Zorakılığa məruz qalan qadınların getməyə yeri yoxdur

Yeni sığınacaqların yaradılması təklifi dəstək qazandı



Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri zamanı xanım deputat Jalə Əliyeva icbari tibbi
sığorta ilə bağlı danışıb. Sherg.az-ın məlumatına görə, millət vəkili bildirib ki, icbari tibbi sığortanın tətbiqi aztəminatlı ailələr üçün vacibdir: "Hesab edirəm ki, bunun tez tətbiq olunması lazımdır. Kasıb insanlar tibbi sığortanı gözləyirlər. Daha bir təklifim zorakılıqla bağlıdır. Ölkədə məişət zorakılığına məruz qalan qadınlar üçün xüsusi mərkəzlər tikilməlidir. Mən təəssüf edirəm ki, hələ də məişət zorakılığı hallarına rast gəlinir.

Bəzən qadınlar həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar. Onların getməyə yeri
olmadığından bu hallar ağır nəticələrə gətirib çıxarır. Ölkəmizdə xüsusi mərkəzlər və sığınacaqlar
yaradılsa, yaxşı olar”.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova millət vəkillərinin belə məsələyə diqqət ayırmasının və gündəmə gətirməsinin sevindirici hal olduğunu bildirib: "2010- cu ildə "Məişət zorakılığı haqqında” qanunda bu mərkəzlərin və sığınacaqların yaradılması öz əksini tapmırdı. Amma sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələni icra edən bir qurum kimi qeyd olunub. Bu cür mərkəzlərin yaradılması, gündəmə gətirilməsi çox önəmli bir məsələdir.

Qanunda əslində bu məsələ var və millət vəkilləri səs veriblər. Həmçinin qanunda bildirilir ki, hətta
sığınacağın və mərkəzin saxlanılması ilə bağlı akreditasiyadan keçmək tələbləri də qoyulub. Bu
tələblərə uyğun da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi 11 təşkilatı artıq akreditasiyadan
keçirib”.

"Kişilər ayrıldıqdan sonra keçmiş həyat yoldaşlarını və uşaqlarını küçədə qoyur.”
Bunu isə "Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri, Qadın Konsensus Mərkəzi İctimai
Birliyinin sədri Aynur Camal söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda qadın zorakılığı dəhşətli səviyyədə olmasa da, xanım deputatın
bu fikri dəstəklənməli və daha səmərəli addımlar atılmalıdır: "Araşdırmalarıma əsaslanaraq deyə
bilərəm ki, bu problem hələ də qalmaqdadır. Ötən günlərdə Qəbələdə 3 uşaq anasının qətlə
yetirilməsi faktı da mediada bu fonda yayıldı. Belə mənfi halları nəzərə alıb, dövlət tərəfindən
qadınlara dəstəyin artırılmasını təmin etməliyik. İlk növbədə bölgələrdə problemin həlli üçün ölçü
götürülməlidir. Çünki bölgələrdə bu hadisələr tez-tez baş verir. Qızların erkən yaşda evləndirilməsi
və qaçırılma faktları müvafiq icra strukturlarının gözü qarşısında baş verir. Əksər vaxtlar bunu
mentalitetlə əlaqələndirib, göz yumurlar. Ona görə də, bu sahədəki qanunları sərtləşdirmək
lazımdır”.
A. Camal bildirib ki, qadınlar boşandıqdan sonra övladları ilə birlikdə küçədə qalır: "Qadın ailə
qurur, bir neçə övlad sahibi olur, ayrıldıqda isə sığınacaqsız qalır. Qanunvericilikdə yer alan
müddəaya görə, evlilik müddətində ortaq əmlak alınmayıbsa, boşanma baş verdikdə kişi rahat
şəkildə o qadını küçədə qoya bilir. Həmin qadını valideynləri qəbul etmirsə və özünün təhsili, işi
yoxdursa, artıq onun üçün yol qalmır. Müəyyən olunan alimentin məbləği də uşağın gündəlik
tələbatı üçün kifayət etmir. 150-200 manat civarında aylıq aliment ayrılır və bu, Azərbaycan
reallığında çox az məbləğdir. Bu səbəbdən qanunvericilikdəki normalara yenidən baxmaq və
qadınlara daha üstün hüquqlar tanımaq lazımdır. Müəyyən olunmuş qanunlardan sui-istifadə hallarıkifayət qədər çoxdur. Məsələn, evlənmədən öncə kişinin adına olan əmlakları çıxarıb, valideynlərin və ya qohumların adına keçirirlər. Nigah müddətində isə əmlak alınmır ki, boşanma zamanı bölünmək üçün heç nə olmasın. Bu cür məsələlərlə üzləşməmək üçün yaxşısı budur ki, evləndikdə əmlak müqaviləsi imzalansın. Bütün bunları nəzərə alaraq, J.Əliyevanın təklifinə laqeyd
yanaşılmamasını və dövlətin bu sahədə tədbirləri artırmasını ümid edirəm”.

Yeganə Bayramova,

Aysel Aslan