Ermənistan Azərbaycanı mina tarlasına çevirib -Beynəlxalq təşkilatlar niyə görməzdən gəlirlər? -AÇIQLAMA

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.
Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır.Bütün bunlara baxmayaraq, Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatını hələ də təhdid edir.
Sual meydana  çıxır. Ermənistan mina xəritələrini niyə vermək istəmir? Bununla bağlı beynəlxalq qurumlar hansı səbəbdən tədbirlər görmür? 

Hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a deyib ki, Ermənistanın Azərbaycana dəqiq mina xəritələrini verməməsinə səbəb dövlətimizin azad olunmuş ərazilərinə sakinlərin qayıdışını ləngitmək və mümkün qədər daha çox azərbaycanlının həyat-sağlamlığına təhlükə yaratmaqdan ibarətdir:

''Beynəlxalq təşkilatların bir neçə konfransda iştirakına baxmayaraq, Ermənistanın Azərbaycanı mina tarlasına çevirməsi barədə onların bir dəfə də olsun ciddi bəyanatına rast gəlmədik. Həmin beynəlxalq təşkilatlar Azərbaycana minatəmizləmə işində ciddi dəstək belə göstərmirlər. Görülən işlərə xərclənən vəsaitin çox kiçik hissəsi donor təşkilatlardan minatəmizləmə prossesini dəstəkləmək üçün ayırılıb. Bu da sanki, dənizdəki damla qədərdir. Azərbaycan ərazilərinin işğalına, Bağanıs Ayrım, Xocalı, Quşçular, Malıbəyli kimi soyqrım faktlarına qarşı səsini çıxarmayan beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna dair bəyanat səsləndirəcəyini gözləmirəm. Bu məsələdə bəyanatlar real vəziyyəti dəyişə bilməyəcək. Yəni, Ermənistan 30 illik işğal ərzində BMT qətnamələrini yerinə yetirməyibsə, indi hansısa beynəlxalq təşkilatların ifadələrinə görə Azərbaycana dəqiq mina xəritələrini verməyəcək. Hesab edirəm ki, bu istiqamətdə kompensasiya məbləğini önə sürməliyik. Minatəmizləməyə xərclənən və xərclənəcək pullar, həyatını itirən vətəndaşlara dəyən maddi-mənəvi ziyan hesablanmalıdır. Bir sözlə, bu prosseslərin bir daha təkrarlanmaması üçün kompensasiya məbləğini qabartmaq daha doğru qərar olardı".