Yuxuda uçmağın iki yozumu var

Psixoloqlar yuxularla bağlı ortaq yozumları təqdim edir 

Gördüyü qarışıq yuxular insanı həmişə narahat edir. “Görəsən, bu nə deməkdi? Nə olacaq? Başıma bir iş gəlməsin…” deyə gün ərzində təşviş keçirir. Yuxuların müxtəlif yozumları var. Qədim zamanlardan yuxuları yozan xüsusi adamlar olub. Bunu məsləyə çeviriblər. İnsanlar da onlara inanıb, yuxuya görə hərəkət edib, hətta vacib qərarlar da veriblər. Elə bilməyin ki, müasir həyatda belə hallar daha baş vermir. Günümüzdə də yuxulara böyük önəm verən, gördüyü yuxunun təsiri altına düşən və bu təsirdən qurtula bilməyənlər olur. Yuxulara müxtəlif xalqların yanaşmaları da müxtəlifdir. Bir azərbaycanlı üçün yaxşı əlamət hesab edilən yuxu, başqa bir xalqın nümayəndəsi üçün uğursuzluq əlaməti, ya da təhlükə xəbərdarlığı ola bilər. Psixoloqlar isə yuxularla bağlı ortaq yozumları ortaya qoyur. Ən çox görülən, ən çox rast gəlinən yuxulara ümumi yanaşma sərgiləyirlər. Yuxuların anlamı nədir? Yuxular nədən xəbər verir? Psixoloqların izahına baxaq.


Yuxuda yıxılmaq

Bu, əksəriyyətin yuxudaykən qarşılaşdığı bir haldır. İnsan özünü yataqdan yıxılırmış kimi hiss edir. Yaxud da sanki göydən yerə düşmək kimi bir hiss yaşayır. Yuxuda yıxılmaq iş, sevgi məsələləri, dostluqda yaşanan problemlərə işarə ola bilər. Eyni zamanda yuxu sahibinin sıxıntıdan qurtulacağı, rahatlıq əldə edəcəyi, üzüntü və kədərdən xilas olacağı anlamına da gələ bilər.

Çılpaq qalmaq

Özünü geyimsiz, adamlar arasında çılpaq şəkildə görmək də ən çox rastlanan yuxulardır. Mütəxəssislər belə yuxuları stresə, qayğıya, insanın özünü arxa-dayaqsız hiss etməsi ilə əlaqələndirir. Məsələn, yeni bir işə başlayan, insanların gözü önündə olan çalışanlar bu cür yuxunu daha tez-tez görür. Yuxuda özünü çılpaq görmək əsasən yaxşı əlamət sayılır. Yuxu sahibinin ailə və sosial həyatındakı problemlərin sona çatacağına, yaşanan sıxıntıların çözüləcəyinə, iş həyatındakı problemlərin qısa zamanda ortadan qalxacağına dəlalət edir.

Ölüm

Bəzən kimdənsə “qarışıq yuxu gördüm. Gördüm ki, “filankəs” ölüb”, sözlərini eşidir, kimdənsə “pis yuxu görmüşəm, yaxşısan? Hər şey normaldı?” mesajları da alırıq. Buna səbəb ölüm yuxularıdır. Yuxuda kiminsə öldüyünü, yaxud da özünün öldüyünü görmək ümumilikdə bəd əlamət sayılsa da, yuxunun əsas anlamı həyatda meydana gələcək böyük bir dəyişiklik, yeni bir başlanğıc kimi də yozula bilər. Bəzi xalqlarda yuxuda ölüm görmək səyahət anlamına gəlir, bəzi rəvayətlərə görə isə evlənmək, ailə qurmaq kimi yozulur. İnsanın özünü ölü halda, məzara aparıldığını görməsi isə insanın uzaq bir səfərə çıxacağına işarə hesab edilir. Əgər insan yuxuda öldüyünü və kəfənləndiyini görürsə, deməli, evlənəcək.

Yuxuda uçmaq

Belə yuxunun da iki yozumu var. Əgər yuxuda uçduğunuzu görmüsünüzsə, real həyatda hansısa işin, məsələnin nəzarətinizdən çıxacağına işarə ola bilər. İnsan problemlərlə uğraşmaqdan yorulub, hər şeyi taleyin ümidinə buraxdığı zamanlarda belə yuxular tez-tez görülür. Belə yuxu həmçinin insanın rahatlanacağına, probelmlərinin bitəcəyinə də işarə hesab edilir.

Dişin düşməsi və ya sınması

Bu da tez-tez rastlanan yuxulardandır. Adətən insanlar belə yuxudan qorxur, həyəcanlanırlar, bəd xəbər alacaqlarına, nəsə pis bir iş olacağına inanırlar. Qorxmaqda haqlıdırlar da. Çünki yozumlarda belə yuxuların ağır xəstəlik, sıxınti xəbərçisi olduğu bildirilir. İnsan xarici görünüşündə də mənfi dəyişikliklər yaşaya bilər. Gün ərzində baş vermiş hansısa hadisəni, dediyiniz bir sözü davamlı olaraq düşündüyünüzdə də bu cür yuxu görə bilərsiniz.

Gecikmək

Yuxuda harasa geçikirsinizsə və bundan çox narahat olursunuzsa, getmək istədiyiniz yerə gedib çıxa bilmirsinizsə, bu, real həyatda çiyninizə daşıya bilməyəcəyiniz yük götürdüyünüzə, həddindən artıq işlədiyinizə, yorulduğunuza işarədir. Bu bir xəbərdarlıq da ola bilər ki, əməl edə bilməyəcəyiniz sözlər verməyin. Yuxuda işə gecikdiyini görmək isə iş həyatında uğursuzluqla qarşılaşmaq əlaməti sayılır. Deməli, iş həyatında daha diqqətli olmaq gərəkir. Gecikmək uğursuzluq, xəyal qırıqlığının göstəricisidir.

Məşhurlarla tanış olmaq

Məşhur bir insanı yuxuda görmək, onunla söhbət etmək həmin insanın sahib olduğu üstün keyfiyyətlərə önəm verdiyini göstərir. Həmçinin, yuxu görən insanın tanınmaq, qəbul edilməyə ehtiyac duyduğuna da işarədir.

Yuxuda siçovul görmək

Yuxuda siçovul görmək insanın səhhətiylə bağlı yozulur. Siçovul görən insanın xəstələnəcəyi düşünülür. Evdə siçanlar dolaşdığını görmək isə bolluq, bərəkət kimi yozulur. Yuxuda siçan tutmaq isə ətrafınızdakı bəd niyyətli birisini məğlub etmək anlamına gələ bilər.

Evlənmək

Yuxuda evləndiyini görmək zənginliyə yozulur. Birisi yuxuda evləndiyini görürsə, yaxın zamanda varlana, zənginləşə, bolluğa, bərəkətə qovuşa bilər. Yuxuda birisi evlənmək üçün razılıq alırsa, böyük bir mənfəət əldə edəcəyinə işarədir. Ümumiyyətlə, yuxuda evləndiyini görmək insanın arzularına çatacağını bildirir.

Aldadılmaq

Belə yuxular görən insanların real həyatda narahatlıq keçirdikləri, özlərini kimsəsiz, köməksiz hiss etdikləri məlum olur. Yuxuda aldadıldığını görmək bəd yuxu kimi yozulmur. Əksinə, insanın xoş günlər keçirəcəyi, rahatlanacağına işarə ola bilər. Belə yuxulardan rahatsız olmamaq, ona uyub təsir altına düşməmək lazımdır. Çünki əksinə, yuxuda aldadılan insana real həyatda yaxşı qismət, ruzi, xeyirli işlər nəsib ola bilər.