DTX-nin həbs etdiyi Vilyam Hacıyev sahibkardan 172 min manat rüşvət alıb 

Dövlət Təhlükəsizliyi Xidməti İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin saxlanılması ilə bağlı görüntülər yayıb.
Görüntülərdən aydın olur ki, Vilyam Hacıyev tabeliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edib.

Sahibkar Səyalı Səfərova istintaq zamanı bildirib ki, keçmiş icra başçısı tərəfindən rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilən vəsaitin 30 faizinin geri qaytarılması tələb edilib:

“Sonuncu dəfə martın 25-də Vilyam Hacıyevin Elçin adlı sürücüsü mənə zəng etdi və Şüvəlanda yaşadığım evin qarşısında ona 172 min manat verdim”.
DTX-də aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.