“Sabitliyi qorumaq üçün səylərimizi birləşdirməliyik”

Orduya dəstək hər bir vətəndaşın borcudur. Bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. İyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi.
Lakin məlum aksiyada yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi. Bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlik idi.

Baş verənləri “Sherg.az”a dəyərləndirən millət vəkili Vüqar Bayramov bildirib ki, Tovuz istiqamətində gedən döyüşlər Azərbaycan ordusunun ölkə sərhədlərini qorumağa və vətən uğrunda sücaətlə mübarizə aparmağa qadir olduğunu bir daha təsdiq edir.
Deputat qeyd edib ki, sözügedən yürüşdə minlərlə insan paytaxtımızda müxtəlif şüarlar səsləndirərək Azərbaycan ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edib:

“Təəssüf ki, aksiya zamanı bir qrup insan mövcud vəziyyətdən başqa məqsədlər üçün istifadə etməyə, vətənpərvərlik, orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişməyə çalışıb. Aksiya iştirakçılarının əksəriyyəti, polislərin dağılma tələbinə əməl edərək evlərinə getdiyi halda, kiçik bir qrup polisin çağırışına əməl etməyib. Onlar orduya dəstək mitinqinin mahiyyətindən uzaqlaşaraq qeyri-qanuni şəkildə Milli Məclisin binasına daxil olub, binaya zərər vurub və parlamentin foyesində “Allahu-Əkbər” şüarları səsləndiriblər. Xalqımızın iradəsi, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”.

Parlament üzvü bildirib ki, düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir:
“Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməliyik. Cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi birləşdirməliyik”.