"Həftənin cümə günü ictimai nəqliyyatda insanlar “bir-birinin qucağında” gedir”
“Amma şənbə günü avtobuslar işləməsin deyə qadağa qoyuruq. Guya problemin qarşısını alırıq”
“Təklif edirəm ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılmasın”
Ölkədə müəyyən sahələr üzrə tətbiq edilən məhdudiyyətlərdə qismən yumşalma hiss olunur. Amma əhalinin gündəmdən düşməyən nəqliyyat problemi olduğu kimi qalır. Ekspertlər də deyir ki, avtobuslarda müşahidə edilən sıxlıq virusun yayılması üçün münbit şərait yaradır.
Xəbər verdiyimiz kimi, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Təhsil eksperti Kamran Əsədov "Facebook" səhifəsində bu barədə paylaşıb edib. O bildirib ki, karantin səbəbindən şənbə və bazar günləri ictimai nəqliyyat işləmir. Bu səbəbdən imtahan verəcək şəxslərin keçiriləcək məkana çatmağı problem yaradacaq:
"19 mindən artıq bakalavr da sənəd verib, imtahanda iştirak edəcək. İndi bu qədər insan imtahana necə gedəcək? Tutalım getdi, telefonla imtahanda iştirak edə bilməz. Gərək telefonu saxlamağa özü ilə bir də əlavə şəxs aparsın.
Taksi çıxış yolu deyil. Çünki adi şənbə və bazar günləri taksi tapmaq mümkün deyil. Çünki imtahanda telefonu saxlamaq üçün yer olmur. İnanıram ki, müvafiq qurum bu şənbə və bazar günləri ictimai nəqliyyatın işləməsi üçün müraciət edəcək. Mütləq şəkildə bu həftənin şənbə və bazar günləri ictimai nəqliyyat işləməlidir".
Mövzu ilə bağlı "Sherg.az" olaraq nəqliyyat ekaperti Elməddin Muradlı ilə əlaqə saxladıq. Ekspert deyib ki, həftə sonları ictimai nəqliyyata məhdudiyyət qoyulması Nazirlər Kabineti tərəfindən Operativ Qərargah vasitəsilə verilmiş qərardır. Bu qərarlar da əslində uzunmüddətli olmamalıdır:
"Həftənin cümə günü ictimai nəqliyyatda insanlar “bir-birinin qucağında” gedir, amma şənbə günü avtobuslar işləməsin deyə qadağa qoyuruq. Guya problemin qarşısını alırıq. Təklif edirəm ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılmasın. Doğrudur, avtobuslar tam dezinfeksiya olunmalıdır. Lakin bunu mərhələ-mərhələ etmək olar.
Bütün sahələrdə fəaliyyət bərpa olunub. İcitmai nəqliyyata qadağa qoyulursa, paralel olaraq verilən hər hansı qərara adekvat deyil. Metro bağlıdır, taksilər günü-gündən qiyməti qaldırır.
Operativ Qərargah bu məsələyə yenə baxmalıdır. Sanki Operativ Qərargah müvafiq qərarı verir, sonra yadından çıxarır. Bəzən elə təəssürat yaranır ki, nə isə unudulub. Bu dərəcə yanaşmaq doğru deyil.
Hər bir halda insanların durumunu dəyərləndirmək lazımdır. Milli Məclisdə də məsələyə toxunulub. Demək ki, problem var, məsələnin həlli yolunu göstərmək lazımdır”.