Müharibədən ziyan görənlərə YARDIM: “Yaralar sarınır”


“44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də hərbi əməliyyatların doğurduğu qaçılmaz problemlərin həlli idi. “Dövlət müharibənin vurduğu yaraları sarımaq üçün yetərli addımlar atacaqmı?” sualı ətrafında müəyyən dairələrdə fikir mübadiləsi aparılırdı.  Söhbət ondan gedir ki, Qələbə ilə nəticələnən hərbi əməliyyatlar zamanı şəhid olan və ya sağlamlığını itirmiş şəxslərlə yanaşı, mülki əhaliyə də ciddi ziyan dəyib.  Yəni sosial müdafiə tədbirləri elə həyata keçirilməli idi ki, Vətən müharibəsindən zərər görən mülki əhalinin də “yara”larına məlhəm ola bilsin. Erməni faşizmi nəticəsində Gəncə, Bərdə, Tərtər və digər ərazilərdə xeyli sayda mülki əhalinin əmlakına ziyan dəyib, 100-ə yaxın insan həyatını itirib, 400-dən çox insan isə yaralanmıb”. 



Bu sözləri “Şərq”ə açıqlamasında tanınmış jurnalist, siyahi-şərhçi Elman Babayev deyib. 
O qeyd edib ki, təqdir olunmalı haldır ki, dövlətin müharibədən ötən 1 aydan çox zaman kəsiyində atdığı sosial müdafiə xarakterli addımlar sırasında qeyd olunan kateqoriaya aid əhali xüsusi yer aldı:

 “İlk növbədə müharibə zamanı həyatını itirmiş mülki şəxslərə şəhid statusu verildi. Ardınca cəbhə xəttindən kənarda olan və Ermənistanın müharibə cinayətlərindən nəsibini almış şəxslərin əmlak problemlərinin həlli üçün addımlar atıldı. Prezident İlham Əliyev 6 noyabr tarixində “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncama imza atdı. Bu sənəddə problemin həlli üçün konkret tapşırıqlar əksini tapıb və Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq sənəd imzalanmış və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb.  Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib”.

Ekspert vurğulayıb ki, sərəncamda diqqət çəkən digər məqam Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi məsələsi idi: 

“Belə ki, məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir. Burada eyni zamanda, şəxsi, məkan və zaman informasiyaları, 10 ədədək foto və 3 dəqiqəlik video, qiymətləndirmənin məbləği və digər bu kimi məlumatlar da öz əksini tapacaqdır. Bu addım həm şəffaflığın təmin olunmasına, həm də ziyan görmüş əhali ilə bağlı dürüst bazanın yaradılmasına istiqamətlənmiş mühüm addımdır”.