Şəhərdə parklanma yerləri artırılmalıdır

Xüsusilə metrostansiyaların qarşısında qayda-qanun yaradılmalıdır

"Tıxacların əsas səbəblərindən biri parklanma yerlərinin olmamasıdır"


“28 May” metrostansiyasının qarşısında yeni parkomatlar quraşdırılacaq və parklanma yerləri müəyyənləşəcək. Məqsəd ərazidə nəqliyyatın, xüsusilə də ictimai nəqliyyatın rahat hərəkətini təmin etməkdir. Məlumdur ki, təkcə adıçəkilən ərazidə deyil, ümumiyyətlə, paytaxtda avtobus dayanacaqlarının qarşısı, ətrafı həm fərdi, həm də taksi xidməti göstərən avtomobillərlə tutulur. Avtobuslar dayanacağa daxil ola bilmir, yolun hərəkət hissəsində basırıq yaranır, bu da tıxaclara səbəb olur.

Həmçinin, uzun müddətdir  köhnə parkomatlar  işlək vəziyyətdə deyil. Amma avtomobillərin dayanmasına görə sürücülərdən ödəniş tələb edilir, bilinmir ki, bu ödənişlər hara, hansı ünvana çatır. Belə görünür ki, parkomatların yenilənməsinə başlanır artıq. Qiymətlər barədə isə hələ məlumat yoxdur. 

“Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Şərq”ə açıqlamasında “28 May” metrostansiyası qarşısında yeni parkomatların  Azərbaycan Dəmir Yolları QSC tərəfindən quraşdırıldığını dedi:

- Buna səbəb, birincisi, o ərazidə xaotik vəziyyətin olmasıdır. Təsəvvür edək ki, gün ərzində nə qədər insan dəmir yollarının xidmətindən istifadə edir (pandemiyanı nəzərə almasaq), gedən-gələn, yüklər daşınır, qonaqlar gəlir. Ölkəyə gələn birisi vaqondan düşür və vağzal önündə belə bir xaotik vəziyyətlə qarşılaşır. Bu, xoş görüntü deyil.  Ona görə də ADY QSC ərazidə yeni parkinqin yaranmasına göstəriş verib. Ərazidə parklanma yeri müəyyənləşəcək və parkomatlar qoyulacaq. Amma qiymət haqqında dəqiq məlumat yoxdur. Bildiyim qədər, qiymət bahadır. Təxminən Hava limanındakı qiymətlər kimidi. Ümumiyyətlə, Bakı şəhərində parklanma qiymətləri hələ də müəyyənləşməyib. Nazirlər Kabineti tərəfindən vahid qiymət müəyyənləşənədək belə şərait davam edəcək. NK tərəfindən tarif müəyyənləşərsə, o zaman hava limanı, dəmir yolu vağzalında da vahid tarifə uyğun qiymətlər olacaq. 

E.Muradlı qeyd etdi ki, paklanma yerlərinin şəhərin digər ərazilərində aranmasına ciddi ehtiyac var: 

- Xüsusilə metro stansiyalarının qarşısında qayda-qanun yaradılmalıdır. Tıxacların əsas səbəblərindən biri parklanma yerlərinin olmamasıdır. Konkret ərazilər müəyyənləşmədiyi üçün maşını kim harda istəyir saxlayır. Yolun hərəkət hissəsini zəbt edirlər. 4 zolaqlı yol 3-ə, 3 zolaqlı 2-yə, 2 də 1-ə enir. Əlbəttə tıxac olacaq. Amma baxırsan ki, parklanma harda olacaq? Metrostansiyaların qarşısında elə basabasdı ki, əl qoymağa yer yoxdur, nəinki maşın saxlamağa. Bunun günahı metrostansiyaların qarşısında, ətrafında obyekt tikintisinə icazə vermiş icra hakimiyəti başçıları, məmurlardı. Elə basırıqdı ki, metronun çıxışını, girişini güclə tapırsan.  Bəzən taksilər, fərdi avtomobillər üçün yer ayrılsa da, yenə də dayanacaqda saxlayırlar. Çünki yer tapmırlar saxlamağa. Bu porblem həllini tapmalıdır ki, avtobus öz yoluyla, taksi də öz yoluyla hərəkət etsin. Sərnşin də,  vətəndaş da rahat yolunu getsin.