Videoya çəkmək çıxış yolu deyil


Metroda siqaret çəkən adam dərhal polisə xəbərlənməli idi
Nə qədərki ictimai qınaq nümayiş etdirməkdən çəkinəcəyik, belə mənzərələrin tez-tez şahidi olacağıq
Metro vaqonunda siqaret çəkən sərnişin bir müddətdir gündəmi zəbt edib.  
"Bakı Metropoliteni"ndə ilk dəfədir ki, belə bir hal yaşanır. Metronu zibilləyən, ağzını silib “salfetka”nı yerə atan, tum çırtlayıb qabıqlarını saymazyana vaqonun döşəməsinə atanları görmüşdük, siqaret çəkəni yox. Metroda siqaret qadağalar sırasındadı. Bunu hamı bilir, bilməlidir, bizcə. Bəs necə olub ki, sərnişin siqaret çəkmək həvəsini öldürə bilməyib? Metro vaqonunda əyləşən bir sərnişinin etinasızca siqaret çəkməsi, kötükləri də bir-bir yerə atmasını əks etdirən video günlərdir sosial şəbəkələrdə izlənilir.  
Münasibətlərsə müxtəlif oldu. Siqaret çəkənlə yanaşı, videonu çəkəni, eyni zamanda da "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətini də qınayan oldu.
Nəticədə isə belə bir sual ortaya çıxdı ki, bəs bu görüntülər necə ola bilər ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin maşinistlərinin diqqətindən yayınsın? Sputnik Azərbaycan-ın sualını cavablandırarkən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, yalnız yeni qatarlarda maşinistlərin vaqonları izləmək imkanları var: "Təəssüflər olsun ki, köhnə qatarlarda vaqonlardakı vəziyyəti maşinist izləyə bilmir. Bu cür kadrları yalnız metropolitenin video-müşahidə mərkəzi izləyə bilir".
"Lakin həmin mərkəzlərdən də vaqonların hər küncünə 4 kamera qoyaraq izləmək düzgün deyil. Çünki metroda 59 qatar var, onların da hər birinin 5 vaqonu var. Bundan başqa, hər stansiyada da kifayət qədər kamera var. Bu qədər kameraları izləməyə isə böyük otağın monitoru kifayət etməz", - deyə mətbuat katibi əlavə edib.
B.Məmmədov bildirib ki, hətta bu hadisə yeni qatarda baş vermiş olsaydı və həmin kadrlar onun diqqətindən yayınsaydı belə, maşinist hansısa məsuliyyət daşımayacaqdı. Çünki bu məsələ maşinistin vəzifə səlahiyyətlərinə aid deyil:"Maşinistin vəzifəsi qatarı idarə etmək, hərəkəti tənzimləyən avadanlıqlara, qurğulara nəzarət  edərək, müvafiq komandalara riayət etməklə təhlükəsiz şəraitdə sərnişindaşımanı həyata keçirməkdir.
Lakin bu hadisədə sərnişinin də məsuliyyəti yaranmışdı. Sərnişin unutmamalıdır ki, o, metronun pilləkəninə ayaq basandan sonra məsuliyyəti yaranır. Həm də unutmamalıdır ki, qatarlar bir metropolitençidən daha çox sərnişinin özünün nəqliyyat vasitəsidir".
Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi isə atrıq məlumdur
Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, DİN və Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin göstərişi əsasında Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində videogörüntülərdəki şəxsin Sabunçu rayon sakini, əvvəllər məhkumluq həyatı yaşamış Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib.
Metropolitendən istifadə qaydalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq bildirib.Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.
Təbii ki, metro qatarında siqaret çəkmək qaydalara ziddir də qadağandır. Siqaret çəkənsə etik qaydalara və ictimai yerdə davranış qaydalarına etinasız olan birisi. 
Bəs o şəxsi görüb narazılıq bildirməyən və “çıxış yolu”nu, mobil telefonla görüntü almaqda görən vətəndaş düzmü hərəkət edir?
Bir neçə gündür ki, sosial şəbəkələrdə bu mövzu aktuallığını saxlayır.  
Həkim Vaqif Qarayev şəxsi feysbuk səhifəsində bunları yazıb:
- İstənilən qəzanı telefona çəkməyə çox meyilliyik... Bir gənc xanım balkona çıxıb “özümü atıram” deyə qışqırırdı... Yerdəki üç cavan oğlan onu telefona çəkirdi.... Xanım özünü atdı və öldü... Ölüsünü də çəkirdilər. 
Çoxdu belə hallar... Küçədə kiminsə halı pisləşir. Kömək eləməkdənsə (ən azından fiziki kömək göstərmək olar), telefona çəkib feysbukda, votsapda paylaşırlar, sonra da kənarda günahkar axtarırlar...
Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında metro qatarında siqaret çəkənin videoya çəkilməsindən təəccüblənmədiyini bildirdi: 
- Bu, bizim cəmiyyət üçün ənənəvidir. Siqaret çəkənin videoya alınıb paylaşılması ictimai münasibətin ən bəsit formasıdır. Özünü körpüdən, pəncərədən atmağa hazırlaşanları hərə əlinə bir telefon alıb çəkir. Məqsəd də kömək etmək deyil, “kim daha yaxşı görüntü əldə edəcək”dir. Empati yoxdu – sabah bu, mənim doğmamın, əzizimin başına da gələ bilər, düşünmürük. Siqaret çəkənə iradı ictimaiyyət bildirməlidir. Qanunu xatırlatmalıdır. Deyirik, “qanuna kimdi baxan” və bununla özümüz qanunları gözdən və hörmətdən salırıq. Halbuki, çox gözəl qanunlar var. Sadəcə, vətəndaşlar dövlətlə əməkdaşlıq etməyi bacarmalıdır.
Vətəndaş hansısa fövqəladə halla rastlaşanda hara müraciət edəcəyini bilmir. Çünki bizim televiziyalar vətəndaşın ictimai yükünü xatırladacaq video-çarxlar əvəzinə hansısa müğənninin bağ evini reklam edir. Hətta insanlar təcili yardımın nömrəsini də bilmir. Küçədə köməksiz, yaşlı bir adam görəndə hara zəng edəcəklərini, hansı qurumdan kömək istəyəcəklərini bilmirlər.
Bunların hamısı telekanallarda sosial çarx kimi nümayiş olunmalıdır. Rusiya, Türkiyə telekanalları bu məsələdə ən gözəl örnəkdir. Siqaret çəkənə etiraz, hüquq-mühafizə orqanlarına müraciətlə bağlı Türkiyə televiziyalarında gün ərzində neçə dəfə sosial çarxlar fırladılır. Media da qanunları pozur. Siqaret çəkənin açıq formada videosunun yayılmasının özü qanunsuzluqdu.
Onu videoya çəkməkdənsə, sadəcə polisə zəng etmək, yaxud da heç olmasa irad bildirmək lazım idi. Nə qədərki ictimai qınaq nümayiş etdirməkdən çəkinəcəyik, belə mənzərələrin tez-tez şahidi olacağıq