Hamı bilməlidir: “Qaydalara ciddi əməl edib, tədbirli olmaq lazımdır”

“Yoluxmamaq üçün vətəndaşlardan cəmi 3 şey tələb olunur: maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydaya əməl etmək”



Son günlər koronavirusa yoluxanların gündən-günə artması  cəmiyyətdə böyük narahatlıq yaradıb. Mütəxəssislərin fikrincə, karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan artım ilk növbədə məsuliyyətsiz davranış, tətbiq olunan qaydalara, tələb və tövsiyələrə riayət etməməklə bağlıdır.
Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün  iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi zəruridir. Vətəndaşlar bilməlidilər ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. 

"Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri, Tibb üzrə fəlsəfə doktoru  Yazgül Abdıyeva da “Sherg.az”a açıqlamasında “COVİD 19”a yoluxma sayının artmasını birmənalı olaraq vətəndaş məsuliyyətsizliyi ilə əlaqələndirib: 

"Bizim insanlar maskadan istifadə etmir. Edənlərin əksəriyyəti də düzgün istifadə etmir. Maskanı əllərində, ciblərində gəzdirib çirkləndirir və yenidən qapalı yerə girəndə ağızlarına taxırlar. Bu zaman da karbon qazı udulur və ağciyərin funksiyası zəifləyir. Virus üçün orqanizmdə münbit şərait yaranır".

Koronavirusdan qorunmaq üçün ictimai nəzarətin gücləndirilməsini vacib hesab edən  Yazgül xanım  deyib ki, ən çox yoluxma baş verən məkanlar,  mağazalar, apteklər, xəstəxanalar, ictimai nəqliyyatda karantin qaydaları ilə bağlı sərt tələblər qoyulmalıdır:

“Koronaviruslu xəstələr üçün nəzərdə tutulmayan bütün poliklinikalar və xəstəxanalarda müayinə olunan pasiyentlər testdən keçirilməlidir. Həkimlər qəbul etdikləri xəstələrin daşıyıcı olub olmadığını bilmədiklərindən  yoluxan şəxslər arasında tibb işçilərinin  sayı çoxdur.



Koronavirusa yoluxmaların artması elə bir mərhələyə çatıb ki, xəstəlikdən çox qorxu və həyəcandan insanlar səhv addım ata bilərlər. Hər kəs qorxu içində gözləyir: “Mən birdən yoluxaram....”

Yoluxmamaq üçün vətəndaşlardan cəmi 3 şey tələb olunur: maska taxmaq, sosial məsafə saxlamaq və gigiyenik qaydaya əməl etmək. Qaydalara ciddi əməl edib, tədbirli olmaq lazımdır.

Özündə COVİD 19 un əlamətlərini hiss edən şəxslər bunu ətrafdakılardan gizlətmək, işə gedib-gəlmək əvəzinə  vaxtında həkimə müraciət edib ilkin  yardım alsalar virusun əhatə dairəsi bu qədər genişlənməzdi. 
Dövlətimiz tərəfindən COVİD 19 la mübarizədə xalqımızı qorumaq üçün  hər tərəfli yardım göstərilir.
Hər birimiz bu mübarizəyə qoşulmalıyıq və xalqımıza dəstək olmalıyıq!

Bu xəstəliyin nə qədər davam etməsi bilinmir. Hər xəstə üçün dövlətimiz tərəfindən nə qədər büdcə xərclənilir. Həkimlərimiz fasiləsiz fədakarcasına xəstələrin sağlamlığı keşiyindədir. Xəstə sayı günü gündən artır. Yerləşdirmə məsələsində çətinlik yaranır.
Hazırda bütün vətəndaşlar (imkanlı və az imkanlı)dövlət tərəfindən  müalicə olunur.

Dövlət büdcəsinə dəstək olaraq, yaxşı olardı ki, imkanlı şəxslər, iş adamları və s müalicələri üçün özəl xəstəxanaya büdcə köçürsünlər.
Onlara ayrılan büdcələr isə az imkanlı vətəndaşlarımız müalicəsinə sərf olunsun. Eyni zamanda dövlət müəssələrində çatışmayan tibbi avadanlığın alınmasına sərf olunsun". 

Karantin rejiminin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayan həkimin sözlərinə görə, əhali  tələb olunan sosial izolyasiya qaydalarına əməl etsə, sentyabra ayına  qədər  virusa yoluxma sayında kəslin azalmalar müşahidə edilə bilər: "Yumşalma olsa əksinə vəziyyət daha da pisləşəcək. 
Hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısa müddətli, asan həlli yoxdur.

Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq".