Geriyə yol yoxdur: “Xalqın malına göz dikən məmurlara qarşı mübarizə davam edir” 

“Ölkə başçısının xəbərdarlığını gözardı edib korrupsiyaya əl atan  şəxslərin isə dövlət idarəçiliyində yeri olmayacaq”


"Prezident İlham Əliyev 2018-ci ilin Prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində gələcək prioritetlərdən  danışarkən qarşıda duran vəzifələrlə yanaşı inqilabi islahatların anonsunu  vermişdi.  Bu gün isə biz inkişafa xidmət edən islahatlarla bağlı həmin anonsların ardıcıl olaraq həyata keçirildiyini görürük".
Bu sözləri  “Sherg.az”a millət vəkili Bəhruz Məhərrəmov deyib. 
Deputat hesab edir ki,  2019-cu ildən başlanan bu  islahatlar həm kadr, həm də struktur islahatları kimi  təqdirəlayiq haldır. Bu islahatların mərhələli şəkildə həyata keçirilməsi və müsbət bəhrə verməsi çox sevindiricidir:  

"Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam etdirilir.  Ötən il bu sahədə geniş vüsət almış islahatlar müsbət nəticələrlə ifadə olunub və bu il də proses pozitiv tendensiya ilə müşaiyət olunur". 

Həyata keçirilən islahatların yeniləşməyə, inkişafa xidmət etdiyini xüsusi vurğulayan millət vəkili deyib ki,  tələblər  kifayət qədər sadədir.  Əgər dövlət başçısı  özünün  xalqın xidmətçisi olduğunu deyirsə, məmurların  bu xəttən  kənara çıxmasının nə etik, nə də hüquqi  baxımdan izahı var: 

"Prezident İlham Əliyev demək olar ki, bütün müşavirələrdə işində nöqsanlara yol verənlərin cəzalanacağını təkrar- təkrar vurğulayıb, bütün məmurların məhz bu prinsiplə işləməli olduğuna dair xəbərdarlıq edir. Təbii ki,  islahatların əsas məqsədlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bundan sonrakı proseslərdə də islahatların davamı gözləniləndir.  Bu xətlə uyğunlaşan şəxslər öz vəzifəsində qalacaq, ölkə başçısının xəbərdarlığını gözardı edib korrupsiyaya əl atan  şəxslərin isə dövlət idarəçiliyində yeri olmayacaq. Ölkə başçısı ortaya kifayət qədər sərt iradə qoyub ki, xalqın malına göz dikən  məmurlara güzəşt edilməyəcək. Məmurlar prezidentin çıxışlarından,keçdiyi  dərsdən ibrət almalıdır. Onlar bilməlidirlər ki, bu proses davam edir, dayanmır. Artıq geriyə yol yoxdur".