"Azad etdiyimiz torpaqlarımız təpədən-dırnağa minalardan yoxlanmalıdır"

Ehtiyatda olan polkovnik: "Heç kim qarantiya verə bilməz ki, ermənilər ərazimizdəki bütün minaları sənədləşdirib"

"Ərazilərin təxminən 70-80 faizində axtarışlar insan gücü ilə həyata keçirilir və minalar əllə təmizlənir"

İşğaldan azad olunan ərazilərimizdə çoxsaylı minaların olması mülki əhalinin, eləcə də hərbçilərimizin həyatını itirməsi ilə nəticələnir. Noyabrın 28-də Füzuli rayonu ərazisində 4 mülki şəxs minalı əraziyə daxil olduqları üçün həlak olub. Dekabrın 13-də Ağdam sakinləri olan iki nəfər rayonun Şahbulaq kəndi ərazisində minaya düşüb, onlardan biri həyatını itirib. Dekabrın 21-də isə Füzuli rayonunda növbəti bədbəxt hadisə baş verib və dörd nəfər dünyasını dəyişib. Ümumən, üçtərəfli Bəyanatdan sonra 10-a yaxın insan həyatını itirib.

Rəsmi orqanlar dəfələrlə ictimaiyyətə icazəsiz bölgəyə səfər etməmək çağırışları etsə də, uzun illərin həsrəti bir çox insanları çağırışlara əməl etməməyə sövq edir. Nəticədə bu kimi bədbəxt hadisələrin şahidi oluruq. Bir sıra ekspertlər təklif edirlər ki, ərazilərin minalardan daha sürətli və dəqiq təmizlənməsi üçün minalanmış bölgəni əks etdirən hərbi xəritələr Ermənistandan tələb olunmalıdır. Onların sözlərinə görə, beynəlxalq hərb qanunlarına görə, ərazi minalandıqda mütləq sənədləşmə işi aparılır. Minaların hansı nöqtəyə basdırıldığını əks etdirən xəritələr hazırlanır. Hesab edilir ki, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan silahlı qüvvələrindən həmin xəritələr alınmalıdır. Bu, Rusiyanın, kommunikasiyaların bərpasını nəzərə alsaq, elə Ermənistanın özü üçün də lazımlıdır. 

Ərazilərimizin minalardan təmizlənmə prosesi ilə bağlı “Şərq”in suallarını cavablandıran Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik Mehman Qədiməliyev bildirib ki, bölgə üçün təhlükə yaradan sadəcə tank və piyada əleyhinə minalar deyil. Polkovnikin sözlərinə görə, ərazidə qalmış bütün partlamamış silah-sursatlar da təhlükə mənbəyidir və böyük risk daşıyır. Çünki bəzən mərmi atıldığı anda partlamır, amma sonra hər hansı insan toxunarkən partlayış baş verir...

  - Mehman müəllim, minalanmış ərazilərin təsvir olunduğu xəritələri Ermənistandan almaq mümkündürmü? Belə sənədlərin olması prosesə necə təsir göstərər?  

  - Doğrudur, minalanmış sahələrin sənədləri hazırlanır. Ancaq heç kim qarantiya verə bilməz ki, ermənilər ərazimizdəki bütün minaları sənədləşdirib. Ermənistan dövlətində və cəmiyyətində açıq müşahidə olunan özbaşınalıqlar, neqativ hallar erməni ordusunda daha çoxdur. Ona görə də torpaqlarımızın minalanma prosesinin xəritələrlə idarə olunmasını iddia etmək mümkünsüzdür. Hər halda Rusiya sülhməramlıları vasitəsi ilə Ermənistandan həmin sənədləri tələb etməliyik. Əgər varsa, versinlər. Ən azından təmizlənmə prosesinə nisbətən kömək olar. Amma yenə deyirəm, xəritələr olsa belə bütün minalanmış nöqtələri əks etdirəcəyini söyləmək qeyri-mümkündür. 

 - Sizcə, indiki axtarış tempi ilə Qarabağı nə qədər müddətə minalardan tam təmizləmək olar? 

 - Konkret hansı ərazinin minalandığını bilsəydik, müəyyən vaxt vermək olardı. Əfsuslar olsun ki, minalanmış ərazilərlə bağlı dəqiq bilgilər əlimizdə yoxdur. O səbəbdən bütün torpaqların minalanmış şəkildə qəbul olunmasına və ucdantutma axtarış aparılmasına zərurət var. Kim deyə bilər ki, yolun, yaxud körpünün sağı minalanıb, amma sol tərəf təmizdir?! Çayın bir sahilini axtarıb digər tərəfi boş buraxmaq olmaz. İşğaldan azad etdiyimiz torpaqlarımız təpədən-dırnağa yoxlanmalıdır. Xatırladım ki, üç gün öncə Tərtərdən Suqovuşan tərəfə çəkilən yolda tank əleyhinə mina partladı və bir texnika zədələndi. Harada hansı təhlükənin olduğu bilinmir.

 - Minaların təmizlənməsi sadəcə yerli mütəxəssislər tərəfindən həyata keçirilir, yoxsa xarici qruplar da var? 

  - Bu iş dövlət səviyyəsində aparılır. Azərbaycan Silahlı Qüvvələrinin istehkamçıları, ANAMA şirkətinin nümayəndələri, o cümlədən qardaş Türkiyənin minatəmizləmə qrupları Qarabağda fəaliyyət göstərirlər. Rusiyanın humanitar dəstələri də humanitar fəaliyyətə öz töhfələrini verirlər. Son günlər yeni minatəmizləmə vasitələri, müasir mexanizmlər də ölkəmizə gətirilib. Bütün bunlar ərazilərin minalardan təmizlənmə prosesini sürətləndirir. Məqsəd odur ki, təmizlənmə illərlə davam etməsin və yaxın zamanda yekunlaşsın”. 

 - Bütün ərazilərdə minatəmizləmə işi müasir texniki vasitələrləmi aparılır?

 - Yox, bu, mümkün deyil. Minatəmizləmə işi ərazidən, bölgənin coğrafi mövqeyindən asılı məsələdir. Qarabağın hər yeri düzənlik deyil ki, mina təmizləyən texnikalar rahat işləsin və insan itkisi riski aradan qalxsın. Əksər bölgələr dağlıq, dərəlikdir. Düzənlik ərazilərdə mexaniki maşınlardan istifadə mümkündür. Amma dağlıq ərazilərdə texnikaları işlətmək olmur. Ərazilərin təxminən 70-80 faizində axtarışlar insan gücü ilə həyata keçirilir və minalar əllə təmizlənir.