Qərarda mülklərin sahiblərinə qaytarılmasına dair heç bir bənd yoxdur
"Sevil Massivi”nin zərərçəkmişləri, mülklərinin geri qaytarılmasının sevincini cəmi bir neçə gün yaşadı.
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsindən qərarın surətini əldə edən zərərçəkmişlər əsl şok keçirib. Qərarı əlinə alıb oxuyan zərərçəkmişlər sözün həqiqi mənasında aldadıldıqlarını başa düşüblər. Dünən "Şərq”lə əlaqə yaradan zərərçəkmişlərdən biri Arzu Şıxəliyeva qərarın mətninin məhkəmə zalında hakim Əfqan Hacıyevin oxuduğu qərardan fərqli olduğunu dedi:
- Məhkəmə zalında hakim Əfqan Hacıyev qərarı oxudu. Qərarda bildirilirdi ki, vətəndaşların mülkləri, torpaq sahələri özlərinə qaytarılır. "Sevil Massivi” MTK-nın vətəndaşların vəsaitlərini qanunsuz mənimsəmiş vəzifəli şəxslərinə də hökm oxundu, müxtəlif müddətə azadlıqdan məhrumetmə cəzası verildi, həmçinin qeyd edildi ki, təqsirləndirilən şəxslər 9 milyon yarım vəsaiti də ödəməlidirlər, onların əmlakları müsadirə olunacaq. Amma bu gün (dünən - red.) məhkəmə qərarı əldə etməyə gəldik, amma oxuyub görürük ki, qərarda mülklərin sahiblərinə qaytarılmasına dair heç bir bənd yoxdur. Məhkəmə qərarında yalnız 9 milyon yarım manat pulun zərərçəkmişlərə ödənməsi yazılıb. Belə çıxır ki, hakim bizi aldadıb?!
A.Şıxəliyeva məhkəmə qərarından apelyasiya şikayəti verəcəklərini bildirdi.
Qeyd edək ki, "Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatmışdı. İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vətəndaşların vəsaitlərini qanunsuz mənimsəyənlərə hökm oxunmuşdu. Hakimlər Kollegiyasının hökmünə əsasən Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, təqsirləndirilən şəxslər üzərlərində olan 19 milyon manatlıq ödəmə borcunun 10 milyon 500 min manatı ödəyiblər. 9 milyon yarım vəsait isə ödənməlidir. Bunun üçün də onların əmlakları müsadirə ediləcək. Zərərçəkmişlərsə bildirir ki, təzminat ödənməli vətəndaşların sayı 1300-ə yaxındır və hər bir adamın müxtəlif məbləğlərdə vəsaiti mənimsənilib. 9 milyon yarım bu insanların pulunu qaytarmağa çatmır da. Lakin vətəndaşları narahat edən əsas məsələ torpaq sahələrinin və mülklərinin geri qaytarılmasıdır. Pulun qaytarılmasını gözləmək də olar, təki torpaq sahələrini və mülkləri qaytarsınlar, vətəndaş da əmlakına sahib çıxsın. Torpaq sahəsi olan ev tikintisinə başlaya bilsin, fərdi evi olansa, mənzilində yaşamaq hüququ əldə etsin.
Məlahət Rzayeva