İranın Zəngəzur həyəcanı artır -AÇIQLAMA

Amma heç vaxt həyəcan nəticəni dəyişə bilmir

 
 İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Rəsmi Tehran bu dəhlizin açılmasını özləri üçün “qırmızı cizgi”nin keçilməsi kimi dəyərləndirir.
İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”.
Anti-Azərbaycan çıxışları ilə tanınan İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani nazirindən qabağa gedərək "region araqarışdırıcısı" rolunu yenə oynayıb. O, Azərbaycanı nəzərdə tutaraq Zəngəzur yolunun açılması barədə deyib: “Bəzilərinin Sünikdən (Zəngəzur mahalı) keçən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”.
 İran rəsmilərinin bu açıqlamaları Azərbaycanda ciddi narazılıq yaradıb.  Haqlı olaraq ekspertlər İranı Zəngəzur dəhlizinin açılmasına mane olmaqda ittiham edib. Qeyd edilib ki, İran Ermənistandan keçməklə Naxçıvanla Azərbaycanı birləşdirəcək quru yolunu mühüm geosiyasi rıçaq kimi görür və Türkiyənin regionda artan təsirindən ehtiyatlanır.
Başqa bir ehtimal odur ki, İran Zəngəzur dəhlizi ilə Qərb-Şərq arasında əlaqələrin qurulmasına isti yanaşmır. Rəsmi Tehran daha çox Ermənistan ərazisindən keçməklə Gürcüstan üzərindən Avropaya çıxışın lehinədir. Bunun üçün də öz imkanlarından maksimum dərəcədə yararlanmağa çalışır. Hətta Hindistan,  Gürcüstan və digər ölkələri bu layihəni dəstəkləməyə çağırır.

 İqtisadçı-ekspert Eldəniz Əmirov “Sherg.az”a açıqlamasında deyib ki, İranın Zəngəzur dəhlizini qırmızı xətt kimi qiymətləndirməsinin əsas səbəblərindən biri tranzit gəlirlərdən məhrum olmaq qorxusudur.
İran ərazisindən keçən tranzit yüklərin həcminin  ötən illə müqayisədə 30 faiz artdığını vurğulayan ekspert  qeyd edib ki, 2023-cü il martından 2024-cü il yanvarına qədər İran ərazisi ilə 14,2 milyon ton yük tranzit keçib və İran bu 10 ay ərzində 1 milyard dollar qazanıb:  

“1979-cu ildən bəri sanksiyalar içində iqtisadiyyatı dağıdılmış İran bu növ gəlirlərə hazırda çox böyük ehtiyac duyur. İldən-ilə sanksiyaların sayı və əhatə dairəsi artır. Hələ iki il əvvəl İrana tətbiq edilən sanksiyalardan bəhs edən bir sənəd qarşıma çıxmışdı. Materialın həcmi az qala 100 vərəqə çatırdı, oxuduqca bitmirdi. Belə bir iqtisadi-siyasi sıxıntı yaşayan İran üçün tranzit ölkə kimi gəlir əldə etmək son çıxış yoludur. Bu gün Türkiyənin xarici ticarət strategiyasında Mərkəzi Asiya prioritet istiqamətdir. Ümumiyyətlə, Vahid Türk Dünyası prinsiplərinin gercəkləşməsi Türkiyənin xarici iqtisadi siyasətində Asiyaya doğru inkişaf meyillərini ciddi şəkildə artırıb.  2023-cü ilin sonunda Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsi rekord həddə - 6,4 milyard dollara çatıb; Özbəkistanla ticarət dövriyyəsi 3 milyard dollara çatıb, yaxın illərdə 5 milyard dollara çatmaq perspektivi var. Türkiyə Mərkəzi Asiya ölkələrinin beş əsas ticarət tərəfdaşından biridir və Türkmənistan üçün Türkiyə son illərdə Çini keçərək bir nömrəli ixracatçı olub.  
 Deməli, əgər Zəngəzur dəhlizi olmasa, Türkiyənin Mərkəzi Asiya üzrə artacaq ticarət dövriyyəsi İran üçün əla tranzit gəlirlər əldə etməsinə imkan, Türkiyənin özü üçün isə əlavə maneə və daha çox xərc deməkdir. Odur ki, bu gün Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında olmaqla bərabər, həm də Türkiyə və İran, Rusiya və Amerika, Fransa və region ölkələri arasında mübarizə obyektidir. İran isə qaçıracağı fürsətlərdən narahat olduğu üçün bu dəhliz üzərində daha çox həyəcanlıdır. Amma heç vaxt həyəcan nəticəni dəyişə bilmir”.