Bahalaşma özünü bu aylarda daha ciddi şəkildə göstərəcək -İqtisadçıdan XƏBƏRDARLIQ

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə və zeytun yağlarının, limonun, əriyin, xiyarın, sarımsağın, soğanın, kartofun qiymətində müşahidə olunub.
Bu barədə “Sherg.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin avqust ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma kəsilmiş taxtanın, kərpicin, sementin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bildirilib ki, 2024-cü ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,0 faiz təşkil edib. Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən xalçaların yuyulması xidmətinin, internet xidmətinin, MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, əslində bu gözlənilən proses idi:

“Hətta yay aylarından proqnozlaşdırılırdı ki, Azərbaycanda kənd təsərrüfatı mallarının bahalaşması baş verəcək. Çünki ötən ilin eyni dövrü ilə müqayisədə, bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının tədarükündə 20 faizə qədər azalma müşahidə edilib. Bunun isə bir sıra səbəbləri var. Birincisi havanın əlverişsiz olması, digəri isə fermerlər üçün torpaq gübrələrinin qiymətlərinin bahalaşması idi. Yay aylarında müşahidə edilən problemlər zamanında həllini tapmaması özünü tədarükdə azalma ilə göstərdi. Nəticə etibarı ilə də artıq payız aylarında Azərbaycanda yerli tədarükün azalmasını və daxili tələbatın ödənməsi üçün bir sıra ərzaq məhsulları ilə bağlı tükənmələrin baş verdiyini görürük. Bu proses davam edəcək. Oktyabr, noyabr və dekar aylarında təminat problemləri çətinləşəcək. Tamamilə idxaldan asılı vəziyyətə düşdükdən sonra isə qiymətlər də artacaq. Bahalaşmaya səbəb olan digər məqam isə Azərbaycanda dizel yanacağının qiymətinin yüksəlməsidir. Yəni dizel yanacağının bahalaşması qiymət artımına birbaşa öz təsirini göstərdi. Bu həm əkinçilikdə, həm də maldarlıqda özünü biruzə verdi. Bütün sahələr üzrə həm yem təminatı, həm tarla şumlama mövsümünün başlaması, həm də biçim mövsümü dövründə dizelin bahalaşması xərclərin xeyli artımına səbəb oldu". 

Ekspert əlavə edib ki, Azərbaycanda saxlama soyuducu anbarların da sayı kifayət qədər azdır:
"Bunlar ümumi tələbatda çox az həcm təmin edə bilirlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan xarici ölkələrə, xüsusilə də Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edib. Hətta bu il ixracat göstəriciləri kifayət qədər yüksək olub. Bunun mənfi yanlarını isə bütün kənd təsərrüfatı məhsullarında, xüsusilə də kartof və pomidorda müşahidə etdik. Yəni xaricə daşınma, daxildə tələbin ödənilməməsi və qiymətin bahalaşmasına səbəb oldu. Bahalaşma isə davam edəcək. Bu özünü dekabr, yanvar aylarında daha ciddi şəkildə göstərəcək”.