“Virusu yaymaqla çox insanı öldürə bilərsiz. Bunlar sizin yaxınlarınız da ola bilər!”
"Hazırda ölkəmizdə virusun yayılması ilə bağlı ən ağır günləri yaşayırıq. Bunun isə səbəbkarı özümüzük! Metroda, qapalı yerlərdə, marketlərdə insanlar maskadan istifadə etmir, məsafə saxlamırlar".
Bu sözləri “Sherg. az”a açıqlamasında kardioloq Emil Hasilov deyib.
Hətta tibb işçilərinin arasında belə bu virusun varlığına inanmayan və təkzib edənlər olduğunu böyük təəssüf hissi ilə vurğulayan həkim deyib ki, cəmiyyətdəki inamsızlıq koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirlərinə kölgə salır:
"Təsəvvür edin, hər hansı bir adam xəstələnir, temperaturu yüksəlir, yatağa düşür, bütün qohum -əqraba ona baş çəkməyə gedir. Bu tragik, həm də gülməli bir vəziyyətdir. Bizim insanlarımız özlərini qorumaq əvəzinə virusun arealının genişlənməsinə rəvac verirlər.
Dəfələrlə bəyan edilib ki, qapalı olan hər yerdə maska taxılmalıdır. Avtobuslarda vəziyyət bərbaddır! Avtobus sürücüləri maskası olmayanları mindirməməlidirlər! Marketlərdə 1 nəfər nəzarətçi olmalıdır, maska taxmayanlar içəri buraxılmamalıdır!
Kardioloq olmağıma baxmayaraq hazırda mənə onlarla insan zəng edir ki, yaxınım bu vəziyyətdədir, heç bir xəstəxanada yer yoxdur. Bu isə o deməkdir ki, ağırlaşmış xəstələr evdə ölümlə üz- üzə qalırlar. Bu hallar yaxın həftələrdə getdikcə daha da artacaq! Bunun qarşısını isə biz özümüz ala bilərik! Xəstəlik simptomları olanlar və yaxınları vicdanlı olsunlar, başqalarından gizlətməsinlər bunu. Yüksək bədən hərarəti (bəzən hərarət 1 gün sonra itə də bilər), öskürəyi, boğaz ağrısı, bədən ağrısı, halsızlığı olan insanlardan xahişim, lap tələbim budur ki, cinayət törətməyin!
Virusu yaymaqla çox insanı öldürə bilərsiz! Bunlar sizin yaxınlarınız da ola bilər! Həkimləri aldadan xəstələr var. Özü şübhələnir ki virusa yoluxub, sonra temperaturunu dərmanla salıb özəl klinikaya gedir, həkimi və tibb personalını yoluxdurur! Bu hallara yol verməyək, axı biz bir- birimizin düşməni deyilik! Qaydalar hamı üçündür! İctimai nəqliyyatda maska taxanlar taxmayanları qınasınlar! Bəlkə ictimai qınaqla insanları xilas etmiş olarıq! Allah yardımçımız olsun!"