Türkiyə ordusunun ayaq səsləri eşidilir

Ermənistan Rusiyaya arxalanaraq Qafqazda daha "at oynada" bilməz

Ölkəmizdə birgə hərbi təlimlərini davam etdirən Türkiyə və Azərbaycan Silahlı Qüvvələri “əzələ nümayişi”ni Aralıq dənizinin şərqində davam etdirəcək. Türkiyə mediasının məlumatına görə, Azərbaycan Xəzər dənizi Donanması Türkiyənin Aralıq dənizində hazırlaşdığı təlimlərə qatılacaq: “Həmişə Türkiyənin dənizlərdə həyata keçirdiyi təlimlərə dəstək verən Azərbaycan Donanması Aralıq dənizində ticarət və enerji təhlükəsizliyinin təmin edilməsində Türk Silahlı Qüvvələri ilə əməkdaşlıq edəcək.

İki ölkənin dəniz qüvvələri arasında yekun anlaşmanın əldə olunması üçün həlledici mərhələyə çatdığı öyrənilib”. İki ölkə arasındakı əməkdaşlığa Qazaxıstan və Türkmənistanın da daxil olacağı istisna edilməyib. Məlumatda Türkiyə Donanması ilə Egey dənizində birgə hərbi təlimlər keçirən İspaniyanın da siyahıda olduğu bildirilib. Siyasi şərhçilərin qənaətincə, Azərbaycanın NATO ölkəsi Türkiyə ilə hərbi əməkdaşlığını qurudan dənizə daşıması və Qərb ölkələrinin təlimlərə qoşulması rəsmi Bakının hərbi-siyasi mövqeyini daha da gücləndirəcək. 

Məsələni “Şərq”ə dəyələndirən Azərbaycan Demokrat Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov hesab edir ki, Türkiyənin Azərbaycanla hərbi təmasları ilk növbədə iki ölkənin etnik və tarixi yaxınlığı ilə bağlıdır. Lakin politoloq bəyan edib ki, son hərbi təlimlər təkcə bu qardaşlıq və tarixi bağlılıqdan irəli gəlmir:

“Əvvəla deyim ki, Türkiyə artıq öz sərhədlərinə qapanmış, böyük güclər və hərbi birliklərdən dəstək uman bir dövlət olmaq istəmir. Doğru olaraq Suriya, İraq, Liviya və Aralıq dənizində ölkəsinin mənafelərini, strateji maraqlarını fəal müdafiə etmək xəttini yürüdür. Başqa sözlə desək, Türkiyə regionun real lideri kimi meydana çıxır və müəyyən addımlar atır. Bu addımlardan biri də Qafqazda möhkəmlənməkdir. Türkiyənin Azərbaycandan keçən transmilli lahiyələrdə iştirakçı olması qardaş ölkənin Qafqazda iqtisadi, siyasi və hərbi nüfuzunu gücləndirməyi tələb edir. Regionda sülh və əminamanlığın bərqərar olmasında Türkiyəyə ciddi vəzifələr düşür. Qardaş ölkə regionda üzərinə düşəni etməyə başlayıb. Bu, xalqımızın da çoxdan gözlədiyi bir prosesdir. Məhz buna görə Türkiyə ordusu Azərbaycanda böyük ümid və coşğu ilə qarşılandı. Ermənistanın Rusiyanın dəstəyinə arxalanaraq Qafqazda “at oynatması” mümkün deyil”. 

H.Rüstəmov vurğulayıb ki, Azərbaycan tərəfi yaranmış tarixi fürsəti doğru dəyərləndirərək Türkiyə ilə daha sıx hərbi əməkdaşlığa getməli, ərazilərimizi işğaldan azad etmək üçün maksimum çalışmalıdır:

“Türkiyə ilə quruda, havada, dənizdə birgə hərbi təlimlərin təşkil edilməsi zəruri və əhəmiyyətlidir. NATO-nun dəstəyinə gəlincə, indiki halda Türkiyədən başqa digər hər hansı hərbi alyans ölkəsindən hərbi dəstək almağımız qeyri-realdır. Amma bu qurumun ərazilərimizin işğalı ilə bağlı obyektiv siyasi münasibətini nəzərə alsaq, ən azından prosesə mane olmayacağını demək mümkündür. Əlbəttə, Azərbaycan NATO və Qərb ölkələri ilə normal əlaqələrini, o cümlədən mümkün hərbi əməkdaşlığını davam etdirməli və dərinləşdirməlidir. Bu məsələlərdə təcrübəli Türkiyə ilə birgə hərəkət etməliyik. Qardaş ölkənin bölgədəki hərbi və siyasi rolunun artması üçün əlimizdən gələni əsirgəməməliyik. Çünki Türkiyənin güclənməsi bizim də güclü olmağımız deməkdir”.