicdanını oyadacaq. Vəzifəsini itirmək qorxusu onları doğru, dürüst xidmətə sürükləyəcək və xalqa gün ağlamağa başlayacaqlar. Bəziləri isə düşüncələrini bədbinliyə kökləyərək bunu nazir və icra başçılarının "ictimaiyyətin gözünə kül üfürməsi” və "gözdən pərdə asması” kimi dəyərləndirir. Onlar iddia edirlər ki, ayrı-ayrı dövlət orqanları dövri mətbuatda "fəaliyyətimiz dövründə çoxsaylı uğurlu kadr islahatlarına imza atmışıq” başlıqlı yazılarla çıxış etsələr də, ortada konkret nəticə müşahidə olunmur. Fəaliyyətlərində heç bir müsbət irəliləyiş və dönüş gözə çarpmır.
İddiaları dəyərləndirən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, son illər hökumətdə aparılan dəyişikliklər millətimizin mənafeyinə işləyib: "Baxın, əvəzlənən nazirlərdən biri müdafiə naziri Zakir Həsənovdur. Hər kəs şahiddir ki, o, ölkənin Silahlı Qüvvələrinin yenidən formalaşmasında, ordumuzun qüdrətinin yüksəldilməsində, əsgər-zabit münasibətlərində, onların sosial təminatında çox böyük işlər görüb və görməkdədir. Həqiqətən də kabinet naziri deyil. Bütün cəbhədəki hərbi birləşmələrə mütəmadi səfərlər edir”.
H.Əsədovun fəaliyyətinə gəlincə, deputat söyləyib ki, kənd təsərrüfatı sahəsində müxtəlif məsələlərin nəzarətə götürülməsinə ehtiyac duyulurdu: "Dövlətin yürütdüyü aqrar siyasətin buna qədərki dövrdə də dəyərləndirilməsinə ehtiyac yaranmışdı. Aqroservisin işinə, subsidiyaların ünvanına çatdırılması, həmçinin yeni ərazilərin işlənməsi və onun Azərbaycan xalqının ehtiyacları yönündə istifadəsi üçün də mühüm proqramların tərtibatına başlanılmalı idi. Hansısa sahədəki nöqsan, çatışmazlıq bir addımla aradan qalxmır. Aqrar sektorda uğurlu nəticəyə müvəffəq olmaq üçün illərlə iş aparılmalıdır. H.Əsədov kifayət qədər səriştəyə malik olan adamdı. Onun gerçəkləşdiriyi dəyişikliklər də səmərə verəcək. Doğrudur, hər vəzifəyə yeni təyin olunan nazirdən dərhal nəticə tələb edirlər və ya gözləyirlər. Anlamaq lazımdır ki, problemin yoluna qoyulması üçün zaman lazımdır. Əminəm ki, bundan sonrakı dövrdə də yeni nazirin çox faydalı addımlarının şahidi olacağıq. Azərbaycan inkişaf etmiş sənaye ölkəsinə çevriləcək. Belə olan halda isə tənqidi münasibətlər aradan qalxmış olacaq”.
Ayyət Əhməd