Pandemiyada dəniz avantajdır

Ancaq illərdir Xəzərə kasıb insanların yolu bağlanıb

Sahil boyu ərazilər imkanlı şəxslər, məmurlar tərəfindən zəbt edilib


Hava yollarının qapalı olması nə qədər başadüşüləndirsə, dəniz yolunun bağlanması bir o qədər anlaşılmazdır. İllərdir Xəzər dənizinə insanların yolu bağlanıb. Dəniz sahili istila edilib, ona görə. Yayın qızmarında çimərliklərdə istirahət etmək istəyənlərin  qarşısı gah daş hasarlarla, gah şlaqbaumla, gah da baha qiymətlərlə kəsilir. Xəzər sahili boyunca ələ keçirilərək özəlləşdirilmiş ərazilərdə tikilmiş istirahət mərkəzlərində qiymət bahalığı səbəbindən sıravi vətəndaşların istirahət etməsi mümkünsüzdür. Çarə qalır “Şıx”, “Sahil”, Qaradağ istiqamətindəki “el çimərlikləri”nə, oralarda isə dəniz suyu o qədər çirkli, natəmizdir ki, immunitet qazanmaq yox, əksinə, xəstələnmək ehtimalı daha böyükdür. Dənizi insanların üzünə açmaq problemi niyə illərdir həllini tapmır? 

Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında qeyd edib ki, dəniz sahilinin qapadılması yaralı yerimizdir: 

- Bu problem uzun illərdir həll edilmir. Hər il, xüsusən də yay mövsümündə bu haqda danışılır, deyilir, etiraz edilir, həmçinin təkliflər də səsləndirilir, amma yenə də problem həll olunmur. Problemin əsası o zaman qoyuldu ki, sahil zolağı ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirildi və zəbt edildi. Villalar tikildi, istirahət mərkəzləri, restoranlar, otellər, qonaq evləri inşa olundu. Biz bunları deyəndə, bəzən səhv anlaşılır. Guya ki, kimsə ölkədə turizmin inkişafına qarşıdır. Xeyr, belə deyil. Hansı ölkə ərazisində dəniz varsa, ondan maksimum istifadə etməyə, yararlanmağa çalışırlar. Bu, təbiidir. Turizm potensialının artması üçün bu lazımdır. Biz də istəyirik turizm potensialımız artsın, dövlətimiz bundan gəlir əldə etsin. Mehmanxana da lazımdır, otellər də. İstirahət mərkəzləri də. Amma gərək bütün bunlar əhalinin istirahətinin pozulması, istirahət hüququnun tapdanması hesabına edilməsin. Bizdə məhz belədir. Sahil boyu ərazilər imkanlı şəxslər, məmurlar, “sözü, hökmü keçən”lər tərəfindən zəbt edildi. Bu dəfələrlə deyilib ki, Qaradağ yoluyla Bakının taki girişinədək magistral yolla hərəkət etdikcə, bütün sahil boyunun necə hasarlandığı görünür. Dəniz faktiki görünmür. Hasarın o tərəfində dəniz var, yoxdu, bilinmir. Bu insanlara dəniz sahilini bu şəkildə zəbt etməyə kimlər icazə veribsə, onlar məhkəmə qarşısında dayanmalıdır. Onlara niyə, necə ixtiyar verilib ki, sahili bu şəkildə hasarlasınlar? Hamısı şəxsi evlər, şəxsi obyektlərdir. Dəniz sahilində tikinti aparmaqla bağlı normalar müəyyənləşmişdi. Tikinti sahildən neçə metr aralıda aparıla bilər. Normalara əməl edilmədi, “5 metr əvəzinə 15 metr irəlilədilər”. Nəticədə dəniz sahili zəbt olundu. İndi istirahət mərkəzləri şlaqbaum qoyub, “Axırıncı aşırım” filmində deyirlər, “bir nəfəri də o tərəfə buraxmırlar”. Deyir, buralar mənimdi, içəri keçmək istəyirsən, pulunu ödə, keç. Yenə də yanlış anlaşılmasın. Sahibkarlıq subyektlərinin öz hüquqları var, eyni zamanda vətəndaşın da istirahət hüququ var. İki istirahət mərkəzi varsa, insanların rahat gedib-gələ biləcəyi açıq sahil zolağı, çimərliklər də olmalıdır. Son zamanlar müsbət irəliləyiş budur ki, sosial çimərliklər yaradılır. Mən görmüşəm, Sumqayıt, Novxanı, Corat istiqamətində belə çimərliklər var. Şükür ki, oralar hələ hasara alınmayıb. Əhali istirahət edə bilir. Şəxsi avtomobili ilə gələnlər “parkovka” üçün 1 manat ödəyir, çimərlik ərazisinə keçir. Bunu da mən medianın xidməti hesab edirəm. Mediada bu barədə yazılandan, tənqid ediləndən sonra nisbətən yumşalmalar olub. Amma Bakıda yaşayan birisinin Sumqayıt, Corat çimərliyinə gedəcəyi də inandırıcı deyil. İctimai nəqliyyatla hərəkət etmək dəhşətdi. Şəxsi avtomobili olan üçün də çətin olacaq. Saatlarla tıxacda qalacaq, günün yalnız 1-2 saatını çimərlikdə istirahətə sərf edə biləcək. Bakı əhalisi üçün nisbətən yaxın məsafədə, əlçatan çimərliklər təşkil edilməlidir. Bakı əhalisinin Sumqayıt, Corat çimərliyinə gedişi o zaman asa olar ki, bu ərazilərə elektrik qatarları işləsin. Ümumiyyətlə, bizdə dəniz nəqliyyatı sıfırdır. Düşünürsən ki, axı niyə Lənkərandan, ümumilikdə cənub regionundan dəniz nəqliyyatı vasitəsilə gediş-gəliş yoxdur? Məsələn, Nabrandan Bakıya qədər sahil boyu sosial çimərliklər yaratmaq mümkündür. Elektrik qatarı, yaxud da katerlər vasitəsilə insanlar rahat hərəkət edə bilər. Vətəndaş Bakı Xəzər sahilində katerə minib Nabrana, Qubaya səfər edə bilər. Bu olar həm dəniz gəzintisi, həm də dənzi istirahəti. Dənizin olması bizim üçün avantaj olmalıdır, amma deyil. Çünki dəniz nəqliyyatı yoxdur. Xəzər sahili boyunca H.Z.Tağıyev qəsəbəsindən sonra Yaşma qəsəbəsi gəlir. Orda boş, məskunlaşmamış ərazilər var. Orda məskunlaşma aparıb, sosial çimərliklər yaratmaq olar. Əsas problem nəqliyyatdır. Sahil boyu elektrik qatarları hərəkət etsə, insanlar üçün gediş-gəliş asanlaşar. Sahil boyu ərazilər zəbt edildiyindən sosial çimərliklərə böyük ehtiyac var. Əhalinin böyük hissəsi üçün belə çimərliklər lazımdır. Belə çimərliklər yaransa xalqla dövlət arasında bağlılıq da artar. Yenə də Bakı əhalisi üçün mərkəzə yaxın ərazilərdə sosial çimərliklər olmalıdır. İstirahət mərkəzləri tikilən ərazilər icarəyə verilmiş torpaqlardır. Vaxtilə icarəyə verilib, indi dövlət vətəndaş ehtiyacı üçün o əraziləri geri də ala bilər. Uzun illərdir, torpaqdan istifadə edib gəlir əldə ediblər. Bundan sonra qoy vətəndaşlar istifadə etsin, o ərazilərdən. Nəticə etibarilə torpaq hamınındır, dəniz də hamınındır. 
Dəniz avantajdır, deyirik. Həm də sağlamlıq baxımından. Koronavirus pandemiyasının bitmədiyi, virusun yeni-yeni ştammlarının meydana çıxdığı bir vaxtda insanların immun sisteminin güclənməsi vacibdir. Yay mövsümü immun sistemin gücləndirilməsi üçün əlverişli zamandır. Günəşi, dənizi, qumlu sahili (qalıbsa əgər M.R.) olan ölkə üçün bunlar əlbəttə ki, əlavə imkanlar açır. Mövsümdən maksimum yararlanmaq üçün təbii imkanlar olduğu halda, insan amili – subyektiv amillər bu imkanları əlçatmaz edib. 

“Şərq”ə açıqlamasında Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov qeyd edib ki, pandemiya dövründə pasiyentlərə məsləhətləri immun sistemi bacardıqca gücləndirməkdən ibarət olub: 

- Məlum həqiqətdir ki, immun sistemi güclü olanların virusa yoluxmaq ehtimalı da aşağıdır, yoluxduqda isə xəstəliyi yüngül keçirmək, tez sağalmaq ehtimalı isə böyükdür. Ona görə də biz həkimlər əhaliyə daim bunu məsləhət görürük ki, immun sistemin gücləndirilməsinə çalışsınlar, faydalı qidalar qəbul etsinlər. Yayda isə insana vacib olan günəş şüası, dəniz havası, duzlu su, isti qumdur. Dəniz havasının tərkibində yod elementi var. Bu da immun sistemi gücləndirən elementdir. Ümumiyyətlə, dəniz suyunun tərkibində 72 kimyəvi elementin olduğu deyilir. Yəni dəniz suyunda hansısa az, hansısa çox miqdarda, dünyadakı kimyəvi elementlərin az qala hamısı var. Xlor, natrium, sulfat, maqnezium, kalium, kalsium daha çoxdur. Amma məsələn, Xəzər dənizində, (əslində dəniz deyil, böyük, axarsız göl olduğu üçün) duzun səviyyəsi digər dünya dənizlərinə nisbətən azdır. Günəş şüası orqanizm üçün vacib olan D vitamini mənbəyidir. Pandemiya dövründə vitamin D çatışmazlığı olanların daha tez yoluxduğunu görürdük, koronavirus testinin cavabları pozitiv çıxmış vətəndaşlara təyin edilən müalicə preparatları arasında vitamin D-yə də xüsusi yer verilirdi. O cümlədən digər vitaminlər də, vitamin komplekslər təyin edilirdi. Əlbəttə ki, yay mövsümünün imkanlarından maksimum bəhrələnmək lazımdır. İstər dəniz havası, çimərliklər olsun, istərsə də təzə meyvə-tərəvəz. Bu imkan əhaliyə yaradılmalıdır. Lakin əhali çimərliklərdən düzgün istifadəni də bilməlidir. Günün qızmar saatında – 12:00-18:00 arası günəş şüalarının birbaşa təsiri altında qalmaq olmaz. Xüsusən körpələr, azyaşlılar, yaşlı insanlar üçün bu, ziyandır.