“Bu sərəncam tariximizdə ən böyük maaş artımı deməkdir və ən çox vətəndaşı əhatə edən bir qərardır”.
Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, söhbət 1 milyona yaxın insandan və minimum əməkhaqqının az qala 100 faiz artımından gedir:
“Əsas məsələ isə, minimum əməkhaqqı məbləğinin yaşayış minimumunundan 40 faiz artıq olmasının təmin edilməsidir. Bundan başqa, dövlət sektorunda işləyən azmaaşlı kateqoriyanın da əməkhaqqı 20-50 faiz civarında artıb. Bu, yoxsulluq həddinin kəskin şəkildə azaldılmasını və əhalinin rifah halının yüksəlməsini təmin edəcək gücdə bir sərəncamdır.
Məsələ təkcə bununla da bitmir. Son vaxtlarda sosial yardımlar, müxtəlif müavinətlər də xeyli artırılıb. Cənab Prezident “dövlətin maliyyə imkanları artdıqca əhalinin sosial rifahının yüksəldilməsi üçün mümkün olan hər şey ediləcək” deyir və verdiyi sözə əməl edir.
Əminəm ki, bu tip sosial müdafiə tədbirləri daha da genişlənəcək və əlavə sahələrdə də artımlar olacaq. Məsələn, aylıq uşaq pulunun bərpası, işləmək imkanı olmayan 1-ci qrup əlillərin müavinətlərinin artırılması və s. məsələlər gündəmə gələcək”.
Ekspert bildirib ki, Azərbaycan sosial dövlətdir və bu sahədə dünyanın ən yaxşılarından birinə çevrilməyi qarşısına məqsəd qoyub:
“Cənab Prezident İlham Əliyev bu istiqamətdə mümkün olan hər şeyi edir. Həyata keçirilən iqtisadi islahatlar özünü əhalinin sosial rifahının daha da artmasında göstərəcək. Ən əsası, xalqımız da dövlət başçısının bu siyasətini dəstəkləyir və bu işdə Prezidentin arxasında dayandığını aydın göstərir. Ona görə də, yaxın illərdə ölkəmizin sosial-iqtisadi mənzərəsinin kəskin dəyişəcəyinə əminəm”.