Vaxta qənaət olacaq, ödəniş asanlaşacaq

Mobil telefonların köməyi ilə alış-veriş mümkün olacaq

2021-ci ildə "MasterCard" Azərbaycanda QR ödənişləri inkişaf etdirəcək.
Bunu şirkətin Azərbaycandakı nümayəndəsi Erdem Çakar onlayn tədbir zamanı deyib.
Onun sözlərinə görə, mobil qurğular və müvafiq tətbiqlərlə müştərilər mağazalarda POS-terminallar vasitəsilə ödəniş edə bilər:
"Biz, həmçinin, ölkədə mobil qurğular vasitəsilə ödənişlərin inkişafı üzərində işləyirik. Bu gün "MasterCard"la mobil qurğu vasitəsilə "Kapital Bank" müştəriləri ödəniş edə bilir. Əminəm ki, bu layihəyə digər banklar da qoşulacaq".

E.Çakar əlavə edib ki, şirkət yaxın zamanlarda Bakı metrosunda "MasterCard" vasitəsilə ödəniş layihəsini reallaşdırmağı planlaşdırır.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Kazım Məmmədov "Şərq"ə açıqlama verərkən bildirdi ki, sözügedən metod digər obyektlərdə də istifadə edilməyə başlasa həm vaxt itkisinə yol verilməz, həm də asan ödəməyə keçmiş olarıq: "MasterKart bir neçə müddət idi ki, Azərbaycanda market ödəmələrinin asanlaşması yolunda "Kapital Bank"la əməkdaşlıq edir. İndi isə təkcə bir bankla yox, digər banklarla da əməkdaşlığa başlamaq niyyətindədir. Bu, çox yaxşı haldır.

Bəzən ödəmə kartı insanın üzərində olmaya bilir. Amma bizim mobil telefonlarımız hər zaman bizimlədir. Belə halda biz asanlıqla öz telefonumuz vasitəsilə POS-terminallara qoşulub ödəmə edə bilərik. 

Bu, bizim həm vaxtımıza, həm də ödəməni tam şəkildə asanlıqla ödəməmizə şərait yaradır. 

MaterKart bu layihənin Bakı metropolitenində də keçərli olmasını planlaşdırır. Düşünürəm ki, həmin metod kartla işləyən marşrutlarda və s. vasitələrdə də keçərli olsa fərdlər daha rahat ödəmə edə bilərlər. 

Bilirsiz, insanlar onsuz da pul ödəmək istəmirlər. Bir də uzaq məsafə edib metro kartına pul qoymaq və bu ənənəni tez-tez davam etdirmək onları usandırır. Belə olanda onlar nağd pul verib digərlərindən onların da yerinə ödəmə etmələrini xahiş edirlər. Məlum məsələdir ki, bu da söz-söhbətə, vaxt itkisinə, eləcə də gərginliyə səbəb olur. Amma həmin sistem telefonda mövcud olsa, problem də minimuma enmiş olar".

Ağarza Elçinoğlu