Bakının memarlığı itib: Paytaxt iflic hala düşüb

Bəzi icra başçıları şəhəri biabırçı vəziyyətə salıblar 



İcra hakimiyyətlərinin bir sıra səlahiyyətləri ləğv olunub. Belə ki, Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinin mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binaları, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması sahəsində səlahiyyətləri ləğv edilib.

Bundan əlavə ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi səlahiyyətləri də icra hakimiyyətlərinin əlindən alınıb. Məlumdur ki, sözügedən məqamlarla bağlı yerli icra hakimiyyətlərindən ciddi  narazılıqlar, şikayətlər var idi. Bu baxımdan hesab edilir ki, daha çox siyasi struktur hesab edilən icra hakimiyyətlərindən həmin səlahiyyətlərin alınması mövcud problemləri də aradan qaldıracaq.  



“Onların əhaliyə və dövlətə vurduğu zərər həmin icra hakimiyyətləri rəhbərliyinin bütün əmlakı və maliyyə vəsaitlərinin müsadirə olunması ilə kompensasiya olunmalıdır”


Yeniliyi “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadı Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı dəyişikliyin təqdirəlayiq addım olduğunu deyib. Ekspertin sözlərinə görə, bəzi icra hakimiyyətlərinin özbaşınalığı əlavə problemlər yaradıb:

“Onlar ölkədə korrupsiya səviyyəsini artırıb, sosial narazılığı gücləndiriblər. Elə paytaxtdakı biabırçı vəziyyətə baxmaq kifayətdir, şəhər memarlığı itib, sıx yüklənmə şəhəri iflic vəziyyətə salıb, kommunal sistemlər öhdəsindən gələ bilmir. Üstəlik, icra hakimiyyətlərinə ictimai nəzarət də sıfır səviyyəsindədir. Ona görə də bir çox səlahiyyətlərinin alınaraq müvafiq mərkəzi icra orqanlarına və bələdiyyələrə verilməsi məqsədəuyğundur. Bundan başqa, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ictimai nəzarət imkanları artırılmalıdır. İndiyədək, bunların əhaliyə və dövlətə vurduğu zərər həmin icra hakimiyyətləri rəhbərliyinin bütün əmlakı və maliyyə vəsaitlərinin müsadirə olunması ilə kompensasiya olunmalıdır”. 

E.Bayramlı bildirib ki, qanunsuzluq halları aşkar olunduqca məsələyə yenidən baxılmalı, ədalət və hüququn tələbləri təmin olunmalıdır:

“Vətəndaşlara dəyən zərər ödənilməlidir. İcra hakimiyyətlərinin bəzi səlahiyyətləri tədricən alınaraq bələdiyyələrə verilməlidir. Bələdiyyəyə ictimai nəzarət daha asandır və onların fəaliyyətində əhalinin iştirakı, şikayət, təklif və təşəbbüslərinin nəzərə alınması daha rahatdır. Bir sözlə, bələdiyyə institutunun fəaliyyəti gücləndirilməli, səlahiyyətləri artırılmalıdır. İdarəetmə mexanizmi dəyişməli, dövlət institutları ilə əhali arasında qarşılıqlı münasibətlər əsasında fəaliyyət təmin olunmalıdır. Dövlət başçısı bu istiqamətdə fundamental islahatlar aparır və əminəm ki, bu, tezliklə öz müsbət nəticəsini göstərəcək”.