Zəhmətdən bal damar
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
İlqar Həsənov 15 ildən çoxdur ciddi arıçılıqla məşğuldur. İlk vaxtlar, arıçılığa bir neçə yeşiklə başlayıb, təsərrüfatını qurub. Sonrakı illərdə arı yeşiklərinin sayını artırıb. Son 8-10 ildə isə işin daha ciddi fazasına keçib. Artıq İlqar Həsənov arıçılığın müasir üsullarından istifadə edir, təsərrüfatından baldan əlavə 5 ildir ki, arı südü istehsalı ilə məşğuldur, 8 ildir ki də, çiçək tozu götürür. O, apiterapiya ilə məşğul olaraq, arı sancmaları vasitəsi ilə, xəstələri müalicə edir, xüsusi dərmanlar hazırlayır. Dediyinə görə, bir çox həkimlər onun hazırladığı dərmanlardan istifadə edirlər. "Bəlkə də respublikada arıçıların böyük əksəriyyəti sezonda cəmi bir faiz arı südü götürürlər. Amma mən kiloqramla arı südü götürən tək-tük arıçılardanam” - deyir İlqar Həsənov.
2 kilo, 300 qram arı südü...
İlqar Həsənov Respublika Arıçılar Assosiasiyasının Qazax rayon şöbəsinin sədridir. Hazırda rayon ərazisində arı təsərrüfatının inkişafı ilə məşğuldur, arıçılıqla ölkə iqtisadiyyatına öz töhfələrini verməyə çalışır. Təsərrüfatını sezona və arıçılığın qaydalarına uyğun müxtəlif aylarda, müxtəlif ərazilərdə yerləşdirir. Hazırda arıları ilə birgə Qazaxdakı Avey Dövlət Qoruğunun ərazisində məskunlaşıb. 60-dan çox yeşiyi ilə, arı balı və arıçılığın müxtəlif məhsulunu toplamaqla məşğuldur. İlqar Həsənovun təsərrüfatını yerində görmək üçün üz tutduq Avey Dövlət Qoruğuna. Fəaliyyəti haqqında danışan İlqar Həsənov deyir ki, arıçılıq da ölkə iqtisadiyyatının güclənməsinə xeyir verir. Son illərdə arıçılığın inkişafı ilə bağlı, xüsusən regionlarda bu işin daha da böyüməsi üçün dövlət tərəfindən addımlar atılıb, qanunlarda sahibkarlığın inkişafına dəstək baxımından dəyişikliklər edilib. Ən əsası isə Azərbaycan Arıçılar Assosiasiyası yaradılıb, təşkilat formasında arıçılıq inkişafa doğru gedir.
Assosiasiyanın yerli şöbə rəisi deyir ki, bu il hələ ki 2 kilo, 300 qram arı südü götürə bilib: "Hədəfim 3 kiloqram arı südü götürməkdir. Hazırda süd götürmə prosesi bal çoxaldığına görə zəifləyib. Amma hədəfim var və yəqin ki, hədəfimə çatacam”.
İlqar Həsənov bildirir ki, 3 ildir ki, Bakıda bal yarmarkasında iştirak edir: "Yarmarkada Qazax rayonunun tək təmsilçisiyəm. Əvvəlki illərdə təsərrüfatımda yeşik sayı 80-ə çatmışdı. Müxtəlif səbəblərdən yeşiklərin sayını ötən il azaltdım. Arılara xəstəlik düşdü, saylarında azalma oldu. Bu il sezon yaxşıdır, yeşik sayını artırmışam, yəqin ki, gələn ilin yazına kimi 60 yeşik olacaq”.
İlqar Həsənov deyir ki, məkanı bir müddətdən sonra dəyişir: "Arı yeşiklərinin altında tərəzi var. Nə qədər ki, gündəlik artım var biz burdayıq. Artım yoxdursa, deməli, burada təsərrüfatı saxlamaq mənasızdır. Yeni məkan axtarırıq, rayon ərazisində arıların inkişafı üçün münbit şərait olan yerlərə köçürürük. İndi baxıram tərəziyə, hələ ki, artım var. Artım varsa, bu ərazidəyik, azalma olanda, məkanı dəyişəcəyik.
Avqustun ortaları bal süzümü olacaq
Assosiasiya sədrinin bir hədəfi də də var, təsərrüfatından balı çox götürmək: "Bu il məhsuldarlıq yaxşıdır. 40 kiloqrama qədər bal məhsulu götürməyi hədəfləmişik. Ortalama yəqin ki, 20 - 30 kiloqram bal götürə biləcəyik. Bu elə bir sahədir ki, dəqiq rəqəm söyləmək mümkün deyil. Bu gün mənim təsərrüfatımdan böyük arıçılıq təsərrüfatları var ki, onlar mənim gördüyüm işi görə bilmirlər. Məsələn, təsərrüfatından Qazax-Ağstafa ərazisində məndən başqa kiloqramla arı südü götürən arıçı yoxdur. Bir çoxu 20-30 qram öz ailəsi üçün ancaq götürür. İndiyə kimi, götürdüyüm ən yüksək rəqəm 2 kiloqram, 700 qram olub”. İlqar Həsənov qışlaqdan təxminən 3 aydır ki, yaylağa çıxıb: "May ayının 5- dən evdən çıxmışam. Hazırkı məkan 3-cü yerdir. Kürün qırağı qışlama nöqtəmiz idi, ordan başladıq, indi 3-cü məkandayıq. Burdan da yəqin ki, sezona uyğun olaraq təsərrüfatı başqa bir yerə köçürəcəyik”. Arıçı avqust ayının ortalarında bal süzümünə başlayacaq: "Bununla da qışa hazırlığa start verilir. Dərmanlamalar, müxtəlif dəmləmələr edəcəm”.
Dövlətə verilən təkliflər...
İlqar Həsənov xatırladır ki, əvvəllər xaricdə Azərbaycan arıçılarının nüfuzu yox idi: "Məhsulumuzu xaricə sata da bilmirdik. Arıçılıqla bağlı, beynəlxalq konqreslərdə, yığıncaqlarda Azərbaycan arıçıları səsvermə hüququndan məhrum qalmışdı. Yığıncaqlardan sonra kim Beynəlxalq Apimondiya Təşkilatının üzvü deyildisə, zalı tərk etmək göstərişi verilirdi ki, həmin vaxt Azərbaycan arıçıları zalı tərk edirdi. Amma artıq Azərbaycan Arıçılar Assosiasiyası yaranıb, nüfuzumuz artıb. Bu günlərdə Azərbaycan Arıçılar Assosiasiyası Ukraynada arıçılığın problem və onun həlli ilə bağlı keçirilən yığıncaqda iştirak ediblər”. Peşəkar arıçı bildirir ki, Azərbaycanda indiyədək konkret arı sayı, arıçı sayı bəlli deyil: "Assosiasiya yaranandan sonra, bu sahədə addımlar atılır. Düzdü, assosiasiyaya üzv olmayan arıçılar da var. İndi biz təşkilatın üzvü kimi, arı və arıçıların sayını müəyyən etmək üçün dövlətə təkliflər vermişik. Həmçinin büdcədən ayrılan vəsaitlərin çoxalması ilə bağlı təkliflərimiz var. Məsələn, Türkiyədə hər arı yeşiyinə görə, onların pul vahidi ilə 10 lirə dövlət tərəfindən vəsait ödənilir. Biz də vəsait ayrılmasını istəyirik. Dövlətimiz yəqin ki, bizim təkliflərimizi nəzərə alacaq. Çünki arıçılıq da iqtisadi inkişafda önəmli sahələrdən biridir.
Yarmarkaya saxta bal çıxarılmasının qarşısı alınacaq
İlqar Həsənov bildirdi ki, bu il bal yarmarkasına Azərbaycan Arıçılar Assosiasiyasının üzvü olmayan adam qatılmayacaq: "Qazax rayonunundan kimsə bal yarmarkasına qatılmaq istəyirsə, mən rayon sədri olaraq ona izn verməliyəm. Sorğu-sual olacaq, təsərrüfatına yerində baxış keçiriləcək. Əgər o, doğrudan da arıçı deyilsə, mən ona razılıq verməyəcəm. Bu həm də yarmarkaya saxta bal çıxarılmasının qarşısını alacaq. Eləcə də başqa rayonların arıçıları ilə bu cür davranılacaq”. İ.Həsənovun qənaətincə, arıçılığın inkişafı üçün təmsil olunduğu rayonda geniş potensial var: "Lakin Qazaxda bu günə kimi, arıçılıq çox zəif inkişaf edib. Həm də elə arıçılar var ki, onların bu sahədən ümumiyyətlə xəbərləri yoxdu. Bal götürmək o deyil ki, yeşiyi qoyasan, sonra da açasan ki, mən bal götürəcəm. Bu təsərrüfatın qayda-qanunu var. Yeşiklərdə havalandırma deşikləri olmalıdır. Hazırda görürsüz, bizim təsərrüfatda bu var. Əvvəl bizim təsərrüfatda da yox idi. Amma mən beynəlxalq təcrübəyə baxdım, müasir standartlara görə, yeşiklərdə deşiklərin olmasının daha məqsədəuyğun olduğunu öyrəndim. Bunu tətbiq etdikdən sonra göründü ki, arıların havalandırma sistemi olanda onlar köçə rahat gedir, inkişafları yaxşı olur. Bal yığımına da daha çox arı sərf olunur. Altında deşik var, ona da setka vurulur. Müasir təcrübələri öyrənib, inkişaf etmək lazımdır. Bu gün Balakən - Qax zonasında 200-dən artıq arısı olan arıçıları saymaqla bitməz. Qazax rayonunda 200-ə yaxın arısı olan təsərrüfat isə yoxdu. Amma zamanla inkişaf edəcəyik. Dövlət də bu işə dəstək verməkdə maraqlıdır”.
Təsərrüfata yaxınlaşdıqda müşahidə etdik ki, İlqar Həsənov və yanında bir nəfər dağ tərəfə irəliləyirlər. Söhbətimiz zamanı hara getdikləri ilə maraqlandıq. Assosiasiya sədri deyir ki, yanındakı İbrahim həkimdir, onunla ərazinin yoxlanışına çıxıblar: "Əgər bu il burda məhsuldarlıq yüksək olsa, gələn il yenə gələcəyik. Bayaq biz yuxarı çıxdıq, dağa tərəf irəlilədik, ərazini gəzdik. Məqsəd də o idi ki, görək hansı bal bitkiləri var. Deyirlər burada cökə ağacları zəngindir. Biz də baxırdıq. Cökə ağaclarının olması, arıçılığın inkişafına böyük təkan verir. Var çökə ağacları, amma azdır. İndi bizim planımız dağda harda əlverişli yer var oranı müəyyən edib, cökə ağacı, ağcaqayın ağacı tinglərini basdırmaqdı. Onların şitillərini hardansa puluyla, ya da pulsuz əldə etmək və 3-5 nəfər dostları başımıza yığıb bir ildə bura 2 min ağac əkmək istəyirik”. "Çünki qaratikanın ardınca cökə ağacı çiçək açır. Qaratikan kolları burda çoxdur, onun yanında cökə ağacının olması arıçılıq üçün perspektivdir”.
"Arıçılıq sənayesinin inkişafı Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verə bilər”
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, arıçılığın inkişafı üçün layihələr həyata keçirilir, arıçılıq təsərrüfatının inkişafına dövlət dəstəyi artırılacaq. Həmçinin ölkədə arıçılığı inkişaf etdirmək üçün Azərbaycan Türkiyənin təcrübəsindən yararlanacaq. Nazirliyin açıqlamasında qeyd olunur ki, türklər arıçılığın mövcud vəziyyəti, perspektiv imkanları, bu sahədə seleksiya-damazlıq işinin təşkili və Boz Qafqaz arı cinsinin təmiz damazlıq xəttinin alınmasında azərbaycanlı arıçılara yardım göstərəcəklər.
İqtisadçı-ekspert Samir Əliyev arıçılıq sahəsində mövcud durumu qiymətləndirmək, arıçılığın inkişaf potensialını dəyərləndirmək üçün tədqiqat aparıblar:
"Arıçılıq sənayesinin inkişafı Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verə bilər. Çünki Azərbaycanda tarixən arıçılıq ənənələri olub. Sovet dövründə arıçılıq təsərrüfatlarının inkişafı üçün müəyyən zəruri maddi-texniki baza və infrastruktur yaradılsa da, SSRİ-nin süqutundan sonra həmin dövrdə yaradılmış təsərrüfatlar dağıldı. Ölkədə arıçılıq təsərrüfatları uzun müddət həvəskar arıçılar tərəfindən idarə olunub və ənənələr məhz onlar tərəfindən qorunub saxlanılıb. Bu gün arıçılıq təsərrüfatları kiçik ölçülüdür. Bunun inkişafı zəruridir. Çünki ölkəmizdə arıçılığın inkişafı, gəlirli sahə olması üçün perspektivlər mövcuddur. Dövlət tərəfindən son illər bu sahəyə köməkliyin şahidi oluruq”.
S.Əliyev deyir ki, ölkədə arı ailələrinin sayı azdır: "Hazırda ölkədə hər bir arı təsərrüfatına orta hesabla 25-31 arı ailəsi düşür. Bu, çox azdır”.
Ekspertlərin hesablamalarına görə, arı təsərrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat ən azı 200 arı ailəsinə xidmət göstərməlidir. Arı ailələri ölkənin regionları üzrə bərabər paylanmayıb. Mütəxəssislər ölkədə arı ailələrinin sayını 600-700 minə çatdırmaq potensialının olduğunu bildirir və Aran regionun da arıçılıq üçün əlverişli olduğunu qeyd edirlər.
Müsbət nəticələr olacaq
Kənd təsərrüfatı üzrə ekspert Famil Baxışovun bildirdiyinə görə, arıçılığın inkişafı üçün əsas məsələlərdən biri də, bu sahədə təhsilin gücləndirilməsidir: "Texniki peşə məktəblərində arıçılıqla əlaqədar ixtisaslar yaradılmalıdır. Eyni zamanda mənə elə gəlir ki, aqrar sahədə televiziya kanalının açılması da labüddür. Arıçılıq çox gəlirli sahədir. Bundan iqtisadiyyatımızda istifadə edilməsi mühümdür. Həmçinin xarici ölkələrdə olan innovativ texnologiyaların ölkəmizə gətirilməsi də yaxşı olardı. Ölkəmizdə arıçılığın daha da inkişaf etdirilməsi potensialı var”.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyir ki, bu sahənin inkişafı üçün çalışırlar. O vurğulayıb ki, ölkədə laboratoriya imkanları, kadr bazası zəifdir: "Beynəlxalq əlaqələrimiz zəif idi. Yeganə olaraq arıçılar var. Arıçıya görə ölkədə arıçılığın inkişafı üçün arıçıların bir təşkilatda birləşməsi və beynəlxalq təşkilatlarda təmsil olunması vacib idi. Biz o assosiasiyanı yaratdıq. İndi arıçılığın inkişafı, iqtisadiyyatımıza müsbət qatqısı uğrunda çalışırıq. Müsbət nəticələr olacaq. Dövlət də maraqlıdır bu sahənin inkişafında, gəlir gətirməsində”.
Tanış olduğumuz arıçılıq təsərrüfatı, ekspertlərin fikirləri onu deməyə əsas verir ki, yaxın bir neçə ilə Azərbaycan arıçılığının adı, arıçılıq təsərrüfatında inkişaf etmiş, öz sözünü demiş ölkələrlə bir sırada çəkiləcək. Həm də iqtisadiyyatımıza, əsasən də regionların iqtisadi inkişafında önəmli rol oynayacaq. Bunun üçün Azərbaycanın potensialı və bu sahənin peşəkarları mövcuddur.
Anar Bayramoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.