2020-ci il iyulun 14-15- də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarınınvətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər.
Bununla yanaşı, dünən gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı.
Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir.
Azərbaycan Ordusuna dəstək yürüşündən sui istifadə halları ilə bağlı "Sherg.az"a açıqlama verən millət vəkili Ceyhun Məmmədov Qarabağ, torpaq anlayışının hər bir azərbaycanlı üçün müqəddəs olduğunu deyib. Onun sözlərinə görə, hər birimizin böyük arzusu torpaqlarımızın tezliklə işğaldan azad olunması, düşməndən qisas alınması, öz dədə-baba yurdumuza qayıtmaqdır. Bunun gerçəkləşməsi üçün dövlət gərəkən bütün addımları atır və hər zaman atacaq”.
Bütün hallarda Qarabağdan qrup məqsədləri üçün istifadənin yolverilməz olduğunu vurğulayan deputat deyib ki, kütlə psixologiyası çox təhlükəlidir. Bu kimi vəziyyətdən hər zaman Azərbaycanı sevməyən qüvvələr maksimum yararlanmağa çalışırlar:
"Dünənki hadisələr bunu bir daha təsdiq etdi. Yürüşdə səmimi insanlarla yanaşı təxribatçılar da iştirak edirdilər. Səsləndirilən şüarlardan bu açıq hiss olunurdu. Xalqın Qarabağı istəməsi, döyüşə hazır olması sevindirici haldır. Ancaq kimlərinsə bundan başqa məqsədlərlə istifadəsinə yol verməməliyik. Əks halda tarix bizi bağışlamayacaq.
Dünən dövlət və ordu ilə birlik və həmrəylik nümayiş etdirdikdən sonra hər kəs Daxili İşlər Nazirliyinin müraciətini nəzərə alıb dağılışmalıydı. Milli Məclisə hücum etmək, Müdafiə Nazirliyinin binasına doğru yürüş anlaşılan deyildi. Dini şüarların, istefa tələblərinin səsələndirilməsinin heç yeri yox idi. Ən azından müqəddəs amal və məqsədə yaraşan davranış deyildi.
Hamımız anlamalıyıq ki, düşmənin əsas məqsədlərindən biri Azərbaycandakı sabitliyi pozmaq, ölkəni vətəndaş müharibəsinə sürükləməkdir. Məsələnin ən təhlükəli tərəfi də bu idi. Ona görə hər birimiz maksimum diqqətli olmalı, ehtiyatı əldən verməmliyik".
Qarabağ məsələsinə və sərhəddə baş verən hadisələr gəldikdə isə C. Məmmədov deyib ki, Azərbaycan dövləti bütün zəruri addımları atır. Ordumuz düşmənə layiqli cavab verir və verəcək. Dezinformasiyaları yaymaq, əhali arasında çaşqınlıq yaratmaq yalnız xəyanət və düşmənçilik kimi qiymətləndirilməlidir:
"Dünən baş verənlərin təhlili xarici qüvvələrin proseslərdən ölkəni qarışdırmaq üçün maksimum istifadə etməyə çalışdığını göstərdi. Ona görə heç kim provakasiyaya getməməli, ayıq-sayıqlığı əldən verməmlidir.
Onu da qeyd edim ki, dünəndən ermənilər sosial şəbəkələrdə Azərbaycanla bağlı xəbərlərə geniş yer verməyə başladılar. Bakıda yürüşün təşkil olunmasından sevinərək Azərbaycanda qarşıdurmanın baş verməsi barədə məlumat yayır və bundan sevinclərinizi gizlətmirdilər. Bu ölkənin düşmənlərinin çox olduğunu heç birimiz unutmamalıyıq.
Düşmənin sevinməsinə imkan verməməliyik. Qarabağın azadlığı birlik və həmrəylikdən keçir. İndiki durumda birlik və həmrəyliyə daha çox ehtiyacımız var".