İyulun 31-də Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə küçələrin işıqlandırılması məsələsinə həssaslığını bir daha nümayiş etdirdi. Dövlət başçısı küçə işıqlandırılmasının hələ də lazımi səviyyədə olmadığını bildirdi. Ölkə rəhbəri müşavirədə göstəriş verərək bu məsələyə çox ciddi diqqət göstərilməli olduğunu vurğuladı.
Bundan başqa Prezident süni qiymət artımına yol verilməsi ilə bağlı da sərt xəbərdarlıq edib. Ölkə rəhbəri bildirib ki, bu sahədə ciddi nəzarət mexanizmi olmalıdır: “Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar.
Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.
Dövlət başçısının toxunduğu məqamları dəyərləndirən siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında deyib ki, cənab Prezident bu məsələlərə təsadüfi diqqət çəkmir.
Ekspertin sözlərinə görə, Prezident özünün bütün fəaliyyəti dövründə ən sadə vətəndaşı düşünüb:
“Dövlət başçısı İlham əliyev hər zaman xalqın rifah halının yüksəldilməsi üçün çalışıb. Ona görə də bu cür məsələlərə şəxsən diqqət ayırır. Həqiqətən də küçələrin işıqlandırılması Bakı şəhərində onun inkişaf səviyyəsinə uyğun deyil. Hətta deyərdim ki, ayıb olacaq səviyyədədir. Bunu biz də dəfələrlə qeyd etmişik. Hətta elə yollar var ki, ümumiyyətlə işıqlandırılmır. Yaxud da Zığ yolu dediyimiz hava limanına gedən magistral yolun işıqları çox vaxt söndürülmüş olur. Özüm də şəxsən təyyarədən bu halı müşahidə edib fikrimi bildirmişəm. Qiymət artımına gəlincə, hazırda meydanda olan işbaz dəllallar, özəlliklə də kənd təsərrüfatı məhsullarının qiymətlərini süni şəkildə artırmaqla məşğuldur. Ümid edirəm ki, cənab Prezidentin məsələyə şəxsən müdaxiləsi ona səbəb olacaq ki, o dəllallar ortalıqdan çəkilməli olacaqlar”.