Şəffaflıq əsas şərtdir

Fürsətcil insanlar qazilərin, yaralıların adından istifadə edirlər

Yardımlar lazımi ünvana deyil, dələduzların əlinə keçir


Qazilər, yaralı əsgərlər  haqqında məlumatlar, fotolar  bəzən sosial şəbəkələrdə paylaşılır və onların köməyə ehtiyacları olduğu bildirilir. Bəzən bu şəxslərə aidiyyəti olmayan adamlar da onların adından müraciət edir, fürsətdən istifadə edib açılmış bank hesabına pul köçürülməsini istəyirlər.  Bir növ internet möhtəkirliyi, internet dələduzluğu edirlər. Sonrasa məlum olur ki, yaralı əsgər heç vaxt belə paylaşım etməyib, paylaşımdan xəbəri belə yoxdur. İlk növbədə bu, qazi qüruruna xələl gətirir. İkinci tərəfdən də insanların əsgərimizə qazilərə həssaslığından sui-istifadə hallarına yol açır. Azərbaycan dövlətinin əsgərinə olan qayğısı məlum həqiqətdir.

Bundan əlavə şəhid ailələrinə, qazilərə, ehtiyacı olan əsgər ailələrinə yardım üçün dövlət səviyyəsində "Yaşat" Fondu yaradılıb. Dövlətini, onun əsgərini sevən, şəhidləri ilə qürur duyan sıravi vətəndaşlar da, şirkətlər, müəssisələr də Fond yaranan  gündən ora ianələr, köçürmələr edirlər.

Bəlkə də diqqətdən kənarda qalan kimlərsə var deyə, sosial şəbəkələr üzərindən müraciətlər meydana çıxır? Ayrı-ayrı şəxslərin internet üzərindən yardım istəməsi nə dərəcədə düzgündür? 

İstisna edilmir ki, kiminsə həqiqətən yardıma ehtiyacı olsun, lakin belə halların dövlət səviyyəsində müəyyənəşdirilməsi daha düzgün olar, bizcə. 

Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsinin döyüşçüsü, qazi Rey Kərimoğlu “Şərq”ə açıqlamasında qayğıya ehtiyacı olan döyüşçülərin müəyyənləşdirilməsində problemlər yaşandığını dedi: 

- Bank hesablarının  açılması, yaxşıdı. Həqiqətən qayğıya  ehtiyacı olan döyüşçülər var. Lakin onları müəyyənləşdirmək, dəstək olmaq, yardım göstərmək məsələsində şəffaflığı təmin etmək çətin prosesdir. 

Sosial şəbəkələrdə biz qazilərin iştirakı ilə xüsusi qruplar yaradılıb, o qruplarda da fondlar təşkil edilib, ehtiyacı olanlar həmin qruplara bank kartlarının nömrələrini atırlar. Məsələn, belə qrupların ikisində mən varam. Kimsə kartını atır ki, bura yardım edin. Bacardıqca edirik, ətrafımızda olan dostları, tanışları da buna cəlb edirik. Başqa yol yoxdur, kömək etməliyik. Edirik də. Həm də çalışırıq, şəffaflığı təmin edək. Amma həmişə bu, mümkün olmur.

Çünki qruplara müraciət edənləri şəxsən tanımırıq. Onların həqiqətən müharibə iştirakçısı olub-olmadıqlarını da bəzən dəqiqləşdirə  bilmirik. Çünki belə bir sistem yoxdur. Biz birliyimizin üzvlərini tanıyırıq, döyüş yollarına bələdik. Amma başqaları haqqında məlumatımız olmur. Bunu müəyyənləşdirmək də vaxt aparır. Bir neçə il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilər, veteranlar, şəhid ailələri ilə bağlı siyahı hazırlamışdı.

O siyahıya əsasən müəyyənləşdirmək olurdu, kim-kimdir. Amma sonra belə tövsiyə edildi ki, bu siyahılar insan hüquqlarına ziddir. Hesab edirik ki, buna bənzər bir sistem yaradılmalıdır. Dövlət şəhid ailəsi, qazi, veteranlara bağlı elektron siyahı tərtib etməli və onu müəyyən mənbələrə açıq etməlidir ki, məsələn, Qarabağ Qaziləri Birliyi yardım göstərmək istədiyi şəxsləri dəqiqləşdirə bilsin. Yoxsa, bu məsələdə şəffaflığı təmin etmək çətin olacaq.

Fürsətcil insanlar yaranmış vəziyyətdən istifadə edəcəklər. Yardım lazım olan ünvana deyil, dələduzların əlinə keçəcək. Burda əsgər şərəfi, qazi qüruru da əsas məsələdi. Hər yoldan ötən qazinin, əsgərin adından müraciət etməməlidir.

Bunun üçün də şəffaflıq əsas şərtdir. Bir də ki, bu həm də vicdan məsələsidr. Kimin üçünsə müraciət edən adamın niyyəti saf deyilsə, bunda nəsə başqa məqsəd, qazanc güdürsə, vicdansız, şərəfsizdi.

İnsanlar belə məsələlərdə həssasdılar, əsgər, şəhid ailəsi, qazi adını görüb bacardıqca kömək edirlər. O yardımı, pulu ünvanına çatdırmaq qalır o adamın insafına, vicdanına.

Biz dələduzluğun qarşısını almaq üçün özümüz yaratdığımız qrupda votsap vasitəsilə bir-birimizlə yazışırıq, yardım olunan şəxsin kartına pul köçürüləndə çeki də votsapa yerləşdiririk və pulun o adama çatıb-çatmadığını şəxsin özündən öyrənirik.

Başqa bir qrupumuz var, harda ki yardım olunacaq, yardıma ehtiyacı olanlar barədə məlumatlar var. Bu qaydayla şəffaflığı təmin edirik.   

R.Kərimoğlu “Yaşat” Fondunun şəhid ailələri, qazilərə yardım məsələsində çalışdığını vurğuladı: 

- Ən doğrusu yardımların dövlət səviyyəsində edilməsidir. “Yaşat” Fondu şəhid ailələrinin statistikasını başa çatdırıb, hazırda qazilərin, yaralıların statistikası aparılır. Onlar da müəyyənləşdikdən sonra əlillik statusu almayanlarla bağlı çalışmalara başlanacaq.

Bilirik ki, bu məsələdə problemlər yaranacaq.  Ümid edək ki, o problemlər də həllini tapar.

Bizim elə imkanımız yoxdur ki, müraciət edənlərin kimliyini müəyyənləşdirək. Bu, dövlət səviyyəsində edilməlidir.

Şəhidlər, qazilər, veteranlarla bağlı dəqiq siyahı olmalıdır.