Xəbərdarlıqlar mənasızdır: 44 dərəcənin altında fəhlələr işlədilir

Anomal istilərdir. Milli Hidrometeorologiya Xidməti bir neçə gündür ki, ölkə ərazisində hökm sürən anomal isti hava şəraiti ilə bağlı xəbərdarlıq edir. İsti hava şəraitinin yaxın günlərdə də davam edəcəyi, temperaturun bəzi yerlərdə 44 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır. Xəbərdarlıqlarda əhaliyə açıq havada, günəş şüalarının birbaşa təsiri altında qalmamaq, zərurət olmadıqca günorta saatlarında evdən çıxmamaq, yüngül libaslar geyinmək, bol su, maye qəbul etməyə qədər bütün tövsiyələr edilir. O cümlədən açıq havada aparılan işlərdə də isti hava şəraitinin nəzərə alınması məsləhət görülür. Məsləhətlər öz yerində. Vətəndaşın əmək hüququ ölkə Konstitusiyası ilə qorunur. Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi, Fövqəladə Hallar Nazirliyi də anomal istilərlə əlaqədar əhaliyə müraciət edib. FHN-in müraciətində bildirilir ki, isti hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq tövsiyə olunur. İşəgötürənlər havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı da bildirib ki, qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

"Məcəlləyə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin taarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, taarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir".
Göründüyü kimi qanunlar vətəndaşın tərəfindədir. Amma bu hüquqdan istifadə edilirmi? 

Mövzu ilə bağlı “Şərq”ə danışan sosioloq Elçin Bayramlı rəsmi açıqlamaların formal xarakter daşıdığını dedi: 

- Xəbərdarlıq edilsə də, rəsmi açıqlamalar verilsə də, onlara zərrə qədər də əməl olunmur. Yüksək hərarət altında, açıq şəraitdə işləyən fəhlələr bu gün də iş başındadır. Baxmayaraq ki, xüsusən asfalt örtüyünün yenilənməsi, yol çəkilişləri zamanı fəhlələr ən yüksək temperaturda çalışırlar. Çünki asfalt örtüyü mövcud temperaturu bir qədər də yüksəldir. Eləcə də tikintilərdə fəhlələr birbaşa günəş şüası altında işləyir. İşəgötürən, sahibkar onlara hansı şəraiti yaradır? Heç bir. Öz pullarına sərin su alır, nahar edirlər. Gün də başlarına döyür. Əvvəllər Əmək Məcəlləsində 40 dərəcədən artıq temperaturda işləmək qadağan idi, sonra dəyişiklik edib temperaturu  41-42 dərəcəyə  “yüksəltdilər”. Halbuki, beynəlxalq standartlara görə havanın temperaturunun kölgədə ölçüldüyü məlumdur. Kölgədə havanın temperaturu 39-40 dərəcədirsə, deməli, açıq havada 41-42, hətta 43 dərəcə də ola bilər. Milli Hidrometeorologiya Xidməti özü etiraf edir ki, temperatur bəzi yerlədə 44 dərəcəyə çatacaq. Amma nə görürük? Fəhlələr yenə işlədilir, qızmar günəş altında çalışdırılır. Bunun başlıca səbəbi budur ki, fəhlə öz hüququnu bilmir və bilmədiyi üçün də tələb etmir. İkincisi, işçilər arasında birlik, həmrəylik yoxdur. Biri etiraz edəndə digərləri onun səsinə səs vermək, dəstəkləmək əvəzinə, “qoy bir tikə çörəyimizi qazanaq” deyib mütilik nümayiş etdirirlər. İşəgötürən də bundan faydalanır. İşçini şantaj edir ki, xoşun gəlmir, çıx işdən. Sənin yerinə işləmək istəyən o qədər insan var ki! Amma işçilər arasında birlik olsa, işəgötürən belə davrana bilməz. Bütün işçilər etiraz etsələr, işəgötürən yalvarar ki, gəl, işlə.

Etirazlardan çəkinər, çünki 1 nəfərin yerinə işçi tapa bilər, amma 100 nəfərin yerinə yox. Çünki artıq bu, ümumi etiraz, ümumi tətil olacaq. Baxın, Avropada, elə qardaş Türkiyədə də işçilərin etirazı böyük fabriklərin, müəssisələrin bağlanmasına səbəb olur. Bir də görürsən 5 min işçi tətil edir.

Etirazlar kütləvi olanda işəgötürən də, müəssisə rəhbəri də çəkinir və işçilərin tələblərini yerinə yetirməli olur. Amma bizdə biri danışanda ağzını bağlayırlar ki, qoy çörəyimizi qazanaq. Sabah o adamı gün vursa, ya bir xəsarət alsa, başqaları da ona kömək edə bilməyəcək. Müəssisə də yardım göstərməyəcək. Çünki işçilərin həmrəy olmadığını bilirlər.

İşçilər cəsarətli olmalıdır. Hüquqlarını bilməlidir. Və tələb etməlidir. Ən böyük problemlərdən biri də həmkarlar ittifaqlarının fəaliyyət göstərməməsidir. Kapitalist dediyimiz Avropa ölkələrində işçilərin ən böyük üstünlüyü həmkarlar təşkilatlarına malik olmalarıdır.

Çox zaman insanlarda belə təsəvvür formalaşır ki, guya, kapitalizmdə işçinin heç bir hüququ yoxdur, bu, tamamilə səhv yanaşmadır. Kapitalizmin üstün cəhətlərindən biri məhz həmkarlar təşkilatı strukturunun mövcud olmasıdır. Bizdə “həmkarlar” deyilən bir struktur da formaldır. Fəhlənin, işçinin hüquqlarının qorunmasında heç bir fəaliyyəti yoxdur.

İşçinin hüquqlarının müdafiəsi üçün hüquqi maariflənmə, sosial və ictimai birlik olmalıdır.