“Ölülər” aktualdırsa, demək, toplum dəyişməyib – Cəhalət!

O zamanlar Şeyx Nəsrullahlara nə qədər inanırdılarsa, indi falçılara o qədər inanırlar

“Məscidlərdə suallarına cavab tapa bilmirlər, falçılardan kömək istəyirlər”


Son illər ölkəmizdə falçılıq yeni biznes sahəsinə çevrilib. Qeyri-adi güclərinin olduğunu iddia edənlər özlərini vergili insan kimi təqdim edərək “qaz vurub qazan doldururlar”. Sanki Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində  “ölü cəmiyyət” adlandırdığı toplum hələ də dəyişməyib. O zamanlar Şeyx Nəsrullahlara nə qədər inanırdılarsa, indi falçılara o qədər inanırlar.

Cəmiyyət falçılara meyl qədər elmə və təhsilə də maraq göstərsəydi, indi cahillikdən əsər-əlamət qalmazdı. Heyhat! Bu günlərdə sosial şəbəkədə yayılan bir foto geniş müzakirə predmetinə çevrilib. Görüntülərdən çoxlu sayda insanın hansısa falçının qapısında növbə gözlədiyi aydın görünür. Əhalinin maarifləndirilməsi istiqamətində işlər görülsə də, dəyişən bir şey yoxdur. Yenə cahil insanlara, günlərini falçıların qapısında keçirənlərə, hətta bu işbazlara ətək-ətək pul tökənlərə rast gəlirik. 



Məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən ilahiyyatçı-alim Elşad Miri bildirib ki, bütün bunlar cəmiyyətimizdə bilgisizlik və cəhalətin olduğunu göstərir:

“Bu gün insanlar Qurandan xəbərsizdirlərsə, orada qeyd olunan-Allahdan başqa heç kimdən nəsə istənməməlidir-fikirlərinə önəm vermirlərsə, onların falçılara getməkləri qaçılmaz olur.

Çünki məscidə getdikləri zaman istədikləri ab-havanı ala, suallarına cavab tapa bilmirlər. Ona görə də belə yerlərə maraq göstərir, falçılardan kömək istəyirlər”.

E.Miri onu da diqqətə çatdırıb ki, falçılara üz tutanların əksəriyyəti qadındır:

“Bunun da səbəbi var: təəssüf ki, cəmiyyətimizdə və yaxud bir çox müsəlman ölkəsində qadınlar hər zaman məscidlərdən uzaqlaşdırılıb. Onlar üçün guya məsciddə cümə namazının vacib olmadığı bildirilib, evdə qalmalı olduqları iddia edilib.

Təbii ki, belə olduqda qadınların üz tutduqları yer ya falçı olur, ya da hansısa pirə və ocağa gedirlər. Bunun da acı nəticələrini görürük.

Bu gün cəmiyyətimizdə tədqiqatlar aparılsa, görərik ki, falçı yanına ən çox gedənlər kimlər və hansı tip insanlardır. Sorğular keçirilsə, dəqiq cavab üzə çıxar”.