Akif Nağı: "Böyük əksəriyyət Qarabağın azadlığı üçün döyüşməyə və yeri gəlsə, canını fəda etməyə hazır vəziyyətdə dayanıb"
Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətlər ediblər.
Dövlət Xidmətindən verilən məlumata görə, xeyli sayda Azərbaycan gənci könüllü olaraq döyüşə qatılmaq istəyir. Vətənin müdafiəsini qanunla müəyyən edilən vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək geri oturdulub. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu həlak olub.
Qəhrəmancasına həlak olmuş şəhidlərimiz dünən torpağa tapşırılıb.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə "Şərq" qəzetinə açıqlamasında QAT olaraq hər zaman ictimai rəyi müharibə ab-havasına yönəltməyə çalışdıqlarını deyib:
"Sözün açığı, artıq cəmiyyətdə döyüş ruhunun bu qədər yüksək olması bizi sevindirir. Şəhidlərimizin alqışlarla qarşılanması, gənclərin döyüşmək üçün cəbhəyə yollanması, məcburi köçkünlərin küçələrə axın edib əsgərlərimizə dəstək yürüşü etməsi çox gözəl bir nümunədir. Bəzən gənclərimizin unutqan olduğunu, döyüş, hərbi-vətənpərvərlik ruhlarının olmadığını deyirlər, amma reallıq fərqlidir. Azərbaycan gəncliyinin böyük əksəriyyəti Qarabağın azadlığı üçün döyüşməyə və yeri gəlsə, canını fəda etməyə hazır vəziyyətdə dayanıb.
Düzdür, indiki halda səfərbərliyə ehtiyac olduğunu düşünmürəm. Azərbaycan ordusunun şəxsi heyəti bir həmlə ilə düşməni məhv etmək qüdrətindədir. Lakin ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldilməsi baxımdan bu cür dəstək yürüşlərinin böyük əhəmiyyəti var. Xalqın öz əsgərinin yanında olması o deməkdir ki, hansısa maraqlı qüvvələr daxildə təxribat törətmək istəsə belə, buna yol verilməyəcək".