Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə müraciət edib.

"Sherg.az"ın xəbərinə görə,  müraciətdə bildirilir ki, ölkədə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsiistiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, onların pensiya, sosial müavinat və təqaüdlərinin verilməsində ləngimə hallarına rast gəlinmir: "Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və regional mərkəzlərində vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər bir kəs, o cümlədən əlilliyi olan şəxslər poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən "qaynar xətt" (0503709896 və 012916) vasitəsi ilə Müvəkkilə müraciət edə bilirlər. 

Müraciətdə həmçinin qeyd olunur ki, Müvəkkil COVID-19 infeksiyası ilə bağlı vəziyyət nəzərə alınmaqla əlilliyi olan məhkumların da şərti olaraq vaxtından əvvəl azad edilməsi təklifi ilə çıxış edib, həmin şəxslərin sənədlərinin məhkəməyə təqdim olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət də edib: "Xüsusi karantin rejiminin tətbiq olunduğu hazırkı dövrdə əhalinin sosial cəhətdən həssas qruplarından biri kimi əlilliyi olan şəxslərin infeksiya əleyhinə vasitələrə (tibbi spirt, maska və əlcək), müxtəlif xəstəliklərdən əziyyət çəkənlərin müayinə, müalicə və reabilitasiya xidmətlərinə, zəruri dərman pereparatlarına, komunal xidmət xərclərinin ödənilməsində onlar üçün  güzəştlərin edilməsinə, infeksiyadan qorunma üsulları və sosial izolyasiya tədbirlərləri ilə bağlı ətraflı informasiya əldə etmələrinə və s. daha çox ehtiyacları var".

Ombudsman aztəminatlı ailədən olan, habelə özünəqulluq qabiliyyəti olmayan və tənha yaşayan əlilliyi olan şəxslərin mütəmadi olaraq infeksiya əleyhinə vasitələrlə (tibbi spirt, maska və əlcək) təmin edilməsini, müxtəlif xəstəliklərdən əziyyət çəkən əlilliyi olan şəxslərin səyyar formada müayinə, müalicə və reabilitasiya xidmətlərinə cəlb edilməsini, dispanser qeydiyyatında olmaqla əlilliyi olan, habelə risk qrupuna düşən müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin yaşayış yeri üzrə zəruri dərman pereparatları ilə təcili olaraq təmin olunmasını, əlilliyi olan şəxslərə kommunal xidmət xərcləri ilə bağlı təcili olaraq müvafiq güzəştlərin tətbiq edilməsini, yaşayış yeri olmayan əlilliyi olan şəxslər müəyyən edildikdə onların dərhal Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi ilə bağlı təcili tədbirlərin görülməsini, koronavirus infeksiyası ilə mübarizə üzrə qəbul edilən qərarlar, təklif və tövsiyələr, habelə, infeksiyadan qorunma üsulları barədə məlumatların əlilliyi olan şəxslərə, o cümlədən görmə və eşitmə məhdudiyyətli insanlara əlçatımlılığının təmin edilməsi məqsədilə müvafiq formatda (tiflo və surdo şərhlə) televiziya verilişlərinin, habelə onlayn proqramların yayımlanması və bu mövzuda Brayl əlifbası ilə bukletlerin çap edilməsini, pensiya, müavinət, təqaüd kartlarının vaxtı bitən əlilliyi olan müştərilərin kartlarının müvafiq banklar tərəfindən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində xüsusi karantin rejimi müddətinə uzadılmasını, sahibkarlıq subyektlərinin mövcud vəziyyəti nəzərə alaraq əlilliyi olan işçilərinə diqqət və dəstəyinin artırılmasını təklif edib.