Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Kəlbəcər rayonundan olan məcburi köçkün Fazil Məlikov məktubunda yazır:
“Hörmətli cənab Prezident, xalqımız üçün bu narahat günlərdə mən də Sizə məktub yazmağı özümə borc bildim. İlk növbədə, qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbər təyin olunduğu 1969-cu ildə mən Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Həmin illərdə bir çox tələbə kimi, mən də müxtəlif dövlət tədbirlərində iştirak etmişəm, Ulu Öndərin necə böyük siyasi xadim olduğunu yaxından görmüşəm. Xoşbəxtlik mənə Zərifə xanım Əliyevanı da görməyi qismət edib. Belə ki, göz xəstəlikləri üzrə təcrübə dərslərini Zərifə xanımın işlədiyi tibb ocağında keçmişəm. Onun necə mehriban, sadə və savadlı bir həkim olduğuna şahidlik etmişəm.
Əziz Prezidentimiz, Siz bu ziyalı ailənin layiqli davamçısı olaraq insanlara qayğı göstərir, ölkəmizin uğurlu inkişafını təmin edirsiniz. Mən bir həkim-pediatr olaraq bilirəm ki, xəstəliyin profilaktikası onun müalicəsindən daha asan və səmərəlidir. Sizin koronavirus xəstəliyinə qarşı vaxtında tədbirlər görməyinizin nəticəsidir ki, Azərbaycan bir çox ölkələrdən daha az yoluxma və ölüm halına malikdir. Əminik ki, Siz bu çətinliyin də öhdəsindən gələcəksiniz. Biz kəlbəcərlilər Sizinləyik. Bir daha Sizə təşəkkür edirəm”.