Son günlərdə virusdan yoluxma hallarının sayı kəskin artıb.
Dövlət tərəfindən COVİD 19- la mübarizədə əhalinin sağlamlığını qorumaq üçün lazımı addımlar atılıb. Artıq vətəndaş olaraq hər birimiz bu mübarizəyə qoşulmalı və pandemiya ilə mübarizədə dövlətə dəstək olmalıyıq.
Bu yoluxmanın və yayılmanın qarşısını almaq hamımızın məsuliyyətidir. Ən vacib qabaqlayıcı tədbir isə fiziki məsafənin qorunması və qoruyucu maskaların taxılmasıdır.
Lakin gündəlik həyatda müşahidə olunan mənzərə bunun əksini göstərir.
İnsanlar nə ictimai nəqliyyatda, nə də marketlərdə maska taxıb, məsafəni gözləyir.
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyevin “Sherg.az”a açıqlamasına görə, hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlikə yaratmaqda davam edir. Vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur:
“Sosial şəbəkələrdə bir çox insanların pandemiya ilə əlaqədar yalan ifadələr işlətməsi həqiqətən bizi çox narahat edir. Düşünürəm ki, vətəndaş cəmiyyətləri bu cür insanlara qarşı mübarizə aparmalı və onların bu addımını ictimai qınaq hədəfinə çevirməlidir.
Xüsusən də gənclər təşkilatları, Azərbaycanda fəaliyyətdə olan ictimai-siyasi xadimlər, siyasi partiyalar güclərini birləşdirib dünyanı qorxuya salan pandemiyaya və bu infeksiya ətrafında avantüra yaradan qruplara qarşı birlikdə mübarizə aparmalıdır.
Bu mübarizə istiqamətində koronavirusdan qorunmaq üçün tələb olunan karantin və gigiyena qaydalarına riayət etməli, evdə qalmalı və bayıra çıxırıqsa, mütləq tibbi qoruyucu maskadan istifadə etməliyik.
Ancaq bu yolla bəşəriyyəti və sağlamlığımızı təhdid edən bu bəladan canımızı qutara bilərik. Gəlin, evdə qalaq, sağlam olaq. Biz birlikdə güclüyük!”.