Avazları yaxşıdır, oxuduqları Quran olsa...

BNA həmişə ürəkaçan açıqlamalar verib, amma ortada real nəticə yoxdur

"Sərnişin var ki, bir gün işə gedib-gəlməyə 2 manata yaxın pul xərcləyir"

"İctimai nəqliyyatın harada, niyə axsadığını görmək üçün şəhərə yuxarıdan baxmaq lazımdır. Kabinetdə əyləşərək yox"

"Nəticə də budur ki, indiyədək ictimai nəqliyyata çəkilən xərclər görülən işlərə adekvat deyil"



Bakı şəhəri üzrə ümumilikdə 236 küçə və prospektdə dəyişikliklər edilməsi ilə bağlı yeni layihələr təklif edilib. Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər piyadaların təhlükəsizliyi üçün irəli sürülüb: "Bizim əsas strateji məqsədlərimiz alternativ vasitələr və piyadaların təhlükəsizliyini təmin etməkdir. Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir”.
BNA paytaxt yollarında hərəkətin təhlükəsizliyini təmin etmək üçün digər dövlət qurumları ilə birgə işlər həyata keçirir. BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib ki, işlərin əsas məqsədi piyadalaşmanın təmin edilməsidir: "Hədəfimiz şəxsi nəqliyyat vasitələrindən maksimum az istifadə edilməsini təşviq etməkdir. Yol infrastrukturunda layihələndirmə işləri bunun bir hissəsidir. Şəhərin mobilliyinin inkişafı, piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması bizim əsas strateji məqsədimizdir. Bu istiqamətdə 2030-cu ilə qədər Bakının mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb”.



2030-cu ilədək ictimai nəqliyyatda müsbət dəyişiklik baş verəcəkmi? Mövzu ilə bağlı fikirlərini “Şərq”lə bölüşən sosioloq Elçin Bayramlı BNA-nın fəaliyyətini sərt tənqid etdi: 

- Məsəl var, deyirlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. BNA daim belə ürəkaçan açıqlamalar verir. Lakin real işə gələndə, ictimai nəqliyyatdakı problemlərin həll edilmədiyini görürük. Sizə bir neçə nümunə göstərim; Salyan şossesi ünvanında yerləşən Jurnalistlər binasından mərkəzə gəlmək üçün sakinlər Lökbatan avtobusuna minməli və 40 qəpik gediş haqqı ödəməlidirlər. Bu məsələ dəfələrlə jurnalistlər tərəfindən qaldırılıb, amma illər keçsə də, məsələ həllini tapmır. Həmin binanın sakinləri niyə şəhərətrafı hesab edilən Lökbatan avtobusuna minməli və 40 qəpik gediş haqqı ödəməlidir? Niyə o əraziyə şəhərdaxili marşrut təyin edilmir? “20-ci sahə” dairəsinə bir neçə avtobus gəlir. Amma Jurnalistlər binasına yaxın bir dənə avtobus yoxdur. Əhmədli qəsəbəsindən “Neftçilər”ə, “8-ci kilometr” bazarına bəlkə 10 avtobus eyni xətt üzrə hərəkət edir. Amma Əhmədlidən “Koroğlu”ya yalnız “M2”, “M1”lər. Ona görə də sıxlıq yaranır. Bakıxanov qəsəbəsindən də şəhərin mərkəzinə heç bir marşrut xətti yoxdur. Əvvəllər var idi, ləğv etdilər. Bakıxanov qəsəbəsindən mərkəzə gəlmək üçün gərək sərnişinlər 2-3 avtobus dəyişsin. Eyni problem Əhmədli, Yeni Günəşli istiqamətində də mövcuddur. BNA ictimai nəqliyyatda elə bir vəziyyət yaradıb ki, sərnişinlər şəhərin bir ərazisindən digərinə getmək üçün mütləq 2-3 avtobus dəyişmək məcburiyyətində qalırlar. Deməli, fəaliyyət prinsipi daha az avtobusla, daha çox gəlir əldə etməkdir. Sərnişin var ki, bir gün işə gedib-gəlməyə 2 manata yaxın pul xərcləyir. Əsas gətirməsinlər ki, metropoliten işləmir, ona görə. Xeyr, bu vəziyyət  metropoliten fəaliyyətdə olanda da belə idi, indi də belədir. BNA sərnişin sıxlığını düzgü müəyyənləşdirə bilmir. Çevik qrafik tərtib etmir. Dünyanın bir çox ölkələrində ictimai nəqliyyatın hərəkəti saatla idarə olunur. Hansı saatda, günün hansı hissəsində sərnişin sıxlığı yaşanırsa, o zaman xəttə artıq sayda avtobus buraxılır, marşrutlararası interval azaldılır. Bizdə necədi? Avtobusların qrafiki gün boyu dəyişmir. Günorta saatlarında seyrəklik müşahidə edilən avtobuslarda səhər saatlarında və axşama doğru sıxlıq yaşanır. İnterval dəyişməz qalır. Halbuki, intervalı çevik qrafiklə tənzimləmək olar, sərnişin sıxlığı da azalar. Hamımız bu mənzərəni seyr edirik də, axşam saatlarında sərnişinlər avtobuslara minmək üçün ölüm-dirim savaşına çıxırlar. “Biz də evə getmək istəyirik”, “bir az da sıxlaşın” qışqırıqlarını çox eşitmişik. Axşam saat 8-dən sonra isə Bakı ətrafı kəndlərə, qəsəbələrə ümumiyyətlə avtobuslar işləmir. Sanki bu avtobuslar şəxsi mülkiyyətləridir. İctimai nəqliyyat bazar deyil, kim nə istəyir, elə də hərəkət etsin. İctimai nəqliyyat sosial həyatın vacib bir hissəsidir və vətəndaşların rahatlığının təmin edilməsi əsas funksiyasıdır. Olmalıdır, əsas funksiyası. Təəssüf ki, BNA-nın fəaliyyətində bu, görünmür. İctimai nəqliyyatın harada, niyə axsadığını görmək üçün şəhərə yuxarıdan baxmaq lazımdır. Kabinetdə əyləşərək yox. Özlərinə əziyyət verib şəhərdə müşahidə, araşdırma aparmırlar.  

E.Bayramlı qeyd etdi ki, ictimai nəqliyyatdakı problemlər idarəetmənin düzgün təşkil olunmamasından irəli gəlir: 

- Problem idarəetmədir. Bakıya ən müasir, komfortlu avtobuslar gətirilib. Küçələrdə görürük onları. Bu, BNA-nın xidməti deyil. Dövlət alıb o avtobusları. BNA-nın vəzifəsi bu müasir avtobusları ictimai nəqliyyatda düzgün istifadə etməkdir. Ən komfortlu avtobuslar da hazırkı sərnişin sıxlığı davam edəcəksə, dağılıb gedəcək. Avtobusun da bir tutum gücü var. “Qapıdan çəkilin, bağlansın”, qışqırmaqla bu avtobuslar da köhnə “Dayvo”ların gününə düşəcək. BNA bu işin öhdəsindən gələ bilmir, etiraf etsinlər, mütəxəssilər dəvət etsinlər, ya daxildən, ya xaricdən problem köklü həllini tapsın. Yoxsa ki, bir ucdan təzə avtobuslar alınır, amma sərnişin sıxlığı problemi həll edilmir. Büdcə vəsaitləri hesabına indiyədək alınan avtobuslarla şəhərdə ictimai nəqliyyatı nümunəvi şəklə salmaq mümkündür. Sadəcə, BNA bunu bacarmır, bəlkə də sərf etmir onlara. Nəticə də budur ki, indiyədək ictimai nəqliyyata çəkilən xərclər görülən işlərə adekvat deyil.