Tofiq Abbasov: “Olmayan sənədin hansı maddələrindən danışmaq olar?”
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əlindən gələni edir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. XİN rəsmisi bildirib ki, münaqişənin nizamlanması ilə bağlı format mövcuddur və kompromisin tapılmasına ehtiyac var:
"Hazırkı vəziyyət münaqişənin həllini tələb edir. Məhz ona görə də son zamanlar təmaslar intensivləşib. Rusiya bu formatın iştirakçısı kimi kompromisin tapılmasına çalışır. Bu kompromis iki ölkə xalqının gələcəyinə, həmçinin, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir”. Rusiya diplomatının "Moksva əlindən gələni edir” və "Dağlıq Qarabağın əhalisi” ifadələri ölkə ictimaiyyətində narazılıq yaradıb.
Məsələni "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov deyib ki, Rusiyadan edilən çağırışların ikibaşlı olması özünü açıq şəkildə göstərir:
"Əgər Mariya Zaxarova Dağlıq Qarabağda yaşayan insanların taleyindən narahatdırsa, niyə 1 milyona yaxın Azərbaycan qaçqınlarının aqibəti onu düşündürmür? Qarabağda bir ovuc erməni yaşayır. Zaxarova digər rus rəsmiləri kimi gəlişi gözəl ifadələr səsləndirir. Ola bilsin, hansısa təmaslar olur, amma həmin görüşlərin səmərəsi yoxdur. Tərəflərin bir araya gəlməsi heç nəyi dəyişmir, gündəliyə nəsə əlavə olunmur. Zaxarova danışıqlardan, kompromisdən, siyasi konsessusdan danışır, lakin ortada konkret sənəd yoxdur. Olmayan sənədin hansı maddələrindən danışmaq olar?”.
Ekspertin sözlərinə görə, hazırda siyasi raundlarla mənasız danışıqlar gedir: "Rusiya xarici siyasət idarəsinin başlıca missiyası prosesdə boşluğun olmasına imkan verməməkdir. Quru bəyanatlarla, ara-sıra baş tutan nəticəsiz görüşlərlə də olsa imitasiya yaratmaqdır. Son vaxtlar Rusiya rəsmilərinin danışıqlarında bu cizgini müşahidə edirəm. Axırıncı dəfə Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü demək olar ki, zorla reallaşdı. Çünki erməni tərəfi görüşə gəlmək istəmirdi. Moskvanın təzyiq və tənbehindən sonra Ermənistan masa arxasına oturmağa məcbur oldu. Deməli, düşmən tərəf qəsdən danışıqlar prosesində siyasi mərhələni pozur, onu iflic vəziyyətə salır. Erməni hakimiyyəti sülh istəmir, münaqişənin tezliklə həllinə çalışmır. Bu baxımdan Zaxarovanın danışıqlarını ciddi qəbul etmirəm və sadəcə siyasi manevr sayıram”.
"Həm bizi, həm də Ermənistanı
gərginlikdə saxlamaq şimal
qonşumuza sərf edir”
"Rusiya xarici işlər naziri Sergey Lavrov da Dağlıq Qarabağın ancaq sülh yolu ilə qaytarıla biləcəyini deyib. Bu isə sanki "oturun 50 il də gözləyin” anlamına gəlir. Ona görə də nə Mariya Zaxarovanın, nə də Sergey Lavrovun açıqlamalarına inanıram”. Bunu isə millət vəkili Elmira Axundova deyib.
Onun sözlərinə görə, S.Lavron deyir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunacaq. Bu fikirlə hər kəs razılaşsa da Ermənistan razı deyil: "Onlar münaqişəni həll edən deyil. İrəli sürdükləri təkliflər isə bizim maraqlarımıza cavab vermir. Hər kəs deyir tərəflər kompromisə getməlidir. Onların nəticəsindən belə çıxır ki, 5-6 rayonu bizə qaytarmalı, əvəzində Dağlıq Qarabağın qondarma müstəqilliyi tanımalıyıq. Rusiya Ermənistana təzyiq göstərmir, çünki strateji partnyorudur. Həm bizi, həm də Ermənistanı gərginlikdə saxlamaq şimal qonşumuza sərf edir. Bu mənada Moskvadan müsbət addım gözləməyin”. Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) bağlanmasını xatırladan xanım deputat qeyd edib ki, bundan sonra gərginlik artıb:
"Bu konqres yeganə qurum idi ki, loyal şəkildə onlara fəaliyyət göstərirdi. Bundan sonra Rusiyadan heç nə gözləmirəm”.
İsmayıl