Sürücülərinə NƏZƏRİNƏ ! - Hansı hallarda cərimə yazılır ? – Ətraflı izah


Karantin qaydalarının sərtləşdiyi günlərdə şəxsi avtomobili ilə hərəkət etmək istəyənlər arasında bəzən çaşqınlıq yaranır; avtomobil üçün icazə alanlar, özlərinin hərəkəti üçün də SMS vasitəsilə icazə almalıdırmı? Həmçinin bu günlərdə müddəti bitmiş sürücülük vəsiqəsi , yaxud avtomobilinin texniki baxışdan keçirilmə müddəti yetişənlər hara və necə müraciət etsin? Bu məsələlər qaydalarda necə nəzərdə tutulur?  Avtomobil sahiblərini və sürücüləri narahat edən məsələ ilə bağlı “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Sherg.az”a açıqlama verib:     


- Birincisi, vətəndaş avtomobilini qeydiyyata saldırıbsa, deməli, evdən çıxarkən əlavə izacə almağa, harasa SMS göndərməyə ehtiyac yoxdur.  Şəxsin özünün fərdi qaydada icazəsi  varsa,  avtomobillə hərəkət etməyinə problem yoxdur. Məntiqi cavab budur ki, SMS-lə icazə alıb şəxsi avtomobillə hərəkət etmək, avtobusla getməkdən daha təhlükəsizdir.  Amma avtomobillə hərəkətdə olarkən digər sərnişinlər evdən çıxmaq haqqında bildirişi  SMS vasitəsilə və ya kağızda, olmalıdır. Məncə, qaydalarla bağlı ziddiyətli məqamlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumat üstün tutulmalıdır.  Heç bir polis əməkdaşı istəməz ki, bu çətin günlərdə hansısa vətəndaşa karantinə görə cərimə yazsın. Ona görə də heç kim də gözünü döyə-döyə heç nədən xəbəri yoxmuş kimi küçəyə çıxmasın.  Gecə-gündüz TV-lər, radiolar deyir, göstərir, saytlar yazır, sosial şəbəkələrdə paylaşılır. 

Sürücülük vəsiqəsinin və texniki baxış müddətinin bitməsi, eləcə sığorta məsələlərinə gəlincə, E.Muradlı qeyd etdi ki, bunun üçün “ASAN Xidmət”ə müraciət edilməlidir. Amma bu məsələ elektronlaşdırılsaydı, daha rahat olardı: 



- Sürücülük vəsiqəsi məsələsi hələ ki, açıq qalıb. Məlum səbəblərə görə DYP-nin qeydiyyat-imtahan şöbələri işləmir, bu funksiya “ASAN Xidmət”ə verilib, onlar da məlum səbəblərdən işləmir hələ ki. Texniki baxışa görə isə güzəşt edilir. Amma bu, martin 29-dan sonra vaxtı bitənlərə aiddir. Martın 29-dan sonra və  texniki baxışa görə verilmiş əlavə 20 gün bitirsə, cərimə yazılmayacaq.  Texniki baxışa görə yol polisinin texniki baxış şöbələrinə müraciət etmək olar.  Sıgortaya  görə isə heç bir güzəşt yoxdur. Çünki sığorta haqqı istənilən formada – poçtla, onlayn qaydada, plastik kart vasitəsilə, ödəmə terminallarından, bank vasitəsilə… ödənə bilir.  

E.Muradlı bildirdi ki, vətəndaşlarımız hazırkı çətin məqamda daha da məsuliyyətli olmalıdır:

- Bir neçə gündür, cərimələrlə bağlı rəqəmlər açıqlanır. Nə qədər sürücü, piyada cərimələnir. Amma baxırsan, ertəsi gün yenə küçəyə çıxırlar, yenə cərimə olunurlar. Kimsə çıxır küçəyə, gəlib danışır ki, cərimə eləmədilər, başqası da deyir, “onda mən də çıxım”. Belə olmaz.