"Ujas" ləqəbli Əli igidliyi, hünəri, şücayəti ilə doğrudan da vəsf edilməyə layiq bir döyüşçü idi
“Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları 11 sentyabr 2023-cü ildə 1 saylı Tibbi Kliniki Xəstəxanada ailə üzvlərinə təhvil verildi”
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf ərazilərdə hələ də insan qalıqları aşkarlanır. Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad etdiyi ərazilərdə aparılan tikinti-quruculuq, abadlıq işləri gedişində qazıntılar zamanı bu qalıqlar üzə çıxır. Və məlum olur ki, erməni terrorçuların əsir aldıqları, girov götürdükləri azərbaycanlıların bir qismi kütləvi şəkildə , bəziləri isə tək halda basdırılıb. Çox güman ki, onlar sonradan terrorçular tərəfindən qətlə yetirilib, ola bilər, dəhşətli işgəncələrdən həyatlarını itiriblər və harada gəldi, necə gəldi basdırılıblar. Ailəsinin 30 il yolunu gözlədiyi, bir gün geri dönəcəyinə hələ də ümid bəslədiyi, Vətənimizin igid müdafiəçisi, döyüşçü Əli Heydər oğlu Hüseynovun qalıqları isə Xocavənd rayonunun işğaldan azad edilmiş Edilli kəndi ərazisində azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqda aşkar edildi.
Əlinin taleyi haqqında “Sherg.az”a yazıçı-publisist Kərim Kərimli məlumat verdi. K.Kərimli qeyd etdi ki, Əli Hüseynov yaşasaydı, 56 yaşı olacaqdı:
- Əli 23 avqust 1968-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub, 6 avqust 1993-cü ildə Füzuli cəbhəsində itkin düşmüşdü. Əli mənim bibimin oğludu. 30 il bütün ailəmiz onun yolunu gözlədi. Haqqında yaxşı xəbər çıxacağına daim ümid etdik. Əli böyük ailəmizin ən ərköyün və ən sevimli üzvü idi, özümüzə kiçik qardaş bilirdik, qardaş qədər xətrini istəyirdik. Əli torpaqlarımızın igid müdafiəçilərindən biri idi, çox cəsur idi, ona "Ujas" ləqəbi verilmişdi. Ötən illər ərzində Əli Hüseynov haqqında çox da geniş yazmağa, onu hamıya tanıtmağa çalışmamışıq. Qəlbimizin dərinliyində həmişə bir ümid işığı olub ki, birdən sağ olar və yazdıqlarımız da düşmənin əlinə keçər. İşgəncə verərlər… Doğum və itkin düşdüyü günlərdə qısa xatırlatmalarla kifayətlənmişik. Ancaq Əli, igidliyi, hünəri, şücayəti doğrudan da vəsf edilməyə layiq bir döyüşçü, qəhrəman bir Vətən oğlu idi. İnanıram ki, onun adı, xatirəsi bütün Azərbaycanın qəlbində və tarixində əbədi yaşayacaqsan, bütün şəhidlərimiz kimi Əli də heç vaxt unudulmayacaq.
K.Kərimli bildirdi ki, 2023-cü ilin avqust ayında Edilli kəndində kütləvi məzarlıqda aşkar edilmiş cəsəd qalıqlarının kimlərə məxsusluğunun müəyyən edilməsi üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən DNT analizi götürülüb:
- Cəsəd qalıqlarından birinin Əli Hüseynova məxsusluğu müəyyənləşdi. Bundan sonra Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları 11 sentyabr 2023-cü ildə 1 saylı Tibbi Kliniki Xəstəxanada ailə üzvlərinə təhvil verildi və elə həmin gün Füzuli rayonunun Araz Yağlıvənd kəndindəki qədim Şirvan Ata qəbiristanlığında uzun müddət övladlarının yolunu gözləyib vüsalına qovuşmadan bu dünyadan nigaran köçmüş valideynlərinin yanında dəfn edildi. Allah bütün gözü yolda qalanlara bir əncam çəksin!