Paşinyanın yumşaq ritorikası həm də cəmiyyətin sosial sifarişidir

Keçirilən sonuncu rəy sorğuları da erməni xalqının Azərbaycanla sülh istədiyi reallığını üzə çıxarıb 

Siyasi Şərhçi: "Paşinyanın son etirafları həm də ondan xəbər verir ki, tezliklə Azərbaycanın bütün şərtləri yerinə yetiriləcək"


Ermənistan Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycan polisi tərəfindən aparılan yoxlamalara haqq qazandırıb. Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissəsi Azərbaycana məxsusdur. Baş nazir kəndlərin adlarını azərbaycanca deməsinin sadə səbəbləri olduğunu deyib: 

“Mən bunu ona görə etdim ki, Ermənistan vətəndaşlarına bu məsələ aydın olsun. Adıçəkilən kəndlər Ermənistanın və ya sovet Ermənistanının ərazisində deyil. İrəvan hökuməti 2010-cu il inzibati bölgü haqqında qanunla bu faktı de-yure təsdiqləyib.

 Paşinyan avqustun 27-də hökumət iclasında çıxışı zamanı da Azərbaycan toponimlərindən istifadə etmişdi. Baş nazir qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir neçə məqamı var. Onları düzgün başa düşmək çox vacibdir:

 “Gorus-Qafan yolu iki yerdə Ermənistanın hüdudlarından kənara çıxır. Trafaretlər və məntəqələr həmin bölgələrdə ortaya çıxıb. Üçtərəfli razılaşmanın mətnində xaricdən gələn malların keçidi ilə bağlı bənd yoxdur. Buna görə Azərbaycan belə mexanizmdən istifadə edir. Biz bəyan etmişdik ki, 10 noyabr və 11 yanvar tarixli sazişlərdə Ermənistan üzərindən dəhlizin təmin edilməsi haqqında bənd yoxdur. Çox güman, Azərbaycan həmin bəyanatlara cavab verir”. Ekspertlərin fikrincə, Paşinyanın sentyabrın 15-də ölkə parlamentində çıxışı zamanı səsləndirdiyi tezislər növbəti təslimçi ruhun bəyanıdır. Erməni baş nazirin etirafları sülh müqaviləsinin bağlanması üçün ilkin şərtlərin formalaşdırılması kimi dəyərləndirilə bilər. Çünki yekun sülh müqaviləsi ərazi bütövlüyünü qarşılıqlı tanınması ilə mümkündür. Proses ona doğru gedir. Ona da diqqət çəkmək lazımdır ki, Paşinyanın məlum bəyanatları Azərbaycan-Türkiyə hərbi təlimlərinin intensivləşdiyi dövrə təsadüf edir. Hökumət başçısının açıqlamasından bir daha aydın olur ki, İrəvandan ara-sıra səslənən revanşist ritorikanın arxasında isə məğlubiyyət sindromu dayanır. Ermənistan yeni müharibə üçün hərbi gücə, mənəvi resursa malik olmadığının fərqindədir. Paşinyanın öz ritorikasını yumşaltmasının mühüm səblərindən biri də, Ermənistan ətrafında mühasirənin daralması, Azərbaycanın sərhəddə yeni mövqelər qurması və strateji nöqtələrdə möhkəmlənməsidir. 

Siyasi şərhçi Ceyhun Əhmədli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Paşinyanın Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu yenidən etiraf etməsi, hətta fikirlərini əsaslandırmağa çalışması bir çox mətləblərdən xəbər verir. Politoloq vurğulayıb ki, bu cür etiraflar Ermənistan hakimiyyətinin Azərbaycanın yaratmış olduğu yeni reallıqlarla barışmaq niyyətində olduğunu ortaya qoydu:

 “İrəvan hökuməti başqa çarə qalmadığını başa düşür. Dərk edir ki, Azərbaycanın diktə etdiyi şərtlər istisnasız yerinə yetirilməlidir. Baş nazirin yumşaq ritorikası həm də erməni xalqının sosial sifarişidir. Xatırladaq ki, Paşinyan ilk dəfə kənd adları ilə bağlı etirafını səsləndirəndə cəmiyyət bunu olduqca normal qarşılamışdı. Keçirilən sonuncu rəy sorğuları da erməni xalqının Azərbaycanla sülh istədiyi reallığını üzə çıxarıb. Görünür, erməni cəmiyyəti alternativ seçimin olmadığını anlamağa başlayıb. İşğal siyasəti bu ölkənin inkişafını əngəlləyən başlıca səbəbdir. Ermənilər həm də gündən-günə yaşadıqları səfalətin dərinləşdiyini görürlər. Təbii ki, sonuncu seçkilərdə xalqından növbəti dəfə kart-blanş alan Paşinyan xaricdən aldığı təxribat xarakterli təlimatlara rəğmən, öz seçicilərinin düşüncəsinə uyğun addım atmaq məcburiyyətindədir. Əks halda, onu da Serj Sarkisyanın taleyi gözləyə bilər”. 

Analitikin qənaətincə, Paşinyanın son etirafları həm də ondan xəbər verir ki, tezliklə Azərbaycanın bütün şərtləri yerinə yetiriləcək: 

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, Naxçıvan dəhlizi açılacaq və yekun sülh müqaviləsinin imzalanması üçün digər adekvat tədbirlər həyata keçiriləcək. Bu etiraflar bir növ cəmiyyəti və siyasi sistemi psixoloji olaraq yeni vəziyyətə hazırlamaq kimi başa düşülə bilər”.

İsmayıl Qocayev