Adəm Məmmədov: “Vəkillərin maddi durumu heç də pis deyil, normaldır”

“Vəkilllərinin sayının artması çox müsbət haldır”. Bunu Sherg.az-a açıqlamasında tanınmış hüquqşünas, vəkil Adəm Məmmədov deyib. 

A.Məmmədov bildirib ki, vəkilliyə axının səbəbi bu peşənin nisbətən sərbəst olmasıdır: 

“Məsələn, prokurorluq, hakimlik, müstəntiqlik və s. peşələrdə tabeçilik daha çox olur. Konkret iş rejimi var, həmin peşə sahibləri hər gün saat 9-dan 6-ya kimi işdə olmalıdır. İcazə olmadan müstəqil addım ata bilmirlər. Amma vəkillik tam sərbəstdir, onlar iş qrafikini özləri müəyyən edirlər. Digər tərəfdən dünyanın inkişaf etmiş ölkələrində vəkillik ən nüfuzlu və gəlirli hüquq sahəsidir. Əslində, Azərbaycanda vəkil kimi fəaliyyət göstərənlərin maddi durumu heç də pis deyil, normaldır. Sadəcə cəmiyyətimizdə belə bir baxış var. Əgər bir şəxs öz peşəsində uğur qazanıbsa, elə zənn edirlər ki, hər kəs o cür olmalıdır”. 

Ekspert vurğulayıb ki, artıq vəkil öz məsuliyyətini dərk edir: 

“Əvvəllər nümayəndəlikdə vəkillərin heç bir məsuliyyəti yox idi. İstədiyi məsələni özü istədiyi şəkildə müdafiə edirdi. Amma Vəkillər Kollegiyasının üzvü olanlar işlərini daha yaxşı bilirlər və məsuliyyət daşıyırlar. Ümumiyyətlə, Nümayəndəlik institutunun ləğv edilməsi sonra şəxslərin çoxu vəkilliyə üz tutdu. Əvvəllər valideynlər uşaqlarını polis, prokuror, hakim görmək istəyirdilərsə, artıq vəkil olmasını arzu edirlər. Övlad da fikirləşir ki, hazırda daha perpektivli peşə vəkil peşəsidir”. 

Qeyd edək ki, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib ki, hazırda vəkilliyə maraq artmaqdadır: “2008-ci ilə qədər ölkədə cəmi 900 nəfər vəkil var idi. Son 2 il ərzində isə 800 hüquqşunas vəkilliyə qəbul olunub. Hazırda qəbul prosesi davam edir. 200-dən artıq hüquqşünas namizədimiz şifahi müsahibə mərhələsindədir. Yanvarın 31-də həmin namizədlər üçün yazılı imtahan keçiriləcək. Bu gün vəkilliyə böyük axın var. Hüquqşünaslar kütləvi şəkildə vəkilliyə sənəd verir. Bu sahəyə o qədər maraq var ki, imtahanları çatdıra bilmirik. Bu da onunla əlaqədardır ki, ölkədə güclü və nüfuzlu vəkilliyin əhəmiyyəti dövlət başçısı tərəfindən xüsusilə qeyd olunur. Hətta dövlət qurumlarında çalışan hüquqşünaslar da vəkilliyi seçirlər. Əminəm ki, gələn ilin ortalarına qədər ölkədə vəkillərin sayı 2 min nəfəri keçəcək. Bu artım davam edir".