“Son 17 il ərzində Azərbaycanın inkişaf strategiyası uğurla reallaşdırılır”
“Dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də isbat olunur”
Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Azərbaycanın özündən dəfələrlə böyük dövlətləri üstələyərək
“davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pilləyə yüksəlməsini "Sherg.az"a şərh edən politoloq İlyas Hüseynov nəticəyə əsasən Azərbaycanın regional lider olduğunu və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirdiyini deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanda həyata keçirilən struktur və intitusional islahatlar öz nəticəsini verməkdədir. Ötən ildən genişlənən uğurlu kadr islahatları da ölkənin müsbət imicinin formalaşmasına müsbət təsir edən amillərdən hesab olunur:
"Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib.
Rəqəmlərə nəzər salanda görürük ki, Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Bu da çox yüksək göstərici hesab olunur. Müqayisə üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur.
Hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Həmçinin qeyd olunur ki, Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub. Bərabərsizliyi ifadə edən "Gini coefficient" əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir".
İ.Hüseynovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin edib:
"Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Azərbaycanda dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın tətbiqi və sosial xidmətlər sahəsində innovasiyalar beynəlxalq göstəricilərdə də öz əksini tapıb. 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərib.
Bu mənada Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.
Son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Sadaladığımız bu faktlar isə Azərbaycanı regionun lideri statusunda olduğunu bir daha təsdiq edir".