Zatən cəbhə xəttində hər gün atəşkəs pozulur

Müharibə anonsu məqsədyönlü şəkildə gündəmə gətirilir
“Müharibə başlasa, tək Azərbaycan-Ermənistan deyil, regional müharibə olacaq. Hətta bunun bir hissəsi Orta Asiyaya da gedib çıxacaq. Rusiya buna tab gətirə bilməz”


Amerika generallarından "Qarabağ müharibəsi başlaya bilər” anonsu verilib. "Turan” informasiya agentliyinin məlumatına görə, Avropada NATO Qüvvələrinin baş komandanı olan general Filipp Bridlav cümə axşamı Vaşinqtonda bildirib ki, Moskva faktiki olaraq Azərbaycana silah sataraq və Ermənistanda hərbi iştirakını davam etdirərək regionda qeyri-sabitliyi gücləndirib.

Bu cür siyasət, çox güman ki, bu gün Qafqazda sülhə nail olmaq üçün ən böyük maneədir: "Əslində təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində zorakılıq son iki ildə xeyli artıb, 2015-ci il isə 1994-cü ildə atəşkəs elan edildikdən sonra münaqişənin davam etdiyi dövr ərzində ən çox ölüm halı qeydə alınan il olub”. Bu arada qeyd edək ki, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper cümə axşamı ABŞ Konqresinin başqa bir komitəsində çıxış edərkən söyləyib ki, Azərbaycanda iqtisadi şəraitin pisləşməsi ilə yanaşı, hərbi gücün sabit şəkildə artırılması” ilə əlaqədar Ermənistan və Azərbaycan arasında gərginlik yüksək olaraq qalır: "Bu da, 2016-cı ildə münaqişə yaranması ehtimalını artırır”.

Müharibə anonsunu şərh edən analitik Arzu Nağıyev "Şərq”ə açıqlamasında vurğulayıb ki, müharibənin başlanması xəbərləri məqsədyönlü şəkildə gündəmə gətirilir: "Onsuz da cəbhə xəttində hər gün atəşkəs pozulur, itkilər verilir. Bu elə müharibə deməkdir. Təbii ki, genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi zamanı artıq ağır texnikadan da istifadə edilir. Ancaq dərindən düşünəndə görünür ki, nə Rusiyanın, nə də Qərbin müharibəni başlamaq fikri var. Fikrimcə, bu məsələ danışıqlardan o yana keçməyəcək. Çünki müharibə başlasa, tək Azərbaycan-Ermənistan deyil, regional müharibə olacaq. Hətta bunun bir hissəsi Orta Asiyaya da gedib çıxacaq. Rusiya buna tab gətirə bilməz. Ukrayna, Türkiyə, Suriya və s. cəbhələrdə sanksiyalarla üzləşən Rusiya necə müharibə apara bilər? Yəni Dağlıq Qarabağ münaqişəsi səbəb yox, bəhanə olar. Çünki bu gün Türkiyə Azərbaycanla bir yerdə olması haqqında bəyanatlar verir. NATO ilə Rusiya arasında gərginlik var. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni bir sözlə, müharibə başlasa, heç bir tərəf bundan yararlanmayacaq. Təbii ki, Azərbaycan-Ermənistan müharibəsi havadarsız baş verərsə, torpaqların azad edilməsi o qədər də uzaqda olmayacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov da bəyan edib ki, ABŞ-ın indiyə qədər Qarabağa heç vaxt dərin marağı olmayıb: " ABŞ bu məsələni başlı-başına buraxıb. Qarabağ məsələsi daha çox Rusiyanın inhisarında olub və ona görə də, bu problem öz həllini tapmayıb. Ceyms Klepperin "Azərbaycan

Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcək” kimi fikir səsləndirib. Bu çox maraqlı bir cümlədir. Azərbaycan öz ərazisindən nə vaxtsa imtina etməyə hazırlaşırdı ki, bu fikir səsləndirilir? Burada söhbət işğaldan gedir. Torpaqlarımız ermənilər tərəfindən zəbt olunub. ABŞ BMT-nin üzvü kimi bilir ki, bu, 4 qətnamədə öz əksini tapıb. Niyə onlar dilə gətirmir ki, işğalçı işğal etdiyi ərazilərdən çıxmalıdır. Ümumi cümlələrlə guya heç bir dövlətin xətrinə dəymirlər. Bəli, Azərbaycan işğal olmuş torpaqlarını işğaldan azad etmək üçün hər an genişmiqyaslı müharibəyə başlaya bilər. İstənilən halda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bu olacaq”.

Ayyət Əhməd