Yeddi il əvvəl dopinqə düşmüş 18 idmançımız təmizə çıxa bilər - RƏSMİ

“Biz rəsmi olaraq cərimə kimi Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına (IWF) Anti-Dopinq qaydalarının maliyyə sanksiyasına görə 500 min dollar vəsaiti ödəmişik. Bu, 2013-cü ildə 18 idmançımızda dopinq tapıldığına görə ödənilən məbləğdir. Bu məbləğ ödənildikdən sonra Azərbaycan idmançıları beynəlxalq yarışlara buraxılıb”.

Bunu Oxu.Az-a Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov deyib.

IWF-nin sabiq prezidenti Tamaş Ayan maliyyə yeyintilərində – 40-a yaxın pozitiv çıxmış dopinq testlərin üstünü rüşvətlə ört-basdır etməkdə, dopinqə düşmüş federasiyaların ödədiyi cərimə məbləğlərini mənimsəməkdə və rəhbərlik etdiyi qurumun hesabatlarına daxil etməməkdə, o cümlədən 20 ildir, işlədiyi federasiyada prezident postuna seçilmək üçün müəyyən şəxslərə pul verməkdə ittiham edilir. Tamaş Ayan bu səbəbdən aprelin 15-də IWF prezidenti postundan istefaya göndərilib.

Kanadalı idman hüququ üzrə akademik Riçard Maklarenin hazırda apardığı araşdırmaya görə, ən çox cərimə pulu ödəyən federasiyalardan biri Azərbaycan olub. Bu üzdən də Azərbaycanın ödədiyi yarım milyon dolların 81 yaşlı Ayan tərəfindən mənimsənildiyi iddia edilir.