"Şəhidlərin adı çəkiləndə göz yaşları sel olur"

"Əgər yerli sakinlərə, ətraf rayonlardan, kəndlərdən sərhəd bölgəsinə axışan gənclərə icazə verilsəydi, Tovuzdan düz İrəvanın mərkəzinə qədər səngər qazardılar"




Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiq edir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və Vətən uğrunda şücaətlə mübarizə aparmağa qadirdir. Hərbi əməliyyatlar zamanı ordumuzun misilsiz rəşadətini, döyüş və intiqam əzmini paralel şəkildə Azərbaycan xalqı da yaşadı. İyulun 14-də erməni təxribatından və şəhid xəbərlərindən dərhal sonra hərbi əməliyyatlar gedən bölgəyə minlərlə tovuzlunun və digər rayon sakinlərinin axın etməsi bunun bariz nümunəsidir.

Əllərində üçrəngli bayrağımız sərhədə doğru yürüyənlər günboyu ərazini tərk etmədən himn oxudular, “Ali Baş Komandan, silah ver bizə!”, “İrəli, irəli, Azərbaycan əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndirdilər. Düşmənlə üz-üzə dayanmış əsgərlərimizə dəstək kampaniyaları hələ də davam etməkdədir. Əfsuslar ki, Tovuz rayonunun təxribata məruz qalmış kəndləri ilə bağlı çoxsaylı dezinformasiyalar da yayılır. Məqsədyönlü xəbərlərdə, guya, yerli sakinlərin təşvişə düşdüyü, bəzi insanların bölgəni tərk etmək istədiyi kimi həqiqəti əks etdirməyən məlumatlar tirajlanır.
Hadisələr yaşanan gündən bütün proseslərə yaxından şahidlik etmiş həmkarlarımızdan biri də tanınmış araşdırmaçı-jurnalist, “Hafiztimes.com” saytının təsisçisi Hafiz Əhmədovdur.

Tovuz rayonunun Köhnəqala kəndində yaşayan baş redaktor müşahidələrinə əsasən “Şərq”in suallarını cavablandırıb və şəxsən yaşadığı qürurverici olaylardan danışıb...

 - Hafiz bəy, ermənilərin Tovuz təxribatını sakinlər necə qarşıladı, ilk reaksiyaları nə oldu? 

 - Tovuzda döyüşlər başlayan ilk gündən bütün kənd sakinləri səfərbər oldular. İnsanlar gecələr də yatmır, küçələrə axışırdılar. Hamının ürəyi cəmi bir necə kilometr uzaqlıqda düşmənlə döyüşən Azərbaycan əsgərləri ilə döyünürdü. Uşaqlar, gənclər, yaşlılar sərhəd bölgəsinə, Ağdama gedirdilər. Kəndlərdən gələn gənclər polislərə deyirdilər ki, onları döyüş gedən əraziyə buraxsınlar. Yüzlərlə maşın döyüş gedən ərazinin yaxınlığına toplaşırdı. Gənclər “Qarabağ bizimdir, başqa yolu yox”, “Mərd oğullar irəli”, “Ən böyük əsgər, bizim əsgər” kimi şüarlar səsləndirirdilər. Əlbəttə ki, insanlarımızın çoşqusunu görən Azərbaycan əsgəri daha mərdi-mərdanə şəkildə düşmənlə döyüşürdü.
 
 - Kənd sakinlərinin əsgərlərimizə yardım etdiyi, evindən yemək-içmək daşıdığı deyilirdi. Bunların şahidi oldunuzmu? 

 - Döyüşlər başladığı gündən kəndlərin, ətraf rayonların sakinləri öz aralarında pul toplayaraq, su, corab, mayka, siqaret və s. alıb iri maşınlara yükləyir, əsgərlərə paylayırdılar. İnsanlar bunu özlərinə mənəvi borc bilirdilər. Hətta təzəcə pensiya almış yaşlı sakinlər, həyat yoldaşını itirmiş gənc xanımlar, hər kəs ordumuza dəstək olmağa çalışırdı. Şübhəsiz, Azərbaycan əsgərinin bu pullara ehtiyacı yoxdur. Dövlətimiz əsgərləri hər şeylə təmin edir. Ancaq vətəndaşlar döyüşməklərinə icazə verilmədiyi üçün başqa formada əllərindən gələni edirdilər. Şəxsən, dəfələrlə şahid oldum ki, Köhnəqala, İbrahimhacılı kəndləri və Qovlarda yaşayan insanlar iritutumlu maşınları böyük marketlərin önündə saxlayıb içini ərzaqla, sularla doldurur, əsgərlərimizin yanına daşıyırdılar. Yay olduğu üçün havalar dəhşətli dərəcədə isti keçir. Sakinlər evlərində kölgədə oturub sərin su içməyi özlərinə yaraşdırmır, əsgərlərə sərin sular göndərirdilər. İnsanlar sanki coşmuşdular. Qızğın döyüşlərin getdiyi vaxtlarda kənddə yaşayan yaşlı qadınlardan biri gecə saatlarında maşınımızı saxladıb həyəcanlı şəkildə mənə dedi: “Bala, hamı Ağdama sərhəddə getdi, amma oğlumu aparmadılar. Övladım hərbi xidmətdə olub. Nə olar, siz gedəndə onu da aparın, evdə dura bilmir, ürəyi partlayır”. 

 - Yəqin, şəhid xəbərləri əhalini daha çox hiddətləndirirdi...

 - Əlbəttə, şəhidlərimizlə bağlı xəbərlər hər kəsi dərindən sarsıtdı. Hər addımda, hər yerdə hamının ürəyi şəhidlərimizin ailələri ilə döyünür. Bacardıqları qədər şəhid ailələrinə dəstək olmağa çalışırlar. Yaşadığım Köhnəqala kəndində gənclər, Rusiyada yaşayan yerlilərimiz öz aralarında xeyli məbləğdə pul topladılar və şəhid ailələrinə çatdırdılar. Yas yerlərində şəhidlərimizin adı çəkilərkən göz yaşları sel olur. Bu mənzərə təkcə Tovuzun kəndləri ilə məhdudlaşmır. Şəmkir rayonunun Düyərli kəndində də insanlar əsgərlərimizə dəstək olmaq üçün əllərindən gələni edirdilər. Döyüş gedən günlərdə hər kəs sərhəd bölgəsinə axın etmişdi.

 - Erməni təxribatı zamanı mülki evlərə ziyan dəydi, 76 yaşlı vətəndaşımız həyatını itirdi. Sosial şəbəkədə məlumatlar yayıldı ki, guya, kimlərsə təşvişə düşüb evini tərk edir və s. İddiaların doğruluq payı varmı? 

 - Tovuz döyüşləri zamanı heç kim öz evini, yurd-yuvasını, rayonunu tərk etmədi. Əksinə, kilometrlərlə uzaqda məskunlaşmış əhali qızğın döyüşlərin getdiyi Ağdam kəndinə axışırdı. Azərbaycan əsgərinin arxasında, cəmi bir neçə kilometrliyində yüzlərlə insan, gənc toplaşıb Ordumuza dəstək ifadə edirdilər. Vətəndaşlara icazə verilmədiyi üçün bir az geridə dayanmışdılar. Əgər yerli sakinlərə, ətraf rayonlardan, kəndlərdən sərhəd bölgəsinə axışan gənclərə icazə verilsəydi, Tovuzdan düz İrəvanın mərkəzinə qədər səngər qazardılar. Hər kəs bir nəfər kimi Azərbaycan əsgərinə dəstək olmağı özünə müqəddəs amal bilirdi. Səngər qazmaq üçün yalvaran gənclər gördüm. Əsgərlərimiz xalqın qələbə şüarları altında döyüşürdü. Camaatın ürəyi orduyla döyünürdü. İllərlə Bakıda yaşayan, nadirən rayona gələn sakinlər də qızğın döyüşlər zamanı doğma bölgələrinə gəldilər. Körpə övladlarını da Tovuza gətirdilər. Hər kəs qələbəyə köklənmişdi.

İnsanlar inanırdılar ki, onlardakı ruh yüksəkliyi əsgərlərimizə də təsir edəcək. Səhəri gün Tovuzun mərkəzi parkında oturmuşdum. Cəmi bir neçə kilometr uzaqlıqda döyüşlər gedirdi, amma parkda uşaqlar oynayırdı. Biri digərinə deyirdi ki, “sənin əsgər forman varmı? Mənim əsgər paltarım var. Mən döyüşə gedəcəm”. Bu millətin nümayəndəsi heç vaxt ermənilərin qabağından qaçmaz. İnsanlar gündəlik təsərrüfatları ilə məşğul olurdular. Sərhəddə döyüşən əsgərimizə arxalanıb öz həyatlarını istədikləri kimi yaşadılar. Heç kəs döşəyini belinə sarıyıb öz torpağını tərk etmədi, son ana qədər əsgərimizə dəstək oldular, dövlətə bel bağladılar.

Təsəvvür edin, şəhidlərini dəfn edən ailələr belə ah-fəryad etmədilər ki, düşmənlə üz-üzə dayanmış əsgərlərimiz ruhdan düşməsinlər. Analar fəryadlarını öz içlərində boğdular, ağrı-acılarını ürəklərində yaşadılar. Çünki onların ürəklərində Vətən, torpaq sevgisi hər şeydən üstün idi. Ağdam kəndini addım-addım gəzmişəm və öz gördüklərimi deyirəm. Ermənilər mülki sakinlərin yaşadıqları kəndləri gecə-gündüz top atəsinə tuturdular. Qohumum o kənddə yaşayırdı. Səhərə qədər iki körpəsi ilə bərabər evlərini tərk etməmişdi. Ana deyir ki, top sədaları altında uşaqlar elə şirin-şirin yatırdılar ki... Hətta qadınlar döyüş zamanı evdə ən yaxşı, dadlı yeməklərini bişirirdilər ki, birdən hansısa əsgərin yolu düşər.

 - Ölkənin əksər yerində on minlərlə insan könüllü qeydiyyatdan keçdi. Çox güman ki, Tovuzda hər ailə bu addımı atıb...

 - Qızğın döyüşlər gedən zaman bir neçə dəqiqəlik evə baş çəkdim. Anam evdə idi. Tovuzun önəmindən danışıdıq. Qaçqın olmağın ağrı, əzablarını yada saldıq. Səhər tezdən Tovuz Rayon Səfərbərlik İdarəsinə getdim, hələ idarənin qapısı açılmamışdı. İşçilər gələn kimi birinci öz adımı könüllü kimi qeyd etdirdim. Gənclər axışıb gəlirdilər. Hətta bəziləri ilə həmsöhbət oldum. Öyrəndim ki, gənclərimizin əksəriyyəti aprel döyüşlərindən sonra da könüllü şəkildə orduya yazılıblarmış. Qürur duydum. Bəziləri yalandan dezinformasiya yayırdı ki, guya, kiməsə qan lazımdır. Camaat xəstəxanalara axşırdı ki, qan versinlər. Hamı qanı, canı ilə ordumuza dəstək olmağa çalışırdı. Həkimlərimiz isə bildirirdilər ki, qana ehtiyac yoxdur, yalan məlumatlara inanmayın. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Yerli camaat döyüş gedən bölgələrdə yad, tanımadıqları insan görən kimi tez ətrafına toplaşıb, kim olduğunu soruşurdular. Sənəd tələb edirdilər. Əgər şübhə duyurdularsa, həmin adamı ərazidən uzaqlaşdırırdılar. Gecə-gündüz keşik çəkirdilər. Hamı həmrəy idi, ürəklər, diləklər birləşmişdi. Məni döyüş bölgəsinə aparan taksi sürücüsü pul almırdı. Döyüş gedən yerləri mənə göstərərkən gözləri dolurdu. Deyirdi “mən keçmiş döyüşçüyəm, bu dağlarda illərlə döyüşmüşəm. İndi döyüşməyə icazə vermirlər. Ürəyim partlayır”. 

 - Bölgəni təmsil edən millət vəkilləri də ilk gündən Tovuza, hərbi əməliyyatlar gedən kəndlərə yollandılar. Amma onlar barəsində də müxtəlif dezinformasiyalar yayıldı... 

 - Mən də oxudum, çox üzüldüm. Hamısı cəfəngiyyatdır. Millət vəkillərimiz - Qənirə Paşayava, Arzu Nağıyev döyüşlər başlayan gündən sərhəddə oldular. Hətta gənclərimiz Ağdamda ordumuza dəstəyə gedəndə gecə saatlarında Qənirə xanımı dağ-təpələrdə görüb videosunu çəkmişdilər. Gəlib kənddə hər kəsə göstərirdilər ki, Qənirə xanım bu saat topun, atəşin altında sərhəddə, camaatın yanındadır. Kadrları mənə də göstərmişdilər. Deputatlarımız bu cür fədakarlıq və əzmkarlıq nümayiş etdiriblər. Onların əməyini, zəhmətini yerə salmaq nankorluqdur. İnsanlar səhərə qədər yollarda, dağ ətəklərində durub topları sayırdılar, deyirdilər ki, “üstünlük bizdədir, görün ermənini nətəri yerində oturtduq...”. Uzaq məsafələrdən iri təkərləri toplayıb döyüş bölgəsinə aparırdılar ki, birdən lazım olar. Silah daşımaq üçün icazə istəyən xanımlar da gördüm. Komandirlər insanların bu sevgisini və dəstəyini görüb təşəkkür edirdilər. 

 - Araşdırmalarınızdan dolayı xarici ölkələrdə kifayət qədər insanla ünsiyyətdə olursunuz. Sizə dəstək xarakterli müraciət edənlər, yazanlar oldumu? 

 - Dünyanın hər yerindən mesajlar alırdım. Hamı öz narahatlığını ifadə edib, dəstək olurdur. Xarici vətəndaşlarla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların da ürəyi Tovuzda döyünürdü. İllər öncə çox perspektivli bir gəncdən müsahibə götürmüşdüm. Amerikada Massaçusets Universitetinin İdarəetmə Məktəbində dövlət idarəetməsi və iqtisadi siyasət ixtisası üzrə ali təhsil alıb. Daha sonra Massaçusets Texnologiya İnstitutunda (MİT) Biznesin idarə edilməsini öyrənib. Mesaj göndərdi ki, Azərbaycana gələndə könüllü orduya yazılacaq. Əlbəttə, belə soydaşlarımızın sayı milyonlarladır. Bunların hamısı bizi millət olaraq qürurlandırır.