Prezidentə minnətdarlıq: “Yeni eranın başlanğıcı Sizə və dövlətimizə olan inamı daha da möhkəmləndirir”

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Bakının Nərimanov rayonundan Bəylər Əzimovun dövlət rəhbərinə məktubunda deyilir:
“Möhtərəm cənab Prezident, bu gün müstəqil respublikamızın əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub. Gənclərimizin sosiallaşması və cəmiyyətə düzgün inteqrasiyası üçün Sizin dəstəyinizlə davamlı olaraq xüsusi addımlar atılır. İmzaladığınız sərəncamlar insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Son aylarda dövlət strukturlarının modernləşdirilməsinə və yeni islahatlara xüsusi diqqət ayırırsınız. Rəhbər vəzifələrə gənc və bacarıqlı mütəxəssislərin, eləcə də müasir dünyagörüşünə malik kadrların təyin olunması bizi ruhlandırır. İnanırıq ki, seçib qiymətləndirdiyiniz, irəli çəkib vəzifələrə təyin etdiyiniz gənclər Sizin etimadını doğruldacaq və öz vəzifələrini layiqincə yerinə yetirəcəklər. Gənclərimizin Yeni Azərbaycan Partiyasına inamı ulu öndərimiz Heydər Əliyevin apardığı siyasətdən və Sizin bu siyasəti uğurla davam etdirməyinizdən qaynaqlanır. Azərbaycanda yeni demokratik eranın başlanğıcı vətəndaşlarımızda Sizə və dövlətimizə olan inam və etibar hissini daha da möhkəmləndirir. Cənab Prezident, ölkə gəncləri adından Sizə bir daha dərin təşəkkürümüzü bildirir, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayırıq”.