İllərdir bazarda saxta nehrə yağları satılır


"Təkcə Yevlax bazarında yox, əksər bazarlarda vəziyyət eynidir"

"Biz dəfələrlə bildirmişik ki, “Nənəmin yağı” adı altında istehlakçıya satılan nehrə yağları saxtadır"

"AQTA-nın fəaliyyətini gücləndirmək lazımdır. Bu işdə əhali də fəal olmalıdır"


Bazarlarda “nehrə yağı” adı altında bitki mənşəli yağlar satılır. Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırma nəticəsində təsdiqlənib. AQTA tərəfindən Yevlax rayonu, Yevlax şəhəri, Fizuli küçəsində fəaliyyət göstərən hüquqi şəxs “Yevlax-Mərkəzi Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında yoxlama keçirilib. AQTA-nın məlumatına görə, yoxlama zamanı bazarın qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı, satışa çıxarılan heyvan mənşəli məhsulların (süd və süd məhsulları, yumurta və s.) baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, temperatur rejiminə və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, bazar ərazisində antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan quşların kəsiminin, həmçinin mənşəyi məlum olmayan turşuların satışının həyata keçirildiyi, ərzaq satışı mağazalarında mal qonşuluğu prinsipinin pozulduğu müəyyən olunub.

Eyni zamanda, qida məhsulları ilə birbaşa təmasda olan şəxslərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, vaxtaşırı olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Laborator müayinələrin aparılması üçün baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməmiş nehrə yağı adı altında satışa çıxarılan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılmış müayinələr nəticəsində nehrə yağının istehsalı zamanı bitki mənşəli yağlardan istifadə edildiyi aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bazarda saxta nehrə yağlarının olduğu illərdir deyilir: 
- Bu barədə illərdir deyilir, istehsalçılardan çoxsaylı şikayətlər, narazılıqlar daxil olur. Təkcə Yevlax bazarında yox, əksər bazarlarda vəziyyət eynidir. Biz dəfələrlə bildirmişik ki, “Nənəmin yağı” adı altında istehlakçıya satılan nehrə yağları saxtadır. İstehlakçılar illərdir aldadılır. Həmçinin, kənd qatığı, kənd qaymağı adı altında tərkibinə marqarin, bitki yağları əlavə edilmiş saxta süd məhsulları bazara çıxarılır. Eyni vəziyyət “Gəncə qaymağı”na da aiddir. “Kənd yumurtası”, “kənd çolpası” da həmçinin. İşbazlar əhalinin kənd məhsullarına marağını, tələbatı görüb saxta məhsul istehsalı ilə məşğuldur.  Hazırda 20 saxta “İvanovka” mağazası var. Guya ki, bu mağazalarda İvanovkada istehsal edilən süd, ağartı məhsulları satılır. Halbuki, paytaxtda cəmi 3 qanuni və əsl  “İvanovka” satış mağazası fəaliyyət göstərir.

E.Hüseynov istehlakçıları saxta məhsullarla mübarizədə fəal olmağa çağırdı: 

- Bu işdə əhalinin köməyi  vacibdir. Məsələ belədir ki, qida zəncirində  iştirak edən hər bir subyekt AQTA-da qeydiyyata düşməlidir. Lakin bu iş könüllülük prinsipi əsasında olduğundan subyektlər, müəssisələr, şirkətlər AQTA-da qeydiyyata düşmür. Beləliklə də yoxlamalardan, təftişlərdən kənarda qalırlar. AQTA qida zəncirində iştirak edən subyektləri tam əhatə edə bilmir. Amma əhali fəal olsa, gördükləri nöqsanlar, üzləşdikləri saxtakarlıqlar barədə AQTA-nın “Qaynar Xətt”inə məlumat versələr, Agentlik daxil olmuş şikayət əsasında yoxlamalar aparar. AQTA-nın “Qaynar Xətt”inin nömrəsi 1003-dür. İstehlakçılar həmçinin 441.28.33 nömrəsinə də zəng edə bilər. AQTA-nın fəaliyyətini gücləndirmək lazımdır. Bu işdə əhali də fəal olmalıdır.