“Yeni kadrlar müasir çağırışların tələblərinə cavab verir”

“Bu, həm də ölkə vətəndaşının onun Prezidentindən olan gözləntiləridir”

“Hər bir vətəndaş ölkə başçısının bu qətiyyətli mübarizəsini təqdir edir, onun yanında olduğunu bildirir”




Azərbaycan Prezidentinin korrupsiya və rüşvət hallarına qarşı barışmaz mövqeyi son günlər bir neçə bölgədə həyata keçirilən xüsusi əməliyyat tədbirləri ilə bir daha özünü göstərdi. Cənab Prezident istər hökumət nümayəndələri ilə keçirilən müşavirələrdə, istərsə də vətəndaşlarla görüşləri zamanı həmişə vurğulayır ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərə heç bir güzəşt olmayacaq və onlar qanunla cəzalanacaqlar. Bəzi rayonlrın icra başçıları, icra hakimiyyəti nümayəndələrinin həbsi, barələrində istintaq hərəkətlərinə başlanması deyilənlərə sübutdur.        

Həyata keçirilən anti-korrupsiya tədbirləri ictimaiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir.  

İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında ölkədə pandemiya dövründən də sui-istifadə edənlərə qarşı sərt tədbirlərin həyata keçirilməsinin vacib olduğunu dedi: 
 
- Bu gün bəşəriyyət koronavirus (COVİD-19) pandemiyası ilə üz-üzə qalmaqda, açıq-aşkar onun mənfi təsirindən əziyyət çəkməkdədir. Vəziyyətin ağır olduğunu dərk edən dünyanın mütərəqqi qüvvələri bütün resurslarını bu bəla ilə mübarizəyə səfərbər edib. Azərbaycanda da Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi preventiv tədbirlər həyata keçirilməkdədir ki, bu qəbildən olan fəaliyyətlərin məqsədi bir tərəfdən pandemiyanın yayılmasının qarşısının alınmasından, digər tərəfdən ondan əziyyət çəkən cəmiyyətin həssas qruplarının, xüsusilə aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, onlara mümkün dəstəklərin göstərilməsindən ibarətdir. Çox ciddi müsbət nəticələr əldə olunmaqdadır ki, Cənab Prezidentin poçtuna sadə vətəndaşlar tərəfindən göndərilən minnətdarlıq məktubları və Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla bağlı bildirdikləri fikirlər bunun əyani sübutudur. 

Lakin ölkənin bu çətin günündə vəziyyətdən sui-istifadə etmək istəyənlər də var. Son günlər korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində əldə olunan nəticələr, xüsusilə ölkənin müxtəlif bölgələrində neqativ hallarda və qanunazidd əməllərdə, o cümlədən özbaşınalıq və mənimsəmədə şübhəli bilinən yerli icra hakimiyyəti orqanları nümayəndələrinin hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılması bir daha göstərdi ki, ölkə başçısının dəfələrlə məmurlara ünvanlanmış çağırışlarına əhəmiyyət verməyənlər var. Müxtəlif tribunalardan çıxış edən, bu və ya digər istehsalat müəssisəsinin əmək kollektivi ilə görüşlərdə fikir bildirən ölkə başçısı dəfələrlə məmurlara səslənərək deyib ki, “məmurlar xalq üçün yaşayırlar, xalqın xidmətçiləridir”. 

Təəssüf ki, son hadisələr göstərdi ki, özünü xalqın xidmətçisi hesab etməyən məmurlar yaranmış imkandan hər vəchlə faydalanmağı, xalqın malını mənimsəməyi bütün ülvi prinsiplərdən və qanunçuluqdan üstün tuturlar. Bu şəxslər nəinki kiminsə haqqını mənimsəyir, onların bu kimi əməlləri həm də dövlətçiliyi təhdid altına alan ciddi təhlükədir. Məhz buna görə cənab İlham Əliyev rüşvətxorluğa və korrupsiyaya qarşı amansız mübarizə aparacağını bəyan edib. Gündəlik əzmkar fəaliyyəti bu mövqedə necə qətiyyətli olduğunu əyani sübut edir. Hər bir vətəndaş ölkə başçısının bu qətiyyətli mübarizəsini təqdir edir, alqışlayır, tam əminliklə onun yanında olduğunu bildirir.

A.Allahverənov qeyd etdi ki, dövlətçilik naminə aparılan bu mübarizə həm də ölkənin icra orqanlarında ciddi kadr və struktur islahatlarının aparılmasının vacib olduğunu göstərir:

- Hazırkı şəraitdə bütün dövlət orqanlarında idarəetmə sisteminin optimallaşdırılması və məsul dövlət vəzifələrinə yeni kadrların cəlb edilməsi müəyyən edilmiş yeni çağırışların tələblərinə cavab verir. Bu, həm də ölkə vətəndaşının onun Prezidentindən olan gözləntiləridir. Çünki son illər müxtəlif məsul vəzifələrə təyin edilmiş yeni kadrlar gündəlik fəaliyyəti ilə həm ölkə başçısının, həm də sadə vətəndaşların etimadını qazana bilmişlər. Bu, hər bir ölkə vətəndaşının öz Prezidentinə olan həm etibarı, həm də inamıdır. Əminliklə deyə bilərəm ki, pandemiya şəraitində nümayiş olunan vətəndaş həmrəyliyi və Cənab Prezidentə olan etimad, bir tərəfdən, onun rüşvətxorluğa və korrupsiyaya qarşı apardığı mübarizəni bir qədər də gücləndirəcək və digər tərəfdən, mümkün riskləri azaltmaq məqsədilə dövlət idarəetməsinə xalqın inandığı, bacarığı, yüksək intellekti, peşəkarlığı, Dövlətinə və Millətinə sədaqəti ilə xarakterizə olunan yeni kadrların təyinatı məsələsində iradəsini və istəyini daha qətiyyətli edəcəkdir.