Sənin atan qəhrəmandır, İGİD BALASI! 

“Təşəbbüsün bir nümunə olması, vətən və millət sevgisinin böyüklüyü çox vacibdir”


Ölkəmizdə Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin dəstəyi, “Fire Land Production”ın təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsinə başlanıb. Layihənin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Layihənin rəhbəri Cəlal Qurbanov bildirib ki, şəhidimiz Xudayar Yusifzadənin ifası da özü kimi dastana döndü. Bu Vətən yaşadıqca bu ifa yaşayacaq, xalqımızın dilindən düşməyəcək:

“Hər dəfə bu ifanı eşitdikcə insanın qəlbi riqqətə gəlir, sanki qəhrəmanlarımızın qazandığı zəfəri bir daha yaşayırıq. Vətən uğrunda canından, qanından keçən qəhrəmanlarımız heç vaxt unudulmur və unudulmayacaq! Çox istərdim ki, yeni doğulan körpələrə dastana dönən igidlərimizin adı verilsin, körpələrimiz Mübariz, Polad, Muxtar, Xudayar, Cəbrayıl, Turqut, Ruhid, Şəhriyar, Sübhan, Sinan, Səlimxan, Ziyadxan, Əli, İbrahim, Məhəmməd və digər qəhrəmanlarımızın adını daşısınlar! Qoy bu balalar adlarını daşıdıqları qəhrəmanlar kimi igid, mərd böyüsünlər”. 



Layihənin şəhid övladlarının səmərəli istirahətini təmin etmək baxımından gözəl təşəbbüs olduğunu deyən "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Sherg.az”a açıqlamasında bu işi ərsəyə gətirənləri təbrik edib:

“Məncə layihə yalnız şəhid balalarına şamil edilməməlidir. Müharibədə qazi olan və savaşan digər igidlərimizin də övladlarını unutmaq olmaz. Əlbəttə, təşəbbüsün bir nümunə olması, vətən və millət sevgisinin böyüklüyü çox vacibdir.

Adıçəkilən layihə torpaqlarımız uğrunda həlak olanların ailələrinə dəyər verilməsi və şəhid balalarının bu dəyəri hər zaman öz xatirələrində yaşatması baxımından gözəl örnəkdir.

Bu təşəbbüsü sonuna qədər alqışlayıram”.