“Sərt sanitar-gigiyenik qaydalar tətbiq edib həyatımıza davam etməliyik. Bunun başqa yolu yoxdur"
Son günlərdə yoluxma sayının artması yenidən bəzi qadağaların tətbiqi məsələsini gündəmə gətirdi. Və hökümət bu istiqamətdə müəyyən qərarlar qəbul etməyə məcbur oldu.
Qeyd edək ki, xəstəliyin artım dinamikasına səbəb əhalinin əksər hissənin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları və digər mövcud qaydalara əməl etməmələri göstərilir.
Son günlər Azərbaycanda “COVİD-19” virusuna yoluxanların sayının 500-ün astanasında olduğunu təəssüflə vurğulayan Beynəlxalq İdarəetmə sistemləri üzrə aparıcı auditor Asif İbrahimovun “Sherg.az”a açıqlamasına görə, yoluxmaların sayında müşahidə olunan intensiv artım onu göstərir ki, biz hardasa səhv edirik.
A. İbrahimovun sözlərinə görə, beynəlxalq idarəetmə standartlarının fəlsəfəsinə görə uyğunsuzluqların arada qaldırılması prosesi həyata keçirilərkən həmin uyğunsuzluğun özünə deyil, onun səbəbinə, kök nədəninə diqqət yetirmək lazımdır:
"Sanitariya və Gigiyena sahəsində Beynəlxalq standartların tələblərindən və beynəlxalq praktikalardan istifadə etməli, gündəlik həyatımızı buna uyğunlaşdırmalıyıq. Yaşadığımız, işlədiyimiz, bütün istifadə etdiyimiz məkanları steril mühitə çevirməliyik. Sahə həkimlərinin fəaliyyətini stimullaşdırmalı, onların qapı-qapı düşüb müalicə zərurəti olan vətəndaşlarımızın müəyyən edilməsində bizə yardımçı olmasını təmin etməliyik.
Ajiotaj yaratmamaq naminə verdiyimiz qərarları ciddi təhlillər apardıqdan sonra ictimaiyyətə bəyan etməliyik. İnsanların özümüzə inamlarını təmin etməliyik".
Ekspert hesab edir ki, bir çox məsələlərdə mahiyyəti üzrə düzgün qərarlar verilsə idi, yoluxma hallarının bu qədər artımı müşahidə olunmazdı:
"Gəlin razılaşaq ki, bir çox xanımlarımızın saxladığı uzun dırnaqların içi bakteriayaların ən çox toplandığı və nəzarətsiz olduğu yerlərdir. Və ya çöldən evə gələndə paltarlarımızı, çantalarımızı necə təcridi edirik ki, özümüzlə gətiridiyimiz mikrobları ətrafa,evimizə yaymayaq? Bununla bağlı ictimaiyyətə hər hansı tövsiyyələr vermişik mi?
Bir çoxumuza bu məsələlər sadə və elementar görünə bilər. Mən düşünürəm ki, sərt sanitar-gigiyenik qaydalar tətbiq edib həyatımıza davam etməliyik. Bunun başqa yolu yoxdur".