“Yüksəliş” - Azərbaycanın böyük gələcəyinə töhfə verəcək insanlar yetişdiririk


“Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Orxan Yusibov ADY-nin Baş maliyyə inzibatçısı (CFO) təyin edilib”, - başlıqlı xəbər çoxlarımızın qarşısına çıxıb. Belə görünür ki, bundan sonra xəbər portallarında gəzərkən qarşımıza bu qəbildən olan başlıqlar tez-tez çıxacaq.  

Bəs, kimdir o qaliblər? Suala cavab axtararkən hər uğurlu kadrın arxasından əmək, zəhmət, alın təri çıxır. Oxuyaraq qazanan, böyük uğurlara nail olmaq üçün gecəsini gündüzünə qatan, iddialı, özünəinanan, məqsədyönlü şəxslər görürük qarşımızda.

“Yüksəliş” yolunun qalibləri

Bu il iyulun 15-də “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin adlarını açıqladığı, Orxan Yusibovun da adının daxil edildiyi siyahı var. Onlar müsabiqəyə müraciət edən 11 760 nəfər arasından idarəçilik səriştə və bacarıqlarına görə seçiliblər. Müsabiqənin finalında iştirak edən 112 çox güclü namizəd arasında fərqlənən və qalib adını qazanan həmin 27 şəxs, perspektivli, ağıllı və bacarıqlı kadrı tanıyaq: Orxan Quliyev, Ziya Mürsəlzadə, Fərrux Əliyev, Leyla Xəlilova Rzazadə, Kamil Alıyev, Cavid Hümbətov, Xamis Seyranov, Elşən Soltanov, Nazim Novruzov, Samir Kərimov, Fəxri Hüseynov, Elçin Mirzəzadə, Ruslan Mirzəliyev, Orxan Zakirov, Cəfər Cəfərov, Məhəmməd Məmmədov, Ləman Qafarzadə, Turxan Süleyman, Ramtiq Alızadə, Vüqar Mirzəzadə, Tural Feyzullayev, Semral Əliyev, Səməddin Abbasov, Orxan Qazi zadə, Ülkər Məlikova, Güldanə Hidayətli.

“YÜKSƏLİŞ” - müsabiqəni belə keçirərlər

Hər seçilənin hekayəsi həm də bir həqiqətdən danışır: Onların adı uğurlu bir seçim prosesinin nəticəsində ortaya çıxıb. Üstəlik, həmin prosesin ədalətliliyi, şəffaflığı ilə bağlı hər biri çox böyük bir faktdır.

Seçim prosesinə gəlincə, “Yüksəliş” istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunan müsabiqə ölkəmizdə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsi hesab edilir. Müasir və dünyəvi idarəçilik modelini əhatə edir. 21-51 yaş aralığında, azı 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli ölkə vətəndaşları arasında keçirilir.

Hazırda ölkəmizdə ən nüfuzlu müsabiqə olduğunu demək üçün isə fakt axtarmağa ehtiyac yoxdur. İlk dəfə keçirilən müsabiqənin minlərlə iştirakçısı vardı. Təkcə bu rəqəmlər həm müsabiqənin miqyası, həm də nüfuzu ilə bağlı kifayət qədər geniş rəy formalaşdırır. Beləliklə, qeydiyyatdan keçən 11 min 760 nəfər iddialıdan 9 min 775 nəfəri müsabiqəyə qəbul edilib. Ancaq müsabiqənin onlayn mərhələsinin nəticəsində onların böyük qismi ələnmişdi.

Müsabiqə, həmçinin məzmun baxımından zəngin sayılır. Bir neçə beynəlxalq təcrübəyə əsaslanması və beynəlxalq standartlara cavab verməsi bunu deməyə imkan verir. Əgər müsabiqənin onlayn mərhələsində iştirakçıların ümumi dünyagörüşü, məntiq və düşüncə sürəti yoxlanılırdısa, artıq əyani mərhələlərdə onlar bilavasitə idarəçiliklə bağlı nəzəri bilikləri nümayiş etdirməli idi. Nəticədə əyani mərhələnin birinci imtahanı olan “Qabiliyyət üzrə yoxlama imtahanı”nda cəmi 940 nəfər iştirak edirdi. Birinci imtahanda uğur qazanan 728 namizəd “İdarəetmə bacarıqları üzrə imtahan”da iştirak hüququ əldə edib. Son imtahanda ən yüksək nəticə göstərən 309 iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinala keçib.

Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə baş tutan bu cür müsabiqəyə hazırlığı təmin etmək üçün hər mərhələdən əvvəl iştirakçılar mərhələ və ya sual nümunələri ilə tanış olurdu. Bu da öz növbəsində iştirakçıların onlara yad olan mühitdə daha yaxşı nəticə göstərmələri üçün şərait yaradırdı.

100 yox, 112 finalçı

Yarımfinal iyun ayında olub. Yarımfinal və final öncəsində ekspertlər xarici mütəxəssislərin iştirakı ilə üç günlük təlimlərə qatılıblar. Qeyd edək ki, həmin təlimlərdə yarımfinal və finalda namizədləri qiymətləndirəcək ekspertlərin kalibrlənməsi istiqamətində məlumat verilib. Təlimlərdə ekspertlərə müəyyən davranış modeli əsasında vahid qiymətin verilməsi istiqamətində hazırlıq həyata keçirilib. Bu da öz növbəsində qiymətləndirmənin subyektivliyinin minimuma endirilməsi deməkdir.

Bəs ekpertlər kimlərdir?

Müsabiqənin yarımfinal və final mərhələsində namizədləri qiymətləndirmək üçün müsabiqənin işçi heyəti aylar əvvəl insan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislərlə işə başlayıb. Qiymətləndirici şəxslərin seçimi elə qaliblərin seçimi qədər səy və diqqət tələb edirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycanda ilk dəfə “Yüksəliş” müsabiqəsi insan resursları mütəxəssislərindən ibarət baza yaradıb.

O ki qaldı nəticəyə, müsabiqə şərtlərinə görə, finala 100 nəfər çıxmalı idi. Amma yarımfinalda 21 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsinin qərarı ilə finalçıların sayı 112 olub. Bu da müsabiqə qaliblərinin sayına təsir edib. İyulun 10-11-də müsabiqənin final mərhələsi keçirilib və 9 nəfər finalçı eyni nəticəni əldə etdiyi üçün 20 deyil, 27 qalibin adı açıqlanıb. Adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, qaliblərin hər biri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edib.

Bununla ilk müsabiqə yekunlaşıb və qaliblərin gələcək fəaliyyəti üçün yeni mərhələyə start verilib. Bu yeni mərhələdə onlar özünü inkişaf etdirəcək və tezliklə öz ölkəsinin tərəqqisində pay sahibinə çevriləcəklər.

"Yüksəliş” müsabiqəsi ölkənin müxtəlif qurumlarını və rəhbərlərini bir araya gətirmək və əlaqələri daha da möhkəmləndirmək baxımından uğurlu layihə hesab edilə bilər. İstər müsabiqənin mentorları sayılan İdarəçi rəhbərlərin rəhbərlik etdiyi qurumlar, istərsə də digər təşkilatların müsabiqəyə böyük marağı bunu deməyə əsas verir.

Şəffaf mühit, ədalətli nəticə - bu təcrübənin dövlət qurumlarında kadr idarəetməsində də tətbiqinə ümid edənlərin sayı artır.

“Yüksəliş” müsabiqəsinin ilk gündən nüfuz qazanması və minlərlə iştirakçı ilə baş tutması ilk növbədə şəffaf seçim mühiti ilə əlaqələndirilir. Müsabiqədə iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin müsabiqəni izləmək imkanına malik olması nəticənin obyektivliyinə inamı gücləndirib. Belə ki, hər mərhələ ilə bağlı məlumatlar ictimaiyyətlə paylaşılıb. Prosesdə təşkilatçılar fəal iştirak ediblər. Kiçik xəbərlər və elanların verilməsi ilə kifayətlənməyərək müsabiqənin ilk mərhələsindən təbliğat prosesinə qoşulublar. Obyektivlik, şəffaflıq, bərabər imkanlar və maraqların toqquşmasının yolverilməzliyi prinsipləri əsasında keçirilən müsabiqə məhz səylərin və imkanların birləşdirilməsi, qurumların əlaqəli işi, hər mərhələyə xüsusi hazırlıq məqsədi və iştirakçıların bir-birini yaxından tanıması üçün qrupların təşkili, təlimlərin keçirilməsi sayəsində uğurla başa çatıb.

Müsabiqənin uğurla yekunlaşması ictimaiyyət arasında da bu təcrübənin davam etdirilməsi, hətta genişləndirilərək dövlət qurumlarına kadr seçilməsi prosesində də tətbiq edilməsi fikrini möhkəmləndirib.

Yeni nəsil idarəçilər yetişir

Azərbaycanda həyata keçirilən hər layihə, hər proqramın əsasında insan amili durur. Ölkə prezidentinin illərdir milli şüara çevrilən “Biz neft kapitalını insan kapitalına çevirməliyik” ifadəsi atılan hər addımın təməl prinsipini təşkil edir. Prezident İlham Əliyevin çıxışlarında da vurğuladığı kimi, Azərbaycanın bütün imkanları - iqtisadi gücü, təbii sərvətlərdən gələn gəliri məhz ölkə insanının inkişafına yönəldilib. Xaricdə təhsil, müxtəlif istiqamətləri əhatə edən təlimlər ölkədə peşəkarlardan ibarət böyük bir nəslin yetişməsinə səbəb olub. Artıq o nəslin arasından yaxşı idarəçiləri seçməyin vaxtıdır.

Vaxtıdır, çünki bu, çoxdan hiss edilən çox böyük ehtiyacdır. Elə bir ehtiyac ki, son illərdə başlayan və hazırda da davam edən böyük islahatların, ciddi kadr dəyişiklikləri ilə müşahidə edilən prosesin fonunda daha çox hiss edilir. Müasir idarəçilərə olan tələbat çox qabarıq şəkildə özünü büruzə verir. “Yüksəliş” müsabiqəsinin elan olunması ilə cəmiyyətdə uğurlu kadr islahatlarının davam edəcəyinə və müsabiqə ilə məhz bunun üçün zəmin hazırlandığına dair fikir möhkəmlənir. Belə düşünməyimiz üçün əsas da var: axı kadr dəyişikliyinin nəticələrinin uğurlu olması təyin olunan müasir idarəçilərdən asılıdır.

Müasir idarəçiləri isə “Yüksəliş” müsabiqəsi seçir və onların inkişafı üçün şərait yaradır. Müsabiqə üçün irəli sürülən şərtlər, seçim prosesi insan kapitalının inkişafı və kadr potensialının düzgün dəyərləndirilməsinə yönəlib. Müsabiqə qalibləri ən yaxşı idarəçi rəhbərlər sırasına qoşulmaq imkanı əldə edir, bu yolla hər biri özünün fərdi inkişafına nail olur. Geriyə sadəcə bir vəzifə qalır: qaliblərin onların inkişafı üçün yaradılan imkanlardan bəhrələnmələri və öz növbəsində hər birinin bacarıqlı idarəçi olaraq ölkəmizin yüksəlişinə töhfə vermələri.

“Yüksəliş” müsabiqəsinə və onun süzgəcindən keçərək ölkəmizin kadr ehtiyatı bazasına daxil ediləcək kadrlara olan ümid Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Yüksəliş” müsabiqəsinin qaliblərinə ünvanladığı təbrikindən daha aydın görünür:

“Yüksəliş” müsabiqəsi zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Əminəm ki, dövlətimizin daimi diqqət və qayğısı ilə siz tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz”.

“Yüksəliş”in rezonansı

Bu inam, sadəcə müsabiqənin təşkilat  komitəsi üzvlərində, rəsmi şəxslərdə deyil, bütün cəmiyyətdə hakim mövqe tutur. Odur ki, “Yüksəliş”in qalibləri həm çalışdıqları müəssisələrdə, həm də cəmiyyətdə böyük maraqla qarşılanıblar. Müsabiqənin nəticələri elan olunduqdan sonra ayrı-ayrı müəssisə və şirkətlər öz qalib işçilərini cəmiyyətə təqdim edib. Məsələn, 27 “Yüksəliş” qalibindən 2 nəfəri UNEC-in müəllimi, 7-si isə məzunudur. SOCAR da həmçinin “Yüksəliş” qalibləri olan şirkət əməkdaşlarının, Neft Məktəbinin məzunları olduğunu qürurla açıqlayıb.

Kadr ehtiyatı bankının ilk “əmanət”ləri

Sirr deyil ki, insanların ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında iştirak etməsi dövlətin əhəmiyyət verdiyi sahədir. Çünki bütün istiqamətlərdə dövlətin uğuru insanların iştirakından və nailiyyətlərindən asılıdır. Ölkəmizdə məhz bu istiqamətdə kadr ehtiyatından danışarkən artıq iki ildir ki, ilk ağlagələn məhz “Yüksəliş” müsabiqəsidir. Kadr ehtiyatı bankının yaradılması üçün “Yüksəliş” ən əlverişli müsabiqə olduğunu göstərdi. Müsabiqənin bir neçə mərhələli süzgəcindən uğurla keçib yaxşı idarəçi ola biləcəklərini göstərənləri isə ölkəmizin kadr ehtiyatı bankının ilk “əmanət”i saya bilərik”.

Uzun sözün qısası, “Yüksəliş” müsabiqəsindən keçib yüksələnlərlə yüksələcək ölkəmiz də. Onlar nəinki Qarabağı yenidən quracaq, Azərbaycanın böyük inkişafına da töhfə verəcək, sağlam bünövrə üzərində güclü və ağıllı iqtisadiyyatın, sosial lift sisteminin və dinamik idarəetmənin ayrılmaz parçasına çevriləcəklər.