“Küçədən tapılan körpələrin övladlığa verilməsi asanlaşsın”

“Çünki həmin körpələrin uşaqlar evində böyüməsindənsə, məsuliyyətli bir ailədə yaşaması daha yaxşıdır”

“Qanunlarımız yaxşıdır, ancaq işlənmə mexanizmi zəifdir. Bu da məmurların ləngliyindən və mexanizmin düzgün qurulmamasından irəli gəlir”

“Təbii ki, hər dünyaya uşaq gətirən qadın ana deyil”


Gəncədə dörd aylıq körpə küçəyə atılıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi. 

Hadisəni “Sherg.az”a dəyərləndirən sosioloq Lalə Mehralı vurğulayıb ki, böyük ehtimalla körpə nigahdan kənar dünyaya gəlib:

“Çünki bəzi qadınlar ailəsindən gizlin və yaxud da qeyri-rəsmi münasibətdə olduğu kişidən uşaq dünyaya gətirir. Çıxış yolunu isə körpəni küçəyə atmaqda görürlər. Ola bilsin ki, qadın hamiləliyi rəsmi nigah üçün vasitə hesab edib və körpəni dünyaya gətirib. Rəsmi nigaha nail ola bilməyəndə isə körpəni uşaq evinə vermək əvəzinə küçəyə atırlar. Nə üçün körpələr evinə getmirlər? Çünki kimliklərinin aşkar olunmasından qorxurlar”.

L.Mehralının sözlərinə görə, ana ola bilməyən minlərlə qadın var ki, belə xəbərləri görəndə çox pis olur:

“Məncə küçədən tapılan körpələrin övladlığa verilməsi məsələsini də asanlaşdırmaq lazımdır. Çünki həmin körpələrin uşaqlar evində böyüməsindənsə, məsuliyyətli bir ailədə yaşaması daha yaxşıdır. Qanunlarımız yaxşıdır, ancaq işlənmə mexanizmi zəifdir. Bu da məmurların ləngliyindən və mexanizmin düzgün qurulmamasından irəli gəlir. Təbii ki, hər dünyaya uşaq gətirən qadın ana deyil. Nə qədər mübarizə aparsaq da, bu kimi hallar yenə olacaq. Çalışmalıyıq ki, belə qadınların sayı heç olmasa azalsın”.